"Hər il ürək ağrısı ilə andığımız 8 may bu gün tam başqa məna kəsb edir" — Deputat

SİYASƏT 07 may 2021, 21:55
“Şuşa şəhəri Azərbaycanın, bütün Qafqazın mədəniyyət beşiyi hesab olunur. Təbii gözəllikləri ilə seçilən bu şəhər milli memarlığımızın və orta əsrlər şəhərsalma sənətinin qiymətli abidəsidir. Milli-mənəvi dəyərlərimizi və musiqi ənənələrimizi daim yaşadan Şuşa mühüm iqtisadi, siyasi və mədəni əhəmiyyətə malik şəhər kimi təşəkkül tapanadək zəngin yol keçib, Qarabağ xanlığının mərkəzi olmaqla xalqımızın həyatında özünəməxsus rol oynayıb”.

Bu fikirləri APA-ya Milli Məclisin deputatı Fatma Yıldırım deyib.

Deputat bildirib ki, müstəqilliyimizin ilk illərində Azərbaycan Ermənistanın hərbi təcavüzü ilə üzləşdi: “O dövrdə respublikamızda qeyr-sabitliyin, anarxiyanın, hakimiyyət uğrunda mübarizənin hökm sürməsi Şuşa şəhərinin də işğal olunması təhlükəsini yaratmışdı. Milli ordu formalaşmadığından yüksək hərbi-strateji əhəmiyyətli Şuşa şəhərinin müdafiəsində yalnız könüllü özünümüdafiə dəstələri iştirak edirdi. Lakin onların qəhrəmancasına döyüşmələrinə baxmayaraq, təpədən dırnağadək silahlanmış Ermənistan silahlı qüvvələri 1992-ci il mayın 8-də Şuşa şəhərini işğal etdi. Erməni vandalları işğal vaxtı minlərlə eksponatın olduğu muzeyləri talan etdilər, yüzlərlə tarix-mədəniyyət abidəsini, bütün infrastrukturu dağıtdılar, məbədgah və məscidləri təhqirlərə məruz qoydular”.

Millət vəkilinin sözlərinə görə, 1992-ci ildən sonra hər il 8 may tarixi xalqımız tərəfindən Şuşa şəhərinin işğalı günü kimi qeyd edirdi: “Tam 28 il Şuşa erməni işğalı altında yaşadı. Amma ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi nəticəsində dədə-baba torpaqlarımız, o cümlədən Şuşa şəhəri erməni işğalından azad olundu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bununla da tarix yazdı. 2020-ci ilin noyabrın 8-də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində Şuşanın işğaldan azad olunması müjdəsini verdi. Bu xoş xəbəri Azərbaycan xalqı, o cümlədən, bizim ailəmiz coşqu və sevinc gözyaşları ilə qarşıladı. Onu da vurğulamaq lazımdır ki, Şuşanın işğaldan azad olunması İkinci Qarabağ müharibəsinin həlledici anı oldu və Azərbaycana strateji üstünlük verdi. Bunun nəticəsi olaraq 10 noyabr bəyanatını imzalamaqla Ermənistan öz məğlubiyyəti qəbul etdi”.

“Ötən il noyabrın 8-də müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyev Azərbaycan xalqına müraciətində “Əziz Şuşa, sən azadsan! Əziz Şuşa biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!”, deyə bəyan etdi. Beləliklə də, 1992-ci ildən ötən dövr ərzində hər il ürək ağrısı ilə andığımız 8 may tarixi bu gün tamam başqa bir məna kəsb edir. Bu gün artıq Şuşa öz sahiblərinə qovuşub, dərin nəfəs alır və bundan sonra da biz Şuşamızı göz bəbəyimiz kimi qoruyacağıq ki, bir daha Azərbaycan xalqı o acı günləri yaşamasın. Hazırda dövlətimiz tərəfindən Şuşa şəhərinin bərpası işləri sürətlə həyata keçirilir. Bütün görülən işlər ölkə rəhbərliyinin birbaşa nəzarətindədir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu il artıq iki dəfə, yanvar və mart aylarında Şuşaya səfərləri bunun bariz göstəricisidir. Bu gün də cənab Prezident Şuşa şəhərinin Azərbaycan mədəniyyətinin paytaxtı elan edilməsi ilə bağlı sərəncam imzaladı. Bildiyiniz kimi, bu il Şuşada “Xarı bülbül” Muğam Festivalının və Molla Pənah Vaqif Poeziya günlərinin keçirilməsi nəzərdə tutulur. Təsadüfi deyil ki, Şuşa "Şərqin konservatoriyası" adlandırılır. Dövlət başçısının yanvar ayında səfəri zamanı dahi bəstəkarımız Üzeyir Hacıbəylinin, korifey sənətkarımız Bülbülün və xan qızı Natəvanın abidələri Şuşa şəhərində bərpa olundu. Vaxtilə işğal altına olan bu abidələr düşmən tərəfindən güllələnmişdi. Bu abidələr Bakıya gətirilərək xarici qonaqlara nümayiş etdirilirdi ki, erməni vandalizmini görsünlər. Bu gün isə həmin abidələr, əsl yerlərinə, məxsus olduqları Şuşaya qaytarıldı. Hazırda Molla Pənah Vaqifin məqbərəsi və büstü, eləcə də məscidlərimiz, dini abidələrimiz Heydər Əliyev Fondu tərəfindən bərpa olunur və bütövlükdə Şuşada bərpa-quruculuq işləri böyük vüsət alıb. Azərbaycan xalqı əmindir ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə doğma Şuşamız özünün şöhrətini qaytaracaq, regionun, dünyanın ən gözəl məkanlarından birinə çevriləcək. Yenə İsa bulağı, Cıdır düzü öz məclisləri ilə göz oxşayacaq, Şuşa şairlərimizin, yazıçılarımızın ədəbi-bədii tədbirlərinin keçirildiyi məkana çevriləcək”, - deyə Fatma Yıldırım vurğulayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top