Politoloq: "Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmağa davam etsə, Laçın dəhlizindən məhrum olacaq"

GÜNDƏM 29 may 2021, 11:52
"Üçtərəfli bəyanatın 9-cu bəndinə görə, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə təmin edilməli, nəqliyyat və kommunikasiya xətləri açılmalıdır. Bu əlaqənin təmin edilməsi üçün Ermənistan tərəfi də öz üzərinə öhdəlik götürüb".

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq İlyas Hüseynov Ermənistanın Zəngəzur dəhlizinin açılmasına mane olması barədə danışarkən deyib.
 
Onun sözlərinə görə, dəhlizin açılması üç dövlətin razılığı və bəyanatı ilə həyata keçirilir və bu, hər üç ölkənin maraqlarına uyğundur:

"Dəhlizə təhlükəsizlik nöqteyi-nəzərindən nəzarəti Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları həyata keçirəcək. Bunun üçün artıq əməli addımlar da atılır. Azərbaycan, Ermənistan və Rusiya arasında 11 yanvarda imzalanmış bəyanat əsasında üçtərəfli işçi qrupu formalaşıb. Bu işçi qrupu üç ölkənin baş nazirləri səviyyəsində fəaliyyət göstərir. Bu xüsusda ötən dövr ərzində altı görüş keçirilib. İşçi qrupların tərkibində alt qruplar da yaradılıb ki, onlar da sərhəd, gömrük, sanitar məsələlər üzrə nəzarət və perspektivlərin müəyyənləşdirilməsi istiqamətində uğurlu iş birliyi həyata keçiriblər. Əldə olunmuş razılıq üç tərəfin də maraqlarına uyğundur".

Politoloq qeyd edib ki, nəqliyyat dəhlizinin fəaliyyətinin gecikməsi Ermənistan daxilindəki çəkişmələrdən qaynaqlanır:

"Ermənistanda Zəngəzur dəhlizi ilə bağlı məsələyə isti yanaşmırlar, bu məsələni birmənalı qəbul etməyən qüvvələr var. Bu qüvvələr həm müxalifətdə, həm də hazırkı siyasi iqtidarın daxilində var. Layihənin icra olunmaması üçün müxtəlif açıqlamalar eşidirik. Nəzərə almaq lazımdır ki, üçtərəfli bəyanatın icra olunması birbaşa Ermənistanın öhdəliyidir. Sülh şəraitini, təhlükəsizliyi və sabitliyi pozmaq, bəyanatdakı addımları atmamaq Ermənistan üçün çox ağır nəticələrə gətirib çıxara bilər.

Zəngəzur dəhlizinin açılmaması üçün Ermənistan tərəfi həm sərhəddə təxribatlar törədir, təminat yolunu minalayır, Azərbaycan torpaqlarına diversant qrupları göndərir. Həmçinin son olaraq Naxçıvanın Babək rayonu istiqamətində də atəşkəsi pozub. Son hadisələr göstərir ki, Zəngəzur dəhlizinin açılması məsələsi ilə Naxçıvan istiqamətində atəşkəsin pozulması arasında əlaqə var. Ermənistan hökuməti mayın 27-də Qafan, Mehri və Gorus rayonunun Tex kəndinin Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının nəzarətinə verilməsi ilə bağlı qərar verdi. 

Düşünürəm ki, bu, Zəngəzur dəhlizinin açılması ilə bağlı tarixi qərardır. Rusiya ilə Ermənistan arasındakı münasibətlər birbaşa Rusiyanın diqtəsi ilə həyata keçirilir. Həm üçtərəfli bəyanatın maddələrindən irəli gələrək, həm təhlükəsizlik məsələri, həm də Ermənistan daxilində partiyalararası qarşıdurma və müxtəlif bəyanatların səsləndirilməsi fonunda bu qərarın verilməsi Zəngəzur dəhlizinin açılması ilə bağlı əməli addım sayılır. Həmçinin bu, dəhlizin istifadəyə verilməməsi ilə bağlı çağırışlar edən qüvvələrə də mesajdır. Yəni artıq real addım atılmaq üzrədir". 

İlyas Hüseynov deyib ki, Ermənistan Zəngəzur dəhlizinin açılmasına mane olmağa davam etsə, Laçın dəhlizindən istifadədən məhrum ola bilər:

"Onu da nəzərə almaq lazımdır ki, Ermənistanın müvəqqəti yerləşdirilən sülhməramlıların fəaliyyət zonasında olan ermənilərlə əlaqəsini təmin edən Laçın dəhlizi ilə bağlı məsələ də Zəngəzur dəhlizi ilə əlaqələndirilir. Zəngəzur dəhlizi açılmasa, buna süni maneələr yaradılarsa, yaxud bununla bağlı Azərbaycana qəti qərar bildirilərsə, o zaman Laçın dəhlizinin istifadəyə verilməsi, ona nəzarət edilməsi məsələsinə yenidən baxıla bilər. Laçın dəhlizi ilə bağlı bütün məsələlərdə hüquqları Azərbaycan özündə saxlayır. Laçın dəhlizi ilə bağlı məsələnin nəzərə alınması Ermənistan üçün aktuallıq kəsb edir. Ermənistan tərəfindən Zəngəzur dəhlizinin açılması yubadılarsa, Azərbaycan sərt addımlar ata bilər. Bu halda biz "Dəmir yumruq" əməliyyatının davamını da izləyə bilərik. Azərbaycan tərəfi qeyd olunan məsələlərin icrası ilə bağlı güclü siyasi iradəyə malikdir.

Ermənistan özünün bu vəziyyətində xalqının rifahı naminə rasional addım ataraq öz gələcəyini müəyyənləşdirməlidir. Hazırda bütün diqqət iyunun 20-də keçirilməsi planlaşdırılan parlament seçkilərinə yönəlib. Ermənistanda kimin hakimiyyətə gəlməsindən asılı olmayaraq, həm 10 noyabr, həm də 11 yanvar bəyanatlarının icrası məcburi xarakter daşıyır. Bəyanatın bəndlərinə yenidən baxılması və ya dəyişdirilməsi yolverilməzdir. Belə ehtimal var ki, Ermənistan-Azərbaycan sərhədində yaranan gərginlik, həmçinin Zəngəzur dəhlizinin açılması məsələsinin yeni bəyanat üzərində möhkəmləndirilməsi üzərində iş gedir. Qarşıdakı günlərdə yeni bəyanatın imzalanması ilə bağlı müəyyən proqnozlar mövcuddur. Bunun üçün hər üç tərəfin diplomatik danışıqlar aparması, bir araya gələrək bölgədə davamlı sülhə xidmət edən yeni bəyanatın imzalanmasına da şahid ola bilərik".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top