Səhiyyə Nazirliyi karantin rejiminin yumşaldılmasına münasibət bildirdi

SOSİAL 27 may 2021, 13:13
"COVID-19 pandemiyasının davam etdiyi bir ildən artıq müddətdə müxtəlif dünya ölkələrində karantin rejiminin yumşalmalarının insanlarda “təhlükəsiz şərait” təəssüratını yaratdığının və belə bir vəziyyətdə insanlarda yaranan arxayınlığın COVID-19-un yayılmasının qarşısını almaqda həlledici rolu olan profilaktika tədbirlərinə (sosial məsafə, maskadan düzgün istifadə, qapalı otaqların havasının dəyişdirilməsi, əl gigiyenası, respirator etiket qaydaları, kütləvi tədbirlərdə olmaqdan çəkinmə) əməl edilməməsinə səbəb olmaqla xəstəlik hadisələrinin yenidən artmasına şərait yaratmasının şahidi olmuşuq".

Demokrat.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzi baş direktorunun müavini Vaqif Abdullayev deyib.

"Lakin inanırıq ki, artıq uzun müddətli karantin rejimi dövründə vətəndaşlarımızın adət etdiyi fərdi qorunma vərdişləri belə bir arzuolunmaz nəticələrdən kənar olmağa imkan verəcək. Yumşalmalar dövründə insanlar daha da ehtiyatlı olmalı, özünü və digərlərini hələ ki, ətraf mühitdə dövr edən təhlükəli virusa yoluxma risklərindən qorumaq üçün bütün mümkün tədbirləri, xüsusən yuxarıda qeyd etdiyimiz profilaktik qorunma tədbirlərini görməlidirlər. Unutmaq lazım deyil ki, COVID-19 üzərində tam qələbə çalmaq üçün uzun bir müddət lazımdır və COVID-19 pandemiyası dünya əhalisi üçün ciddi bir təhlükə yaratmaqda davam edir. Yalnız bir statistik məlumata diqqət yetirmək kifayət edər ki, dünya üzrə 2021-ci ilin beş ayında 2020-ci ilə nisbətən koronavirus infeksiyası və bu xəstəlikdən ölüm hadisələri daha çox olub" - deyə nazirlik rəsmisi əlavə edib.

Demokrat.az
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
24 apr 2024, 16:22
Top