Deputat: "Ermənilərin faşist Njdeyə heykəl qoyması Rusiyaya qarşı çıxmaqdır"

GÜNDƏM 07 may 2021, 13:10
Moskva vilayətindən olan Müharibə və Əmək Veteranları Şurası Xocavənddə nasist Qarageb Njdeyə ucaldılmış abidənin götürülməsi ilə bağlı Rusiya rəhbərliyinə müraciət edib. Azərbaycan işğal altında olan torpaqlarını azad etdikdən sonra burada erməni separatçılar tərəfindən ucaldılmış həmin abidənin söküləcəyi bildirilsə də, ancaq bu, öz reallığını tapmadı. Bu abidə təkcə Xocavənddə yox, həm də Ermənistanın paytaxtı Yerevanda da ucaldılıb.

Məsələ ilə bağlı Demokrat.az-a danışan Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini Cəlil Xəlilov Njdeyə qoyulan heykəlin mövcudluğunun beynəlxalq qanunlara zidd olduğunu bildirib:

"Təşkilatımız dəfələrlə həm Rusiya rəhbərliyinə, həm də MDB dövlət başçılarına, o cümlədən beynəlxalq qurumlara Ermənistanın tarixi saxtalaşdırması ilə bağlı faktları, həmçinin Njde kimi vətən xainlərinə abidə qoyması faktlarını təqdim edib. Minlərlə Sovet ordusu əsgərinin öldürülməsində əli olan, vətən xaini kimi cəzalandırılan insanları qəhrəmanlaşdırmaq, ictimaiyyəti aldatmaq nə dərəcədə düzgündür? 

Bizim babalarımız faşizmə qarşı mübarizə aparıb və qalib gəliblər, bizim gənc nəslimiz də ermənilərin faşizimini məğlub ediblər. Ermənilər faşizm ideologiyasından əl çəkmək istəmirlər. Bu gün belə dırnaqarası qəhrəmanların abidələrini ucaldırlar və faşizm ideyalarını yaşatmaq istəyirlər. Bütün beynəlxalq təşkilatlar, o cümlədən Rusiyanın hərbi-siyasi rəhbərliyi Ermənistanın qarşısında xüsusi tələblər qoymalıdır. Onlar tələb etməlidirlər ki, bu ideyalarından əl çəksinlər. Ermənilər təkcə öz paytaxtlarında yox, həm də vaxtilə işğal etdikləri Azərbaycan torpaqlarında da belə abidə ucaldıblar. Bu gün həmin ərazinin bir hissəsi sülhməramlıların nəzarətindədir. Rusiyalı sülhməramlı hərbçilər də bu abidənin ləğv edilməsini həyata keçirə, belə tələb irəli sürə bilər. Biz sülhməramlılardan bunu tələb edirik".
 
Cəlil Xəlilov deyib ki, təşkilat bununla bağlı lazımi addımları atıb: 

"Bu bu məsələ ilə bağlı həm beynəlxalq təşkilatlarla, həm də Rusiyanın veteran təşkilatları ilə işlər aparırıq. Həmçinin dünən Rusiyanın Xarici İşlər Nazirliyinə də bununla bağlı müraciət ünvanlamışıq. Onların də bu məsələylə birbaşa maraqlanmasını və Ermənistanın qarşısında xüsusi tələbələrin qoyulmasını istəyirik. Bu barədə daha əvvəl də müraciətlərimiz olub. Ermənilərin bu addımı BMT-nin qəbul etdiyi xüsusi qərara da ziddir. Beynəlxalq qurum nasistlərin qəhrənanlaşdırılmasını və tarixin saxtalaşdırmasını yolverilməz hal kimi qəbul edir. Beynəlxalq qanunlara görə də, bu hallar qadağan edilib".

Milli Məclisin Elman Nəsirov da Demokrat.az-a açıqlamasında bildirib ki, ermənilərin Yerevanda və Xocavənddə faşist Njdeyə heykəl qoyması Rusiyaya qarşı çıxmaqdır:

"Rusiya faşizm üzərində qələbənin növbəti il dönümünü qeyd etməyə hazırlaşır. Bu hazırlıq o qədər ciddidir ki, Qarabağda olan sülhməramlılar da bu prosesdə iştirak edəcək. Onların Xankəndində bu günü qeyd edəcəkləri bildirilib. 

Digər tərəfdən isə Xankəndinin lap yaxınlığında - Xocavənd ərazisində ermənilərin Qaregin Njdeyə ucaltdıqları abidə saxlanılır və ermənilər onu ziyarət edirlər. Ortada bir-birini təkzib edən iki reallıq var. 

Xatırlamaq lazımdır ki, bu, yeni reallıq deyil. Hələ 2012-ci ildə Rusiya Federasiyasının Armavir şəhərindəki 9 May qələbə abidəsinin yaxınlığında Njdenin "şərəfinə" lövhə qoyulmuşdu . Həmin vaxt bu, Rusiyada çox böyük etiraza səbəb olmuşdu. 2017-ci ildə o lövhəni ləğv etdilər. Lakin 2016-cı ildə Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın iştirakı ilə Yerevanın mərkəzində 6 metr hündürlüyündə heykəl ucaldıldı. Həmçinin, Ermənistanda bir küçə və metro stansiyasına onun adı verilib. Ermənistanda ona faşizmə xidmət etmiş qəhrəman kimi yanaşırlar. Bu gün Ermənistanda faşizm ideologiyası hökm sürür.

Ermənistan rəhbərliyi 2020-ci ildə Qarabağda da Njdeyə heykəl qoymağa hazırlaşırdı, lakin müharibənin başlaması onların bu planının qarşısını aldı. Onların Xocavənddə Hitlerin yaxın silahdaşı olan Njdeyə abidə ucaltdıqları məlumdur. Bu, bizim tərəfimizdən qəbul edilməz məsələdir. Rusiya Federasiyası 2019-cu ildə faşizmin qəhrəmanlaşdırılması ilə bağlı vəziyyət haqqında hesabat dərc edib. 

Həmin hesabatda Njde faşist kimi təqdim olunur və onun Polşada, Qərbi Ukraynada Sovet əhalisinə qarşı terror siyasəti həyata keçirib. 25 mindən çox mülki əhalinin qətlində onun adı çəkilir. 1948-ci ildə o, 25 il müddətinə azadlıqdan məhrum edilmiş, sonra elə həbsxanada da ölmüşdü. Bu gün Ermənistanda bu cür faşist birinin qəhrəmanlaşdırılması siyasəti həyata keçirilir. 

Çox doğru olaraq, Rusiya Federasiyasının Silahlı Qüvvələrinin Əmək və Müharibə Veteranları Rusiya rəhbərliyinə müraciət edib və bildirib ki, faşizmə qullaq edən, mülki əhalinin ölümündə günahkar olan birinə abidənin qoyulması qanuna ziddir. Konkret olaraq, Xocavənddə olan heykəlin sökülməsi ilə bağlı tələb irəli sürülüb. Bu, tam haqlı tələbdir. Ona heykəlin qoyulması müharibə dövründə canını fəda vermiş insanların ruhuna hörmətsizlikdir. Qələbə gününü qeyd etməyə hazırlaşdığı bir vaxtda Yerevanda və Xocavənddə Njdeyə heykəlin mövcudluğu Rusiyanın siyasətinin ziddinə olan məsələdir".


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top