Deputat: “Şuşa bütün dünya üçün açıq turistik mərkəz olacaq”

QARABAĞ 12 may 2021, 13:25
“Prezident artıq bir neçə dəfə Şuşaya və digər işğaldan azad edilmiş bölgələrimizə səfər edib, o, görülən işlərə birbaşa özü rəhbərlik edir, tapşırıqlarını verir, onların icrasını yoxlayır. Bu, Prezidentin Ali Baş Komandan kimi tarixi missiyasını şərəflə yerinə yetirdiyinin sübutudur”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Milli Məclisin deputatı Musa Quliyev deyib. 

Şuşada “Xarıbülbül” festivalının keçirilməsindən danışan deputat Prezidentin Şuşaya səfəri və bu tədbirdə iştirakının əhəmiyyətinə toxunub: 

“Bu həm də görülən tədbirlərin səviyyəsini yüksəldir, dünyaya bir daha bəyan edir ki, Şuşa da, işğaldan azad edilmiş digər bölgələr də Azərbaycanın əzəli və əbədi torpaqlarıdır. Cənab Prezidentin belə səfərlərdə olması, bu tədbirlərdə şəxsən iştirak etməsi onların səviyyəsini yüksəldir, həmçinin dünya ictimaiyyətinin də diqqətini cəlb etmiş olur”. 



Deputatın fikrincə, Şuşada belə mühüm tədbirlərin keçirilməsi Azərbaycanın bölgədə nüfuzunu gücləndirir:

“Bizim üçün qürurverici hadisədir, Şuşa kimi şəhərimizi azad etdik və bu gün bu şəhərdə yenidən festivallar keçirilir. Prezidentin rəhbərliyi altında işğaldan azad edilmiş bütün ərazilərimizdə yenidənqurma işləri həyata keçirilir. Bu işlərlə yanaşı biz Şuşanı dünyanın mədəniyyət mərkəzinə çevirəcəyik. Bir müddət əvvəl bununla bağlı ölkə başçısının Sərəncamı da oldu və bu şəhər Azərbaycanın "mədəniyyət paytaxtı" elan edildi. 
Şuşa həm ədəbiyyat, incəsənət, həm elm adamlarının müzakirələr aparacağı, tədbirlərin keçiriləcəyi məkana çevriləcək. Şuşa Azərbaycanın mədəniyyət pasportu kimi dünyaya təqdim ediləcək. 

Sevindiricidir ki, artıq görülən işlərin müəyyən nəticələri var və Şuşada “Xarıbülbül” musiqi festivalı keçiriləcək. Bu festivalın ardınca Vaqif Poeziya günləri təşkil ediləcək. Biz Şuşaya təkcə öz mədəniyyət, incəsənət adamlarımızı deyil, xarici ölkələrdən də qonaqları dəvət edəcəyik və bu, Azərbaycanın qələbəsinin davamlı olmasının təminatlarından biridir.

Şuşadan başqa digər işğaldan azad edilmiş bölgələrimizdə də vacib işlər görülür. Görülən işlərlə bölgədə əbədi sülhün, əmin-amanlığın əsası da qoyulur və Azərbaycan regionun güclü dövləti kimi bu məsuliyyəti öz üzərinə götürəcək. Şuşa da təkcə Azərbaycanın və Azərbaycanlıların deyil, dünyanın diqqətini cəlb edən mədəniyyət, elm, dostluq mərkəzinə çevriləcək. Şuşa və digər bölgələrimiz həm də bütün dünya üçün açıq turistik mərkəz olacaq”.


Aygül Qarayeva 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top