COVİD-19: Azərbaycan bəşəriyyətin gələcəyi naminə mübarizə aparır

GÜNDƏM 01 iyn 2021, 20:55
Ümumdünya Səhiyyə Assambleyasının “Pandemiyaya son qoyaraq növbəti pandemiya təhlükəsinin qarşısının alınması: birlikdə daha sağlam, təhlükəsiz və ədalətli dünyanın qurulması” mövzusuna həsr edilmiş 74-cü sessiyası keçirildi. Azərbaycan Prezidenti İlham Əliyev də sessiyada çıxış etdi və pandemiyaya qarşı mübarizə üçün “yol xəritəsi”ni açıqladı.

Prezidentin çıxışında COVİD-19-a qarşı ilk dövrdən etibarən Azərbaycanın apardığı mübarizə, əldə olunan müsbət nəticələr, vaksin siyasəti və dünyadakı ədalətsiz vaksin bölgüsünə dair istiqamətlər var. Bu nitq həm də Azərbaycanın növbəti pandemiya təhlükəsinin qarşısını almaq üçün təklif etdiyi strategiya hesab oluna bilər.

Azərbaycanın qlobal bəlaya qarşı mübarizəyə qarşı təkliflər irəli sürmək təcrübəsi mövcuddur. Çünki pandemiyaya qarşı mübarizədə ölkəmiz doğru strategiya tətbiq etdi və təsadüfi deyil ki, ÜST rəhbərliyi Azərbaycanı bu məsələdə örnək göstərir.

Qlobal bəla Çində peyda olanda Azərbaycan mümkün təhlükələrə qarşı önləyici addımlar hazırladı. Nazirlər Kabineti yanında Operativ Qərargahın yaradılması və dövlət orqanlarının fəaliyyəti koordinasiya edilməsi ilk addımlardan idi. Ardınca “karantin strategiyası”nı tətbiq etdi və təcrübə təsdiqlədi ki, bu, bütün dünyada pandemiyaya qarşı ən effektiv mübarizə metodudur.

Karantin strategiyası ilə yoluxma statistikasını nəzarətdə saxlayan Azərbaycan səhiyyə sistemində təxirsalmaq tədbirlər həyata keçirdi. Ölkəyə süni tənəffüs aparatı gətirildi,  virusa yoluxanların müalicəsi məqsədilə mövcud xəstəxanalarda yerlər ayrıldı, ardınca, müasir texnologiyalara cavab verən klinika və 200 çarpayılıq modul tipli xəstəxanalar istifadəyə verildi. Test sayının artırılması və xəstələrin vaxtında müəyyənləşdirilərək, müalicəyə cəlb edilməsi ən mühüm addımlardan biri idi. Tibbi maska tələbatının yerli istehsal hesabına ödənməsi addımı da xüsusilə vurğulanmalıdır.

Lakin pandemiyaya qarşı mübarizənin təkcə tibb sahəsində atılan addımlarla yekunlaşmasının mənfi nəticələri digər ölkələrin təcrübəsində ortaya çıxdı. Çünki yoluxmanın qarşısını almaq üçün tətbiq edilən karantin rejimi əksər ölkədə insanların işini itirməsinə, sosial problemlərlə üzləşməsinə səbəb oldu.

Azərbaycanın bu məsələdə də örnək ölkələrdən olduğunu deyə bilərik. 

Prezident İlham Əliyevin qərarı ilə sahibkarlığa və vətəndaşlara dövlət yardımının edilməsi üçün 2,5 milyard manatlıq dəstək paketini qəbul edildi. 44 min sahibkarlıq subyektində 300 mindən çox işçinin əmək haqqının əhəmiyyətli hissəsi dövlət tərəfindən ödənildi. Dövlət sektoru üzrə 900 min, qeyri-dövlət sektoru üzrə 690 min işçinin əməkhaqqı saxlanılmaqla məşğulluğu təmin edildi, dövlət dəstəyindən 600 minə yaxın vətəndaş, o cümlədən 300 min mikro və fərdi sahibkar faydalandı, bununla yanaşı, işsiz şəxslərin sosial müdafiəsi üçün 50 min ödənişli ictimai iş yerlərinin yaradılmasına start verildi, kommunal ödənişlərə güzəşt olundu, qeydiyyata düşmüş işsizlər üçün birdəfəlik ödəmələr həyata keçirildi.

Bir sözlə Azərbaycanda karantin rejiminin tətbiq edilməsi vətəndaşın işsiz qalması, sosial problemlərlə üzləşməsi və sahibkarların iflasa uğraması ilə nəticələnmədi, əksinə, bütün yükü dövlət öz üzərinə götürdü.

Bununla yanaşı, pandemiyaya qarşı ölkədə həmrəylik yaradıldı. Ümumi bəlaya qalib gəlməyin əsas yolu məhz həmrəylik idi. Ölkə daxilində yaradılan həmrəylik modeli daha sonra regional və beynəlxalq müstəvidə də daşındı.

Prezident İlham Əliyevin təşəbbüsü ilə Türk Şurasının videokonfrans vasitəsilə fövqəladə Zirvə görüşü keçirildi. Türk Şurası dünya miqyasında dövlət başçıları səviyyəsində COVID-19 pandemiyasına həsr olunmuş Zirvə görüşünü keçirən ilk beynəlxalq təşkilat kimi tarixə düşdü və pandemiyaya qarşı regional müstəvidə həmrəyliyə nail olundu.

Daha sonra Qoşulmama Hərəkatının sədri kimi Prezident İlham Əliyevin təşəbbüsü ilə Hərəkatın Təmas Qrupu formatında videokonfrans vasitəsilə koronavirusla mübarizəyə həsr olunmuş “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə görüşü keçirildi. Zirvə görüşündə Avropa İttifaqı rəsmisinin iştirakı Azərbaycanın COVID-19-a qarşı qlobal birlik formalaşdırdığını göstərdi. Prezident İlham Əliyev həmin Zirvə görüşündə BMT Nizamnaməsində nəzərdə tutulan Baş Assambleyanın koronavirus pandemiyasına həsr olunmuş dövlət və hökumət başçıları səviyyəsində videokonfrans vasitəsilə xüsusi sessiyasının keçirilməsi ilə bağlı təklif irəli sürdü və müsbət qarşılandı.

Azərbaycan liderinin təşəbbüsü ilə Nyu-Yorkda BMT Baş Assambleyasının koronavirus xəstəliyi - COVID-19 ilə mübarizəyə həsr edilən xüsusi sessiyası keçirildi. Bu, II Dünya müharibəsindən sonra müasir dövrümüzün ən böyük qlobal təhdidi hesab olunan koronavirus pandemiyasına qarşı dünya miqyasında mübarizənin təmin edilməsi idi.

Azərbaycan qlobal bəlaya qarşı dünya səviyyəsində mübarizə modeli təklif etməklə yanaşı, maliyyə yardımları ilə də kömək etdi. Ölkəmiz Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə töhfəsi verib, bununla yanaşı, koronavirusla əlaqədar 30-dan artıq ölkəyə humanitar və maliyyə yardımı göstərib.

Azərbaycan vaksinasiya prosesinə qoşulan ilk ölkələrdən də biridir. Prezident İlham Əliyev ÜST-ün sessiyasında çıxışı zamanı bildirdi ki, ölkəmizdə 99,94 faizi “Sinovak”, qalanı isə “AstraZeneca” və “Sputnik” olmaqla, 2 milyon doza peyvənd istifadə edilib. Bu rəqəm Azərbaycan əhalisinin 20 faizini təşkil edir. Azərbaycanda peyvənd olunanlara COVID-19 pasportlarının verilməsi prosesi də həyata keçirilir.

2021-ci ilin “Səhiyyə ili” elan olunması da Azərbaycanın pandemiyaya qarşı mübarizəsində ən önəmli addımlarından biridir. Həyata keçirilən siyasətin nəticəsində hazırda karantin rejiminin yumşaldılmasına imkan yaratdı.

Pandemiya hələ başa çatmasa da, Azərbaycan indiyə qədər həyata keçirdiyi strategiya ilə dünya üçün nümunəvi ölkəyə çevrilib. 

Prezident İlham Əliyevin daim gündəmə gətirdiyi məsələlərdən biri də ədalətsiz vaksin bölgüsüdür.  ilə bağlıdır. Dünyada “peyvənd millətçiliyi” davam edir, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında peyvəndlərə çıxışla bağlı getdikcə dərinləşən qeyri-bərabərlik müşahidə olunur. Beynəlxalq hesabatlara əsasən, bu günə qədər dünyada mövcud olan peyvənd dozalarının 82 faizi zəngin ölkələr tərəfindən alınıb, peyvəndlərin yalnız 0,3 faizi az gəlirli ölkələrin payına düşüb.

Bu ilin fevralında vaksinlərin ədalətsiz bölgüsünü gündəmə gətirən Prezident İlham Əliyev Azərbaycanın sədrlik etdiyi Qoşulmama Hərəkatı adından BMT-nin İnsan Hüquqları Şurasında bütün ölkələrin peyvəndlərə bərabər və universal çıxışının təmin edilməsi ilə bağlı qətnamə irəli sürdü. Bu qətnamə mart ayında yekdilliklə qəbul olundu.

Azərbaycan Prezidenti ÜST-nin sessiyasında çıxışı zamanı da bu məsələni gündəmə gətirdi və inkişaf etmiş ölkələri və donor təşkilatlarını inkişaf etməkdə olan, xüsusilə ən az inkişaf etmiş ölkələrə dəstək verməyə çağırdı.

Bu, Azərbaycanın qlobal bəladan təkcə özünü düşünmədiyini, bəşəriyyətin gələcəyi naminə mübarizə apardığını sübut edir.

Zaur Hacılı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top