Deputat: "Şuşa şəhərinə görə düşmən uzun müddət isterik vəziyyətdə olacaq"

QARABAĞ 07 may 2021, 15:05
"Şuşa Azərbaycan üçün milli qürurdur, milli mənlikdir, mədəniyyətdir, incəsənətdir, tarixdir. Rəşadətli ordumuzun Şuşaya bayraq sancması və bu xəbərin müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən xalqa çatdırılması 28 ildən sonra milli qürurumuzun da, mənliyimizin də, mədəniyyətimizin də, incəsənətimizin də, tariximizin də azad edilməsi idi".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.

M.Cəfərov qeyd edib ki, Şuşanın işğaldan azad olunması Qarabağın döyünən ürəyinin xilas edilməsi deməkdir: "Bu zəfər faktiki olaraq müharibənin taleyinin həllində önəmli rol oynadı və böyük önəm kəsb etdi. Şuşanın Azərbaycan xalqı üçün tarixi, mədəni və mənəvi əhəmiyyəti hamıya məlumdur. Mədəniyyətimizə böyük sənətkarlar, diplomatiyamıza uzaqgörən siyasətçilər, ordumuza böyük qəhrəmanlar bəxş edən Şuşanın 1992-ci il mayın 8-dən 9-na keçən gecə erməni birləşmələri tərəfindən işğal edilməsi xalqımızı ikiqat sarsıtmış, onda böyük kədər hissi doğurmuşdu. Bu gün qəhrəman hərbçilərimiz Şuşanı erməni işğalçılarından azad edərək bütün xalqımıza böyük sevinc hissi bəxş etdi, onun ümid və gözləntilərini, arzu və istəyini reallığa çevirdi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq” cümlələri Azərbaycan tarixinin ən möhtəşəm müjdəsi oldu, bu sözlər xalqımızın qəlbindəki bütün nisgili sildi. Xüsusilə qələbə xəbərinin elan edilməsindən öncə dövlət başçısının ümummilli lider Heydər Əliyevin vəsiyyətini yerinə yetirdiyini deməsi Azərbaycanın həm də dövlətçilik prinsiplərinə sahib olduğunu göstərdi".

Deputat vurğulayıb ki, Azərbaycanın üçrəngli bayrağının Qarabağın döyünən ürəyində - Şuşada dalğalanması hamını qürurlandırır: "Şuşa işğalçı ölkə üçün psixoloji baryer olduğundan, düşmən uzun müddət isterik vəziyyətdə olacaq. Cari il 8 may Şuşanın işğal günü kimi hüznlə deyil, qürurla anacağımız bir gün kimi yadda qalacaq".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top