Polkovnik: “Naxçıvan Ermənistanın təxribat addımı atmaması üçün tarazlayıcı rol oynayır”

GÜNDƏM 12 may 2021, 12:18
“Naxçıvan Azərbaycanın ayrılmaz hissəsi olsa da, coğrafi baxımdan blokada şəraitində inkişaf edib. Bu baxımdan, Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi prioritet məsələlərdəndir”. 

Bu sözləri Demokrat.az-a açıqlamasında Azərbaycan Ordusunun ehtiyatda olan polkovniki, hərbi ekspert Şair Ramaldanov deyib. 

Son zamanlarda Naxçıvanın müdafiəsinin və bölgədə hərbi üstünlüyünün möhkəmləndirilməsinə toxunan ekspert bunun Ermənistan üçün tənzimləyici rol oynadığını bildirib:

“Bilirik ki, Muxtar Respublika həm də Ermənistanın hansısa təxribat addımı atmaması üçün tarazlayıcı faktor rolunu oynayır. Naxçıvanın güclü ordusunun olması Ermənistan tərəfindən həmişə nəzərə alınmış və nəzərə alınmalı olan nüans olub. Ermənistan heç vaxt öz işğal niyyətini gizlətməyib və Naxçıvanla bağlı da müəyyən fikirlər səsləndiriblər. Bütün bunları nəzərə alsaq, Naxçıvanın təhlükəsizliyinin təmin edilməsi, ordunun müasir silahlarla silahlandırılması vacib məsələdir. Orada güclü ordunun olmasının həm tarixi, həm strateji, həm də Ermənistan kimi qonşunun olmasını nəzərə alaraq olduqca böyük əhəmiyyət daşıdığını deyə bilərik. 

Hələ ulu öndər Heydər Əliyevin vaxtında Naxçıvanla bağlı xüsusi yanaşma olub. Həm Heydər Əliyevin, həm də davamçısı - Prezident İlham Əliyevin vaxtında Naxçıvanda hərbi üstünlüyün möhkəmləndirilməsi Azərbaycan Ordusunun bir hissəsi kimi xüsusi əhəmiyyət verilib. Naxçıvanın müasir silah və avandanlıqlarla təmin edilməsi Ermənistanı bəzi məsələlərdə çəkindirib”. 

Polkovnik qeyd edib ki, Muxtar Respublikanın hərbi gücünün artırılması hər zaman vacib məsələlərdən olub və bunun nəticəsini zaman-zaman görmüşük: 

“Digər tərəfdən Naxçıvanın silahlandırılması və ordusunun peşəkar şəkildə qurulması nəticəsində üç il əvvəl Günnüt əməliyyatı keçirildi. Yüksək səviyyədə hazırlanmış və həyata keçirilmiş bu əməliyyat nəticəsində 26 il işğal altında olan ərazilər, yüksəkliklər ələ keçirildi. Kommunikasiya xətləri, Qarabağa gedən əsas yol şəbəkəsi nəzarət altına alındı. 44 günlük müharibədə də həmin yolun nəzarətdə olması uğurlu əməliyyatlarda vacib rol oynadı. 

Cənab Prezident də qeyd etdi ki, Naxçıvanın hərbi cəhətdən gücləndirilməsi Vətən müharibəsində də böyük əhəmiyyət daşıyıb. Naxçıvandan gətirilən silahlar 44 günlük müharibədə istifadə edildi. Həmçinin Naxçıvandan müharibədə iştirak edən şəxsi heyət də qazanılan zəfərdə öz peşəkarlığı və qəhrəmanlığı ilə seçildi. Şuşanın alınmasında da məhz bu heyətin böyük rolunun olduğu hər kəsə məlumdur. 

Naxçıvanın Türkiyə ilə sərhəd olması Muxtar Respublikanın ordusunun peşəkarlığının artmasına da vacib təsir göstərir. Bu təsirin nəticəsidir ki, hazırda Naxçıvanın güclü ordusu var və qarşıya qoyulan bütün tapşırıqları yerinə yetirməyə qadirdir”.


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top