"Şuşa işğaldan azad olunduqdan sonra Ermənistanı xaos bürüdü" — ŞƏRHLƏR


QARABAĞ 08 may 2021, 11:45
Bu gün Şuşanın işğaldan azad edilməsindən 6 ay keçir. Bəli, 1992-ci ildən bəri biz tarixi Şuşanın işğal olunduğu gün kimi qeyd edirdiksə, artıq bu tarix bizə qələbəni, zəfəri xatırladır. Keçən ilin noyabrın 8-də Şuşanın işğaldan azad edilməsindən sonra ölkə başçısının həm yanvarın 14-də, həm də Novruz bayramında Şuşaya səfəri, qədim bayramımızı Cıdır düzündə qeyd etməsi bu zəfərin simvoluna çevrildi.
 

Milli Məclisin deputatı Cavid Osmanov Demokrat.az-a verdiyi açıqlamada Prezidentin Şuşaya səfərlərinə toxunaraq, bu gedişin əhəmiyyətindən danışıb:

"Keçən ilin sentyabr ayının 27-də başlayan və 44 gün davam edən müharibənin gedişində noyabrın 8-i Şuşanın işğaldan azad olunduğu gün kimi tarixə keçdi və artıq biz bu günü zəfər günü kimi də qeyd edəcəyik. Ölkə Prezidenti İlham Əliyev birinci vitse-prezident Mehriban Əliyeva ilə birlikdə həm yanvarda, həm də Novruz bayramında Şuşaya səfər etdi. Prezidentin illər sonra Cıdır düzündə bayram, həmçinin qələbə tonqalını yandırması hər bir azərbaycanlının qəlbində boyük fəxarət hissi oyatdı. Şuşa Azərbaycan üçün həm çox vacib strateji bölgə, həm də mədəniyyət mərkəzidir. Şuşa həm də Azərbaycan üçün siyasi mərkəzdir. Prezidentin noyabrın 8-də Şuşanın işğaldan azad olunmasını xəbər verərkən dediyi "Şuşa, sən azadsan, biz qayıtdıq" sözləri hər kəsin dilində şüar oldu və bu, bütün azərbaycanlıların göz yaşları içərisində fəxrlə eşitdiyi sözlər idi. Prezidentin noyabrın 8-də Şuşanın işğaldan azad olunması xəbərini verməzdən əvvəl Şəhidlər Xiyabanını, həmçinin Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət etməsi və xüsusilə ata vəsiyyətini yerinə yetirdiyini qeyd etməsi parlaq qələbəmizdə bir çox məqamları üzə çıxartdı. Ata vəsiyyətini yerinə yetirdiyini vurğulayan prezident həm də Azərbaycan xalqının mənəvi dəyərləri qorumasına da mesaj vermiş oldu.

Prezidentin Şuşaya səfərləri böyük əhəmiyyət kəsb etməklə yanaşı, həm də oranın yenidən qurulması üçün ilk addım oldu. Artıq Şuşada Xarıbülbül festivalı və digər bu kimi əhəmiyyətli tədbirlər keçiriləcək. Şuşasız Azərbaycanı təsəvvür etmək olmaz. Bunu vaxtilə Ulu Öndərimiz də deyirdi, prezident İlham Əliyev də vurğulayırdı. Prezidentin "Şuşasız bizim işimiz yarımçıq olardı" ifadəsi bütün suallara aydınlıq gətirir".

Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov isə Şuşanın işğaldan azad edilməsinin ermənilər üçün böyük zərbə olduğunu bildirib:

"Bu illər ərzində Ermənistan rəhbərliyi Şuşa məsələsində Azərbaycana qarşı xüsusi təzyiq vasitəsi kimi istifadə edirdilər. Ermənilər məhz Şuşa vasitəsilə azərbaycanlıların emosiyaları ilə oynayırdılar. Nəticədə 44 günlük müharibə dövründə Ermənistan ordusunu məhv edərək qələbə qazandıq. Şuşa uğrunda döyüşlər çətin olsa da, Azərbaycan Ordusu əlbəyaxa döyüşlərlə, böyük qəhrəmanlıq göstərərək oranı azad etdi. Bununla da, biz Azərbaycanın Şuşanı işğaldan azad edə bilməyəcəyi ilə bağlı ermənilərin mifini alt-üst etdik. Prezident də üçtərəfli bəyanatdan sonra bir neçə dəfə işğaldan azad olunmuş ərazilərə səfər etdi. Ölkə başçısının Şuşaya səfəri zamanı Cıdır düzündəki nitqi də azərbaycanlılar üçün unudulmaz oldu. Bu çıxışı ilə prezident Ermənistanın əvvəlki və indiki hakimiyyətinə göz dağı verdi. Bununla da prezident sübut etdi ki, o, verdiyi sözə sadiqdir. O, bu çıxışı ilə Ermənistandakı revanşist qüvvələrə ciddi xəbərdarlıq etdi və bildirdi ki, növbəti dəfə Azərbaycan torpaqlarına gözə dikmək onlar üçün baha başa gələcək. Prezidentin hər sözünün arxasında real faktlar dayanır və əminəm ki, onun bu çıxışlarını ermənilər diqqətlə izləyiblər. Bu gün Ermənistan KİV-ini və sosial şəbəkələrini izləyərkən görürük ki, onlar hələ də Şuşanın Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsi ilə barışmayıblar. Təsadüfi deyil ki, Şuşa işğaldan azad olunduqdan sonra Qarabağdakı erməniləri, həmçinin Ermənistanı xaos bürüdü. Həmçinin Ermənistanın həm baş naziri Nikol Paşinyan, həm də müdafiə naziri Şuşanın işğaldan azad edilməsi xəbərini uzun müddət erməni xalqından gizlədilər. Şuşanı işğaldan azad edərək sübut etdik ki, Azərbaycan xalqı və Ordusu üçün azad edilməyəcək heç bir ərazi yoxdur və bu xalqın hər bir nümayəndəsi hər bir qarış torpaq üçün vuruşmağa hazırdır".

Aygül Qarayeva
Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top