“Lavrovun Zəngəzur dəhlizi ilə bağlı müzakirəni uzatmaması Ermənistanda keçiriləcək seçkilərlə əlaqəlidir”

GÜNDƏM 12 may 2021, 13:20
"Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı müzakirəni uzatmaması Ermənistanda keçiriləcək 20 iyun seçkiləri ilə əlaqəlidir. Çünki hesab olunur ki, verilən istənilən bəyanat seçkinin nəticəsinə kəskin şəkildə təsir göstərər, tərəflərdən birinin mövqeyini gücləndirə bilər. Fikrimcə, Ermənistandakı parlament seçkilərindən sonra sular durulacaq".

Bunu Pravda.az-a açıqlaması zamanı Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elman Nəsirov Rusiya xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfəri barədə danışarkən deyib.

Deputat bildirib ki, Ermənistanda seçkilər başa çatdıqdan sonra kommunikasiya və nəqliyyat əlaqələrinin bərpası istiqamətində praktiki addımlar atılmağa başlanılacaq: "Məlum olduğu kimi, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun mayın 10-11-də Azərbaycana səfəri reallaşdı. Bu səfər heç bir şəkildə təsadüfi xarakter daşımır və çox ciddi məsələlərin müzakirəsi məqsədilə baş tutdu. Burada xüsusilə müzakirə olunan məsələlər, şübhəsiz ki, 10 noyabr və 11 yanvar tarixlərində imzalanmış üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlərdir. Doğrudur, sənədlər, artıq imzalanıb, amma istənilən sənədin qiyməti, dəyəri onun reallaşma mexanizmləri və nəticələri ilə ölçülür. Məsələyə bu kontekstdən yanaşanda, həm İrəvanda, həm də Bakıda sırf bu mövzular ətrafında ciddi müzakirələrin getdiyi şübhə doğurmur. Əlbəttə ki, əsas məsələlərdən biri də nəqliyyat kommunikasiya əlaqələrinin bərpası ilə bağlıdır ki, bu konteksdə söhbət gedərkən Zəngəzur dəhlizi müzakirəsi ön plana çıxır. Zəngəzur dəhlizi məsələsinin 10 noyabr sənədində öz əksini tapması cənab İlham Əliyevin birbaşa təsiri, israrlı davranışı nəticəsində baş tutdu. Çünki bu, münaqişə ilə birbaşa bağlı deyildi. Planın reallaşması ilə təkcə Azərbaycan deyil, bütün tərəflər qazanır. Prezident İlham Əliyev Ermənistanın bütün məsələlərdə olduğu kimi bu mövzuda da yenə konstruktiv mövqe ortaya qoymadığını Sergey Lavrovun nəzərinə çatdırdı və o da razılaşdı ki, həqiqətən də, təhdid dili ilə danışaraq, revanşist meyllər sərgiləyərək regionda heç bir uğura imza atmaq olmaz. O ki qaldı, Lavrovun Zəngəzur dəhlizi məsələsi üzərində kifayət qədər dayanmaması, açığı, bir o qədər anlaşılan deyil. Çünki məsələ üçtərəfli bəyanatda qeyd edilib və sənədə imza atan ölkələrdən biri də Rusiyadır. Hesab edirəm ki, Sergey Lavrovun Zəngəzur dəhlizi ilə bağlı müzakirəni uzatmaması Ermənistanda keçiriləcək 20 iyun seçkiləri ilə əlaqəlidir. Çünki hesab olunur ki, verilən istənilən bəyanat seçkinin nəticəsinə kəskin şəkildə təsir göstərər, tərəflərdən birinin mövqeyini gücləndirə bilər. Fikrimcə, Ermənistandakı parlament seçkilərindən sonra sular durulacaq".

E.Nəsirovun sözlərinə görə, heç şübhəsiz ki, müzakirə olunan məsələlər arasında əsas sıralarda dayananlardan biri də Ermənistanın minalanmış ərazilərin xəritəsini Azərbaycana təhvil verməsi ilə bağlı məsələdir: "Bildiyimiz kimi, Emənistan Azərbaycanda saxlanılan erməni diversantlarının geri qaytarılmasını tələb edir və Rusiya bir çox hallarda bu məsələdə Ermənistanın yanındadır, onlarla oxşar davranış ortaya qoyur. Lakin bütün bunlarla yanaşı hələ də ölkəmizə qarşı mina müharibəsini aparmağa davam edir. Prezidentimiz bu məsələ barədə danışarkən onu da vurğulayıb ki, Ermənistan I Qarabağ müharibəsində Azərbaycanın 4 minə yaxın hərbi qulluqçusunu öldürüb. Bütün bunların fonunda necə olur ki, onlar 60 nəfər terrorçunun məsələsini bu cür kəskin şəkildə qablarda bilirlər, ancaq 4 min azərbaycanlının taleyi heç kimi maraqlandırmır?!"

İşçi qrupun üzvü qeyd edib ki, Sergey Lavrovun dünyanın bir sıra ölkələrində faşizmin qəhramanlaşdırılmasından danışarkən Ermənistanın adını çəkməməsi doğru yanaşma deyil.

Deputatın sözlərinə görə, belə olan halda qarşı tərəf bunun nəticəsində yaranan boşluqlardan məharətlə istifadə edirlər.

"Azərbaycan Prezidenti ilə Rusiya xarici işlər nazirinin görüşü zamanı, yəni 10 may tarixində İlham Əliyevlə Vladimir Putinin telefon danışığı da baş tutdu. Hər iki Prezident faşizm üzərində qələbənin 76-cı ildönümü ilə bağlı bir-birlərini təbrik etdilər, eyni zamanda faşizmin qəhramanlaşdırılması siyasətinə qarşı olduqlarını bildirdilər və bu istiqamətdə birgə fəaliyyətin vacibliyini ortaya qoydular. Bu, çox əhəmiyyətli mövzudur və Sergey Lavrovun da qarşısında bu məsələ qoyuldu. Təsəvvür edin, Xankəndidə Rusiya sülhməramlıları faşizm üzərində qələbə münasibətilə toplantı keçirir, qonşuluqda - Xocavənddə isə ermənilər faşist Njdenin heykəlini qoyurlar. Göründüyü kimi, bu iki hadisə bir-birini təkzib edir. Yeri gəlmişkən, Rusiya Silahlı Qüvvələrinin veteranları da, artıq bununla bağlı Rusiya xarici işlər və müdafiə nazirlərinə müraciət edərək bildiriblər ki, Xocavənddə və İrəvanda faşizm qəhrəmanı Njdeyə qoyulan heykəl mütləq sökülməlidir. Sergey Lavrov da, bildiyimiz kimi, Azərbaycanda danışıqlar zamanı bu məsələnin aktuallığından bəhs etdi, amma təəssüf ki, dünyada faşizmin qəhramanlaşdırılması əleyhinə olduqlarını bir daha vurğulasa da, konkret misallar üzərində dayanmadı və Ermənistanın adını çəkmədi. Bu, bir qədər doğru yanaşma deyil, gərək hər şeyi öz adı ilə çağırasan", deyə E.Nəsirov əlavə edib.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top