Əhəd Abıyev Prezident Administrasiyası önündə etiraz edənlərə REAKSİYA VERDİ

SOSİAL 27 may 2021, 12:34
Daşkəsən rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev, rayonun Xoşbulaq kənd sakinlərinin və onların Gəncədən olan qohumlarının Prezident Administrasiyası önündə etirazına münasibət bildirib.

İcra hakimi Demokrat.az-a açıqlamasında bunları deyib: 

"24 may 2021-ci il tarixdə “Kanal 13” youtube internet kanalında yayımlanan əsas təşkilatçısı Məmmədzadə Sahib Mürvət oğlu başda olmaqla yaxın qohumları və Daşkəsən rayon Xoşbulaq kəndinin və Gəncə şəhərinin  bir qrup sakini – Əhmədov Arzu Fərrux oğlu, Bağırova Rəna Məhəmməd qızı, Fərzəliyeva Bəsdi Dəmir qızı, Həsənov Azru Məqsəd oğlu, Məmmədov Fəzail Qələndər oğlu, Məmmədov Elnur Qinyaz oğlu, Orucov Nazim Nizami oğlu, İbrahimov Bəhruz Telman oğlu, Əlnağıyev Eyvaz Mirzə oğlu, Bayramov Qardaşxan Saleh oğlu, Süleymanov Rafail Cumalı oğlu, Cəfərov Polad Ələsgər oğlu və başqaları Daşkəsəndə 2021-ci ilin yaylaq mövsümü başlayandan rayonunun inzibati ərazisində yerləşən dövlət fondu yay otlağından mövcud qanunvericiliyə uyğun 30 ilə yaxın torpaq sahəsi icarəyə götürmüş Laçın və Kəlbəcər rayonundan olan icarəçiləri milli zəmində qarşıdurma yaradaraq əraziyə qanunsuz olaraq buraxmırlar. Onlar Xoşbulaq camaatını Bakı şəhərinə mitinqə çağıraraq separatçı şüarlar səsləndirərək Laçın və Kəlbəcər rayonundan olan icarəçiləri söyüb ölümlə hədələmiş, maşınlarının qabağını kəsmiş, döyüb əmlaklarına ziyan vurmaqla xuliqanlıq etmişlər. Açıq-aşkar Laçın və Kəlbəcər rayonundan olan icarədarlara deyirlər ki, siz kürdsüz, bizdən deyilsiz, Daşkəsən rayonu ərazisində sizə yer yoxdur, yoxsa hamınızı məhv edəcəyik. 30 ilə yaxın sizi əraziyə buraxmışıq, bundan sonra buraxmayacağıq. Bu hadisələri və onların dediklərini təsdiq edən videogörüntülər var. 

Xoşbulaq kənd sakinlərinə “Torpaq islahatı haqqında” Qanuna əsasən, hər bir nəfərə biçənək və əkin sahələri normaya uyğun ayrılmışdır. 506 hektar örüş otlaq sahəsi də onların ümumi istifadəsinə verilmişdir. Bu sahədə kənd sakinlərinin heç bir problemi yoxdur. Birmənalı olaraq bildiririk ki,  qanunamüvafiq qaydada icarəyə verilmiş və hazırda əsassız olaraq iddia olunan rayonun dövlət fondu yay otlaq sahələrinin Xoşbulaq kənd sakinlərinə heç bir aidiyyəti yoxdur. Belə kİ, Prezident Administrasiyasına gedən bir qrup yaxın qohum olan Xoşbulaq kənd sakinlərinin tələbləri və şikayətləri tamamilə əsassız, qanunsuz və şər-böhtan xarakterlidir.   

16 may 2021-ci il tarixdə Laçın və Kəlbəcər  rayonundan olan,  uzun müddət rayonun yay otlağından icarə qaydasında istifadə edən 73 təsərrüfat sahibi, o cümlədən digər icarəçilər Daşkəsən rayon İcra hakimiyyətinə qəbula gələrək bir qrup Xoşbulaq kənd sakininin qanunsuz hərəkətlərindən narazılıqlarını yazılı formada rayon İcra hakimiyyətinə və hüquq-mühafizə orqanlarına bildirmişlər. Hazırda onların müraciətinə Daşkəsən rayon Məhkəməsində baxılır və 1 iyun 2021-ci il tarixdə növbəti məhkəmə prosesi keçiriləcəkdir. 

Yuxarıda adları göstərilən separatçı şəxslər kənar maraqlı qüvvələrdən tapşırıq və dəstək alır, bəzi reket KİV-lərdə ictimai fikri çaşdıran video görüntülər yayırlar. Əsasən də öyrətdikləri yaxın qohumları olan qadınları qabağa verib millətçi zəminində yaratdıqları qarşıdurmaları təşkil edirlər. Onların məqsədi icarəçiləri  qanuni istifadələrində olan ərazilərdən qovub kənar rayonlardan istədikləri ayrı-ayrı şəxslərin, restoran və şadlıq evlərinin sürülərini həmin ərazilərə qanunsuz gətirib pul müqabilində yerləşdirməkdir. 

Prezident Administrasiyasının qabağında əsassız, tam böhtan xarakterli çıxışlar etmiş yuxarıda adları qeyd olunan bir qrup Xoşbulaq kənd və Gəncə şəhər sakinlərinin məqsədi bu məsələ ilə bağlı 1 iyun 2021-ci il tarixdə Daşkəsən rayon Məhkəməsində baxılacaq növbəti məhkəmə prosesinə mane olmaq və  Daşkəsən rayon İcra hakimiyyətinin işgüzar nüfuzuna xələl gətirən ictimai fikir yaratmaqdır. Bu isə qanunazidd olmaqla yolverilməzdir". 

Qeyd edək ki, mayın 24-də Daşkəsən rayonunun Xoşbulaq kəndinin bir qrup sakini Prezident Administarsiyasının binası qarşısında etiraz aksiyası keçirib. Kənd sakinləri sosial durumlarının ağırlığından şikayət edib, kəndin əkin və otlaq sahələrinin rüşvət müqabilində varlı şəxslərin istifadəsinə verildiyini bildiriblər.

Zaur
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
16 apr 2024, 09:22
Top