Deputat: “Bir çox ölkələr multikulturalizmi və dini tolerantlığı Azərbaycandan öyrənə bilərlər”

GÜNDƏM 17 may 2021, 13:27
“Prezident İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Qəbələnin Nic kəndində Alban məbədinə baş çəkməsi ilk növbədə dövlət siyasətimizin təzahürlərindən biridir. Bu addım onu göstərir ki, ölkəmizdə bütün dinlərə, dini abidələrə bərabər münasibət bəslənilir”.
 
Bu sözləri Demokrat.az-a Milli Məclisin deputatı, Qafqazşünaslıq İnstitutunun direktoru Musa Qasımlı dövlət başçısı İlham Əliyevin və Birinci xanım Mehriban Əliyevanın Qəbələdə Müqəddəs Məryəm Ana Alban kilsəsini ziyarət etmələri haqda danışarkən deyib.

Deputat bildirib ki, Azərbaycanda din dövlətdən ayrı olsa da, dövlətimiz daim bütün dinlər üçün bərabər şərait yaradır:

“Prezidentin bu addımı həm də bütün dünyaya bir mesaj idi. Azərbaycan artıq model dövlət halına gəlib. Bir çox ölkələr multikulturalizm və dini tolerantlıq məsələlərini Azərbaycandan öyrənə bilərlər”.
 
Professor qeyd edib ki, Prezidentin işğaldan azad edilmiş ərazilərdə kilsələri ziyarət etməsi ermənilərin bu abidələrlə bağlı faktları saxtalaşdırmaq istəmələrinə cavabdır: 

“Dövlət başçısının işğaldan azad edilmiş ərazilərə səfərləri bir daha göstərdi ki, bütün alban məbədləri təmir ediləcək və əsl sahiblərinə veriləcək. Bu abidələr qədim Azərbaycan torpaqlarında tikilib və sadəcə Azərbaycana məxsusdur”.


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top