Deputat: “Azərbaycan xalqı ölkə başçısının qətiyyətinin və prinsipiallığının bir daha şahidi oldu”

GÜNDƏM 13 may 2021, 09:22
“Tarixi günlərdir. Nəhayət ki, Şuşa doğmalarına qovuşdu. Cənab prezidentin xüsusi olaraq qeyd etdiyi kimi, builki “Xarıbülbül” musiqi festivalı Azərbaycanda yaşayan müxtəlif xalqların nümayəndələrini əhatə edir. Şuşadakı musiqi bayramında Azərbaycan vətəndaşı olan ayrı-ayrı millətlərin musiqi və mədəniyyəti nümayiş olundu. Bu, onun göstəricisidir ki, dövlətimizin milli azlıqlara ehtiramı böyükdür. Müharibə zamanı necə ki, çoxmillətli ordu olaraq döyüşdüksə, Şuşadakı ilk festival da çoxmillətli ölkə olduğumuzu və həmin xalqların nümayəndələrinə hər zaman necə diqqət və qayğı ilə yanaşdığımızı göstərdi”.

Bunu Pravda.az-a Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov xatırladıb ki, Azərbaycanda multikulturalizmi təbliğ edən yüksək səviyyəli tədbirlər keçirilib: “Biz bir dövlət olaraq daim ölkəmizin tərkibində yaşayan xalqlara, onların adət-ənənələrinə, din və etiqadına hörmət etmişik. Bu səbəbdən də biz işğala son qoya bildik. Bu, milli birlik şərait yaratdı ki, torpaqları işğaldan azad edərək, ədaləti bərpa edək”.

Deputat qeyd edib ki, festivalın məhz Ramazan bayramı ərəfəsində təşkil edilməsi də təsadüfi deyil: “Bu, milli, mənəvi dəyərlərimizə, köklərimizə bağlılığımızın nümunəsidir. Cənab Prezidentin dediyi kimi, bugünkü tədbir bir daha onu göstərir ki, biz Şuşaya qayıtmışıq və bundan sonra burada əbədi yaşayacağıq. Şuşa Azərbaycanın milli sərvətidir. Bütün Azərbaycan xalqı ölkə başçısının qətiyyətinin və prinsipiallığının, milli maraqları üstün tutduğunun bir daha şahidi oldu. Cəmi 1 il əvvəl təsəvvür edə bilməyəcəyimiz mənzərəni görürük. Hazırda Şuşada Xarıbülbül musiqi fevstivalı keçirilir. Bizə bu günü yaşadan liderə və ordumuza eşq olsun. Böyük həyəcanla izlədiyimiz musiqi festivalına Qarabağ da qürurla ev sahibliyi edir. Şuşa doğmalarının sədasını eşidir. Yaşa Azərbaycan əsgəri! Yaşa Azərbaycan ordusu! Var ol Ali Baş Komandan! Qayıdışın bir daha mübarək, əziz xalqım!”

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top