Deputatlar: Cümhuriyyət qurucuları müasir Azərbaycanı görsəydilər, yalnız fəxarət hissi keçirərdilər


GÜNDƏM 28 may 2021, 08:43
Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 103 il ötür. 1918-ci ilin mayın 28-də milli azadlıq ideyalarının carçıları Şərqdə ilk demokratik respublikanın istiqlaliyyətini elan etdilər.

AXC-nin 103 illiyi ilə bağlı Pravda.az-a fikirlərini bölüşən Milli Məclisin deputatları bildirirlər ki, bu dövr dövlətçilik tarixinin qürurla yad edilən ən şanlı səhifələrindəndir.

Deputatların sözlərinə görə, əgər Cümhuriyyət qurucuları yeni Azərbaycanı görsəydilər, əlbəttə ki, yalnız fəxarət hissi keçirərdilər.

Parlamentin üzvü Nizami Cəfərov deyib ki, bu gün biz vaxtilə AXC banilərinin xəyalında olmuş ölkədən daha böyük əraziyə və gücə malik bir ölkəyə sahibik:



"Cümhuriyyət qurucuları yeni Azərbaycanı görsəydilər, yəqin ki, Prezident İlham Əliyevi alqışlayardılar. Doğrudur, vaxtilə bu planı, proqramı ümumilli liderimiz dəqiqləşdirdi, amma İlham Əliyev daha da irəli getdi. Cənab Prezident hər zaman vurğulayırdı ki, mən həm orta, həm də ali məktəbdə tarix kitablarından başqa tarix öyrənmişdim. Deyirdi ki, həmin tarix kitabları bizim əsl düşmənimizi dostumuz, dostumuzu isə düşmənimiz kimi qələmə verirdi. Belə bir şəraitdə hakimiyyətə gələn şəxs dostumuzla düşmənimizi ayırd etdi və ağla gəlməyəcək qəhrəmanlıqlar nümayiş etdirdi. Bu gün xarici ölkə prezidentləri Cümhuriyyət bayramı münasibətilə bizim Prezidentimizi təbrik edirlərsə, bundan böyük xoşbəxtlik ola bilməz! Lakin təbriklər bütöv Azərbaycan naminə edilsə də, nəzərə almaq lazımdır ki,  Azərbaycan hələ də tam bütöv deyil.  Arzu edirəm ki, dövlət başçıları daha bütöv Azərbaycanı məhz İlham Əliyevin şəxsində təbrik etsinlər. Bu münasibətlə də alınacaq təbriklərə ümid edir və əminik, çünki Ulu öndərin unudulmayacaq sözü var: mənim görə bilməyəcəyim işləri İlham Əliyev görəcək. Biz indilik ərazi bütövlüyümüzü yalnız Sovetlər Birliyi miqyasında təmin etsək də, bu məsələni gələcəkdə dünya miqyasında həll edəcəyik".

Millət vəkili Bəhruz Məhərrəmov tam əminliklə qeyd edir ki, müasir Azərbaycan məhz AXC dövründə qurulması arzu edilən, qurucuların görməyi xəyal etdikləri -  düşməni məhv etmiş, işğalçını təcavüzkarı yerlə yeksan etmiş Azərbaycandır:

 

"Böyük ideyalarla yola çıxan Cümhuriyyət qurucuları Azərbaycan xalqı üçün müstəqillik, dünyəvilik və Şərqdə ilk dəfə müasir demokratik dəyərləri ehtiva edən bir dövlət qura bilsələr də, Xalq Cümhuriyyətinin ömrü uzun olmadı. O dövrün mətbu nəşrlərinə, Cümhuriyyət liderlərinin xatirələri, yaxud ayrı-ayrı əsərlərinə diqqət yetirdikdə, zamanında onların nə qədər böyük ideallarla yaşadıqlarını anlamaq çətin olmur. Lakin arzular reallıqlarla üst-üstə düşməyə bilir və bu mənada, Cümhuriyyətimizin ömrünün qısa olması bir çox planları yarıda qoydu. 1918-20-ci illər ərzində ciddi işlər görülsə də, erməni separatizmi, o cümlədən ermənilər və onları dəstəkləyən kənar qüvvələrin təzyiqləri 103 il öncə də Cümhuriyyətin rahat fəaliyyətinə imkan yaratmadı. Baxmayaraq ki, Ermənistan adlı dövlət Azərbaycanın torpaqlarında yaranmışdı, hətta böyük tarixi siyasi səhv edilərək İrəvan Ermənistana paytaxt kimi verilmişdi, erməni xisləti o zaman da özünü göstərdi, erməni məfhumu Xalq Cumhuriyyətinin süqutuna aparan amillərdən biri oldu. Hətta Cümhuriyyətin tənəzzülə uğraması da erməniləri sakitləşdirmədi və erməni-daşnak terror qrupları dünyanın müxtəlif bölgələrində Xalq Cümhuriyyətinin mühacir liderlərini təqib etməyə, onlara qarşı terror və sui-qəsd əməlləri təşkil etməyə və bölgədə sürətlə özləri məskunlaşmağa başladılar. Bir əsr  ərzində davam edən bu prosesə isə Vətən Müharibəsi ilə son qoya bildik. Əminliklə demək olar ki,  44 günlük müharibədəki Zəfərimizlə  biz həm də cumhuriyyətçi babalarımızın qisasını almış olduq. Ərazilərimiz işğaldan azad olundu, böyük quruculuq abadlıq prosesi başlandı, Qarabağa Azərbaycan insanının ruhu qayıtdı. Prezident İlham Əliyev erməni vandallarını, cinayətkar hakimiyyətini diz çöküb kapitulyasiya sənədi imzalamağa məcbur etdi. Heç şübhəsiz ki, cənab İlham Əliyev Cümhuriyyət qurucuları olan sələflərinin edə bilmədiklərini, habelə, etməyə macal tapmadıqlarını bacarmaqla onların ruhunu şad etdi".

Deputat Azər Badamov hesab edir ki, Cümhuriyyət qurucularının ruhları indi Azərbaycanın zəfərini görür və çox şaddır:

 

"Azərbaycan Xalq Cümhuriyyəti müstəqil Azərbaycan tarixinin şanlı səhifəsidir. Dövlətimiz 103 il əvvəl yaranmış AXC-ni öz siyasi varisi hesab edir və dövlətçilik tarixi ilə qürur duyur. Təəssüflər olsun ki, cəmi 23 ay yaşayan Cümhuriyyət vaxtilə Sovetlərin əsarəti altında yaşamağa məhkum oldu. Təbii ki, Cümhuriyyət qurucularının ideyaları daha geniş idi və onlar reallaşmamışdı. Ancaq Ulu öndərin siyasi ideologiyası üzərində qurulmuş müstəqil Azərbaycanımız bu gün İlham Əliyevin rəhbərliyi altında günü-gündən inkişaf edir və müstəqilliyini möhkəmləndirir. Bildiyimiz kimi, Azərbaycan son yüzilliklər ərzində ilk dəfə torpaqlarını işğaldan azad edib. Şükürlər olsun ki, bu gün Azərbaycan bütövləşib, sərhədləri məlumdur. Əminəm ki, əgər AXC qurucuları Azərbaycanın bugününü görsəydilər, sadəcə sevinər və şadlanardılar".

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 sen 2021, 17:00
26 sen 2021, 12:52
Top