Dedi-qodulardan narahat olan Ramiz müəllim

YAZARLAR 30 may 2021, 18:50
Başımız bayrama qarışdı, iki vacib məsələyə münasibət bildirmədik. Bunlardan birincisi toy məsələsidir, ikincisi isə Ramiz Mehdiyevin açıqlamaları. Yox, hörmətli akademikin keçən il məruz qaldığı toyqırımı nəzərdə tutmuram, artıq onu millətimiz tamamən unudubdur. Unutqan xalqıq, nə etmək olar, Zəngəzuru də bir zamanlar belə vermişdik.

Söhbət ondan gedir ki, son həftələrdə COVİD-19-a yoluxanların sayı durmadan azalırdı, nəticədə hökumətin toylara icazə verəcəyinə böyük ümidlər yaranmışdı. Lakin az qala hər şeyə icazə verildi, bircə toy olmadı. Bunu necə başa düşək? Metro açılır, salonlar açılır, ticarət mərkəzləri, idman zalları, maskalar açılır, az qala məmurların gəlir deklarasiyasını açırıq, yalnız toya embarqo qoyulur. Uca millətimiz bu düşmənçilik münasibətini başa düşməyə çətinlik çəkir. Hətta adam şübhələnir ki, bəlkə o məlun yarasanı bizim “Sonalar sonasının sonu” şadlıq sarayımızın sütunlu salonunda bişirib yeyiblər, andıra qalmış pandemiyanın səbəbkarı bizim toylardır.

İkincisi də qəribə durumdur. AMEA prezidenti Ramiz Mehdiyev “hibrid rejimdə” (xəbərdə belə yazılmışdı və bunun özü də maraqlıdır) AMEA Rəyasət Heyətinin iclasını keçirib, çoxlu anonim tənqidlər yapmışdır. Sitat: “Çox təəssüflə qeyd edirəm, bəzi institut direktorları islahat aparmağa mane olur. Həmin şəxsləri xəbərdar edirəm: akademiyada islahat olmalıdır”. Sitatın sonu.

Söhbət hansı islahatlardan gedir, görəsən? Ramiz müəllimi 2019-da AMEA prezidenti qoyublar, o vaxtdan bəri gündəmə gəldiyi temalar bunlardır: qanunsuz toy, AMEA-da qaraj müdirliyinə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton müəllimi qoymağı, nəhayət, yenə Elton müəllimi oradan qovmağı. Vəssalam, şüttəmam. Başqa ciddi nəsə varsa, yadıma salın, bəlkə mən səhv eləyirəm. Əlbəttə, ən yaxşısı günah keçisini başqalarının örüşündə, tövləsində axtarmaqdır, Ramiz müəllim də ömrü boyu bu fəaliyyəti göstəribdir. “Mən mələyəm, başqa hamı günahkardır” – siyasət budur.

Ramiz müəllimin çıxışından növbəti uzun sitat fikrimizi təsdiqləyir: “Ötən illər nöqsanların yaranmasına gətirib çıxarmış amillər arasında qüsurlu idarəçilik sistemi birinci yeri tutur. İdarəçiliyin zəif və pərakəndə olması, məsuliyyətsizlik, tələbkarlığın zəifliyi akademiyada ciddi problemlərə, özbaşınalığa səbəb olub. Aparatın şöbələrində rəhbər vəzifədə kimlərinsə ayrı-ayrı şəxslərin təsirində olması üzərlərinə düşən vəzifələri yerinə yetirmələrinə səbəb olub. Vitse-prezidentlər bölmələri ciddi idarə etməli və nəzarət etməlidirlər”.

Ramiz müəllim 2007-dən akademikdir, həmçinin yüksək dövlət vəzifəsində çalışıb, əlində bütün təsir rıçaqları olub, niyə həmin vaxtlarda bu problemləri görmürdü? Hazırda AMEA prezidentinin 7-8 dənə vitse-prezidenti var, görəsən bu tənqidlər konkret olaraq onlardan hansısa ünvanlanıb və ya belə yazaq: Ramiz müəllim hansı odla oynayır? Axı odla oynamaq üçün Fizika İnstitutunda, Radiasiya İnstitutunda, Kimya sahəsində çalışmaq lazımdır, Ramiz müəllim isə humanitardır (guya)?

Əlbəttə, AMEA prezidenti qədim Sovet erasından qalma mastodontlardan biri olduğundan, idarəçilik sistemi də tamamilə o dövrün üsullarını təkrarlayır. Həmin vaxtlarda bütün iclaslarda, adətən çıxışların axırında bir-iki cümlə də özünütənqid, guya qüsurların göstərilməsi-filan olardı. Bu tənqidlərin heç bir real əhəmiyyəti olmazdı, araba daha dərindən palçığa batardı. O cümlədən, adətən tənqidi edən şəxsdə özünün xüsusiyyətlərini işçilərə yükləmək adəti olardı. “Yersiz çəkişmələr, dedi-qodular, məsuliyyəti bir-birinin üstünə atmaq məni narahat edir”. Yəqin hörmətli oxuculara bu cümləni həmin iclasda kimin dediyini açıqlamağıma ehtiyac yoxdur. Abdulla Şaiq, sözgəlişi, bunun poemasını yaradıbdır.

Hələ orada Ramiz müəllimin akademiyanın balansında olan torpaqların oğurlanması, qanunsuz özəlləşdirilməsi haqda dedikləri lap lətifədir. Yəqin Novxanıdakı məhşur üzüm bağı da hansısa aspirantındır... Ax, quldur, elmi iş yazmaq əvəzinə salxım oğurlayırdı. Buna son qoymalıyıq. Mən də yazıram: son.

Zamin Hacı
Musavat.com

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 dek 2021, 23:30
05 dek 2021, 21:30
05 dek 2021, 19:00
Top