Hafiz Hacıyev: “Yeni parlament seçkiləri keçirməsək, Azərbaycanda vəziyyət gərginləşəcək”

MÜSAHİBƏ 18 may 2021, 10:37
Regionun geopolitik mənzərəsi gərginliyi ilə müşahidə olunur. Azərbaycanın öz ərazilərini erməni faşizmindən azad etməsi prosesi hərbi güclə həllini tapsa da, bu uğurumuzu qəbul etməyən güclər öz məkirli niyyətlərini yenidən cücərtməyə çalışır. Ölkəmizə qarşı aparılan əks-təbliğatın, təzyiqlərin əsasında izə daxili birliyin pozulması dayanır. Hazırki durum hansı aspektləri ilə diqqət çəkir və siyasi düşərgədə hansı addımlar atılmalıdır?

Bu və ya digər məsələlərlə bağlı Versus.az-a müsahibə verən Müasir Müsavat Partiyasının (MMP) sədri Hafiz Hacıyev maraqlı nüanslara diqqət çəkib.

- Hafiz müəllim, bu gün Zəngəzur dəhlizi və Qaragöl ətrafında baş verən erməni hay-küyü, eləcə də Minsk Qrupunun həmsədr dövləti olan Fransanın Azərbaycanı hədəfə alaraq səsləndirdiyi itihamlar və digər əsassız tələblər fonunda regiondakı hazırki vəziyyətimizi necə təhlil edərdiniz?

- Regionda marağı olan bir sıra məkirli dövlətlər Azərbaycanı hədəfə alıb. Bunlar Azərbaycanın 44 günlük müharibədəki qələbəsini həzm edə bilmirlər. Elə zənn edirlər ki, Azərbaycan daim bunların dediyi ilə oturub-durmalıdır. Bu baxımdan üzərimizə çox böyük basqı var və bu da onunladır ki, illərdir biz öz haqqımızı tələb edə bilməmişik. Beynəlxalq müstəvidə keçmiş xarici işlər naziri Elmar Məmmədyarovun apardığı uğursuz siyasət, diasporamızın öz işi ilə düzgün məşğul ola bilməməsi üzündən bir sıra xarici dövlətlər bizə dıranaqarası baxıblar. Bu gün ATƏT-in həmsədr dövlətlərindən biri olan Fransa Makronun simasında Azərbaycana qarşı çox aqressiv bir mövqe seçib. Bu münasibəti daim hiss etmişik və bu gün də Makronun Azərbaycana qarşı haqsız mövqe tutması barədə fikirlərimizi bildirmişik. Hesab edirəm ki, sadəcə biz yenə də geçikirik. Yenə də informasiya müharibəsində bir qədər sakitlik yaranıb. Ölkənin mətbuatı, vətəndaş cəmiyyətləri, siyasi təşkilatları bütövlükdə hər birimiz bu istiqamətdə ciddi işlər görməliyik. Türkiyənin regiona buraxılmamasında maraqlı olan qüvvələrin əllərindən gələn maneələr yaratdığını görürük. Biz basqıların qarşısını almaq üçün özümüzə həmfikir dövlətlər tapmalıyıq. Təbii ki, o dövlətlərdən ən birinciləri müharibə zamanı yanımızda olan Türkiyə, Pakistan və digətr dost dövlətlərdir. Sanki bisə dost olan Türkiyəni də küsdürmüşük. Təcili olaraq xarici siyasətdə bir dönüş eləməliyik, diaspora çox aktiv şəkildə işləməlidir, bütün partiyalar öz siyasi xətləri ilə fikirlərini bildirməlidir. Bir daha bəyan edilməlidir ki, Azərbaycanın daxilində Dağlıq Qarabağ statusunda ərazi yoxdur, Qarabağ var və o da Azərbaycanın ayrılmaz tərkib hissəsidir. Kim istəyər orda Azərbaycanın vətəndaşı kimi qanunlara tabe olub yaşayar, kim istəməz hələ ki, dəhliz açıqdır, gedə bilir. Amma görürük ki, Rusiya özünün sülhməramlı adı ilə gətirdiyi ordusu ilə yüz oyundan çıxır. Məsələn, Rusiyanın XİN rəsmisi Lavrovun Ermənistanda Paşinyanla apardığı danışıq başqadır, Azərbaycana gələndə isə başqa sözlər danışır. Bütün bunlar hamısı bizə təzyiq formalarıdır. Rusiya çalışır ki, Ermənistanda Xocalı soyqırımını törədən, qaniçən Köçəryanı hakimiyyətə gətirsin. Onun  üçün də müxtəlif vasitələrlə Paşinyanı nüfuzdan salmaqadan ötrü əllərindən gələni edirlər.  Azərbaycanın təklənmə prosesi gedir. Daxildə gedən proseslərdə dövlətlə millətin həmrəyliyini pozmaq üçün əllərindən gələni edirlər. Müəyyən qüvvələrin ölkə daxilində vəziyyəti qarışdırmaq prosesi də vəziyyətə təsir edir. Daxildə xaricdə müəyyən qüvvələrdən güc alan qruplar var ki, kimlərinsə vədləri əsasında nəyəsə arxayın olublar. Onlar da öz xətləri ilə hakimiyyəti sarsıtmaq üçün işlər aparırlar. Məsələn, bir hissəsi Avropada, bir hissəsi Azərbaycanda oturub dövlətimizin əleyhinə çox təhqiramiz ifadələr işlədir. Bunlar hamısı Qərbin bizə yönəlmiş təsirlərindən qidalanırlar. Biz bu baxımdan da Qərb dövlətləri ilə yenidən isti münasibətlər qurmalıyıq. Qərb görür ki, Rusiya sülhməramlı adı ilə ordusunu gətirib ərazilərimizi işğal edib, biz də dillənmirik, ona görə də deyirlər ki, yaxşı biz niyə ordan pay almayaq. Bu mənada ABŞ-ın Azərbaycanla bağlı verdiyi bəyanatlar və digər elmentlər hamısı ölkənin gücünə, nüfuzuna təsir edir. Bu gün Rusiya müəyyən vasitələrlə Makronla birləşib Azərbaycana təzyiq edir. Bütün bunlar hamısı ölkəmiz üçün çox təhlükəlidir. Ermənistan bütün bu təzyiqlərdn güc alaraq müharibə ritorikasından əl çəkmir. Putinin dəstəklədiyi Köçəryan hakimiyyətə gələrsə, yenidən müharibəyə cəhd edəcəyi onların çıxıxşlarından da görünür. Biz isə hələ ki, “qələt edir” sözü ilə özümüzə təsəlli tapırıq. Erməni silahlı qüvvələrinin Qarabağda qalması, hansısa humanitar yardımların separatçşı rejimə dəstək adı ilə gətirilməsi vəziyyətin ağırlığını, heç də rahat olmadığını göstərir. Vəziyyət tələb edir ki, 44 günlük müharibə dövründə Azərbaycan xalqı, siyasi partiyalar, ordu Ali Baş Komandanla necə bir oldusa, bundan sonra ada o birliyi qoruyub saxlamalıyıq. Daxildə müəyyən qüvvələr var ki, bu təxribatlara gedirlər, bunun da qarşısını almalıyıq. Bütün hallarda biz milli həmrəyliyi qorumağa çalışmalıyıq. Bu birliyi qoruya bilsək, nə makronlar, nə putinlər bizim ərazi bütövlüyümüzə, müstəqilliyimizə heç bir təhdid edə bilməz. Əgər hər hansı bir formada qarşıdurma yaranarsa, gələcəkdə Azərbaycan torpaqlarını yenidən itirə bilərik.

- Siyasi partiyaların, diasporlarımızın vahid güc olaraq həqiqətlərin dünyaya bir daha təqdim olunması istiqamətində hansəı işlər görülür?

- Düzdür, bu istiqamətdə müəyyən addımlar atılır. Açığı deyim ki, partiyaların da küsdürmə, incidilmə məsələləri var. Müəyyən qüvvələrin əsas məqsədi budur ki, Azərbaycanda siyasi partiyalarla hökumət arasında bir uçurum yaratsınlar. Bu uçururmu yaratsalar, istər-istəməz Azərbaycanda marağı olan məkirli qüvvələrə köməyimiz dəyəcək. Təbii ki, bu birliyin qorunub daha da gücləndirilməsi yüksək resurssları olan iqtidardan asılıdır. Siyasi partiyaların əlində elə bir səlahiyyətlər yoxdur. Ona görə də iqtidar qəti mövqe ortaya qoymalı və iqtidar-müxalifət dialoqunu pozmağa çalışanların qarşısı alınmalıdır. Hakimiyyətin də daxilində müəyyən qüvvələr var ki, o qüvvələr Azərbaycanda milli birliyə nail olunmasını istəmirlər. Eyni zamanda, Azərbaycanın müstəqil söz sahibi deyil, kiminsə vassalına çevrilməsini istəyənlər də var. Ona görə də daim bizim arxamızda dayanan qonşu, qardaş Türkiyənin Azərbaycanda hərbi bazasının yaradılmasını istəmirlər.  Türkiyə-Azərbaycan Konfederasiyasının yaradılması ilə bağlı Azərbaycan Milli Məclisi heç bir qərar verməyib. Azərbaycan siyasi partiyaları buna dırnaqarası baxırlar. Ali Baş Komandanın dediyi fikirlər, qoyduğu tələblər demək olar ki, tam yerinə yetirilmir. Bunlar elə bilirlər ki, hamıdan ağıllıdırlar, hər şeyi daha yaxşı bilirlər. Azərbaycanda birliyi qorua bilməsək, yeni parlament seçkiləri keçirməsək, vəziyyət gərginləşəcək. Bu baxımdan siyasi partiyalar olaraq da düşünməliyik. Təcili ciddi addımlar atmalıyıq. İyun ayında vəziyyət daha da kəskinləşəcək. Bu mənada biz də qəti mövqe ortaya qoymalıyıq. Parlament buraxılmalıdır. Parlamentin 80 faizi Rusiyanı müdafiə edən qüvvələrdir. Bunlar heç vaxt Azərbaycanı istəməyiblər. Siyasi partiya olaraq müəyyən təkliflər veririk, müəyyən addımlar atırıq, amma çox vaxt buna dırnaqarası baxırlar. Hər halda biz də siyasi partiyalarla danışıqlar aparırıq, müəyyən planlarımız var və Azərbaycana qarşı olan qüvvələrə qarşı təpki göstəririk. Nəticəni zaman göstərəcək.

- Laçın dəhlizinin açıq qalması, Zəngəzur dəhlizinin açılmasına qarşı ciddi maneələr, eləcə də erməni silahlılarının Qarabağda qalması və Azərbaycan əhalisinin hələ ki, həmin bölgəyə köçürülməsi prosesinə başlanmaması kontekstində nəyə görə sərhədlərimiz işğalçı dövlətlə hansı şərtlərlə açıq saxlanmalıdır, bu istiqamətdə hansı addımları atmaq lazımdır?

- Azərbaycan sərhədləri düşmən üçün bağlı saxlanmalıdır. 10 noyabr bəyanatının yerinə yetirilməsində Rusiya sülhməramlılarının heç bir köməyi yoxdur. Laçın dəhlizindən erməni silahlıları gedib gəlirlərsə, erməni separatçıları humanitar yardım adı ilə gücləndirilirsə və bu gün də müharibə ritorikasından əl çəkmirlərsə, Ermənistanla sərhədlər bağlanmalıdır. Laçın dəhlizi gömrük postu kimi fəaliyyət göstərməli və orda Azərbaycan sərhəd qoşunları, gömrük sərhədinin əməkdaşları növbə tutmalıdır. Əgər rus sülhməramlıları bölgədə xalqlar arasında sabitliyi qorumaq niyyətindədirsə, buyursunlar işlərini doğru-düzgün görsünlər. Bu gün biz işğaldn olan ərazilərimizə gedib-gələ bilmirik. Kəlbəcərə, Laçına gedib-gələ bilmirik. Biz Xankəndidə, Xocalıda olmalıyıq. Bu gün Qaragöl ətrafında gedən qalmaqalı da gördük. Biz bu istiqamətdə addımlar atmalıyıq. Biz heç kəsin vassalı deyilik. Biz artıq bayrağımızı Xankəndidə asmalıyıq. Bizim idarəçiliyk orqanlarımız Xankəndiəd fəaliyyət göstərməlidir. Əks halda bu nə cür ərazi bütövlüyünü bərpa etməkdir, nə müstəqillikdir. Ona görə də biz tətikdə dayanmalıyıq. Vətəndaşlarımız öz  yurduna qaytarılmalıdır. Əks halda Dəmir Yumruq yenidən işə salınmalıdır. Laçın dəhlizinə nəzarəti ələ almalıyıq. Əks halda heç bir kommunikasiya xətləri açılmamalıdır. Bütün ərazilərdə Azərbaycan idarəçiliyi bərpa edilməyincə, heç bir ərazi bütövlüyü, müstəqillikdən danışa bilmərik.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top