“Formula 1” yarışları zamanı bu yollar bağlı olacaq — SİYAHI

İNFRASTRUKTUR 26 may 2021, 16:44
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi "Formula 1" Azərbaycan Qran Prisi zamanı hərəkətin məhdudlaşdırılacağı küçə və prospektlərin adlarını açıqlayıb.

Demokrat.az xəbər verir ki, Bakı DYPİ-nin sözçüsü, polis polkovniki Vaqif Əsədov bildirib ki, "Formula 1" Azərbaycan Qran Prisi ilə əlaqədar trek Azadlıq Meydanından başlayaraq Aleksandr Puşkin ilə Xaqani küçələri, Bülbül prospekti, Zərifə Əliyeva və Rəsul Rza küçələri, Neftçilər prospekti ilə Əziz Əliyev küçəsindən keçərək Qoşa-Qala qapısı, Gənclər Meydanı və İstiqlaliyyət küçəsi ilə Niyazi küçəsinə çıxmaqla “Azneft” dairəsindən Dənizkənarı Bulvar boyu Neftçilər prospekti ilə nəzərdə tutulub.

31 may tarixindən 8 iyun tarixinədək bu istiqamətdə olan Kövkəb Səfərəliyeva, Rixad Zorge, Puşkin, Rəşid Behbudov, Bülbül, Səməd Vurğun, Teymur Elçin, Mehdi Hüseyn, Lermontov, Bünyad Sərdarov, Azərbaycan prospekti, Mikayıl Hüseynov, Zərgərpalan, Murtuza Muxtarov, Şeyx Şamil, Afiyəddin Cəlilov, Yusif Səfərov küçələrindən avtomobillərin hərəkət istiqamətinin dəyişdirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, qeyd edilən tədbirin təhlükəsizliyinin təmin edilməsi məqsədlə bu istiqamətə kəsişən, bitişən və paralel olan bütün küçə və prospektlərdən avtomobillərin hərəkətinə məhdudiyyət qoyulmaqla istiqamət dəyişdirilir.

Alternativ yollar - Üzeyir Hacıbəyov küçəsinin kəsişməsindən Füzuli küçəsinin kəsişməsinədək, Səməd Vurğun küçəsi iki istiqamətli sürücülərin ixtiyarına veriləcək. Eyni zamanda Bünyad Sərdarov küçəsindən, Lermontov küçəsinə hərəkətin əksinə avtomobil sürücülərinin hərəkət etməsi üçün nəzərdə tutulub.

Bu istiqamətlər üzrə mümkün qədər şəxsi avtomobillərdən istifadə edilməsin. Ən yaxşı halda isə bu ərəfədə ictimai nəqliyyat vasitələrindən istifadəyə üstünlük versinlər.

Bölgələrdən gələn sürücülər və Aeroport, Mərdəkan, Buzovna, o istiqamətə gedənlər şəhərin mərkəzi küçələrindən deyil Lökbatan dairəsindən 3-cü kənar dairəvi yolla Yasamal rayon ərazisinə daxil olmaqla hərəkət edə bilərlər. Yaxud 20-ci sahədən, Bayıl qəsəbəsindən, Bayraq meydanı ətrafından mərkəzə doğru hərəkət edənlər Bayıl qəsəbə daxili yolla Teymur Elçin, Mehdi Hüseyn və Parlament prospekti istiqamətinə hərəkət etməlidirlər”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top