Deputat: "Biz 8 may tarixini 8 noyabr tarixi ilə əvəzlədik"

GÜNDƏM 07 may 2021, 13:03
Hər il Azərbaycan xalqı 8 may tarixini Şuşa şəhərinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal günü kimi qeyd edirdi. 1992-ci ildən sonra, ilk dəfə olaraq, bu ildən etibarən artıq Azərbaycan Şuşanın işğalını bir daha qeyd etməyəcək. Çünki Qarabağın döyünən ürəyi, ölkəmizin mədəniyyət paytaxtı Şuşa azaddır.

Mövzu ilə bağlı Pravda.az-a danışan Milli Məclisin deputatı Nəsib Məhəməliyev qeyd edib ki, təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev 2020-ci il noyabrın 8-də ümumilli lider Heydər Əliyevin məzarı başında Şuşa şəhərinin azad olunduğunu bildirdi və tarixi çıxışını etdi: "Əziz Şuşa, sən azadsan! Əziz Şuşa, biz qayıtdıq! Əziz Şuşa, biz səni dirçəldəcəyik!".

Deputat əlavə edib ki, biz 8 may tarixini 8 noyabr tarixi ilə əvəzlədik və hər bir azərbaycanlının qəlbindən bu tikanı çıxartdıq: “Azərbaycan xalqı 1992-ci ildən bəri 8 may tarixini kədər hissi ilə qarşılayırdı. Bu da hər bir azərbaycanlının qəlbində xüsusi yeri olan qədim Azərbaycan şəhəri, mədəniyyət paytaxtı hesab edilən Şuşanın işğalı ilə bağlı idi. Şükürlər olsun ki, 28 ildən sonra Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi və qəhrəman Azərbaycan əsgərinin səyi nəticəsində Şuşa azad olundu. Tam məsuliyyətlə deyə bilərəm ki, 44 günlük Vətən müharibəsində "məğlubedilməz" erməni ordusunu darmadağın edən Ali Baş Komandan işğaldan azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı da öz sözünü deyəcək”.

N.Məhəməliyev qeyd edib ki, dünya birliyi yaxın zamanlarda azərbaycanlıların və ermənilərin hansının nəyə qadir olduğunun bir daha şahidi olacaq: “Hər il 8 may anım günündən sonra 9 May - II Dünya Müharibəsində Sovet xalqlarının qələbəsi günü kimi qeyd edilir. Bildiyimiz kimi, 1945-ci ildə əldə olunmuş bu qələbədə Azərbaycan xalqının xüsusi payı olub: bizim 700 minə yaxın vətəndaşımız müharibədə iştirak edib, onlardan təxminən yarısı həyatını itirib. Bununla yanaşı, müharibə dövründə arxa cəbhədə də ciddi işlər görülüb. Yəni Azərbaycan xalqının 9 may tarixini qələbə günü kimi qeyd etməyə bir çox hallarda daha çox ixtiyarı var. Lakin Şuşanın bir gün qabaq, 8 may tarixində işğal edilməsi ilə əlaqədar 9 may tarixində qələbəni tam şəkildə qeyd edə bilmirdik. İndi isə şükürlər olsun ki, artıq Azərbaycan ordusu Şuşanı işğaldan azad edib. Şuşa və digər işğaldan azad olunan şəhərlərimiz, kəndlərimiz müasir standartlara uyğun olaraq bərpa ediləcək və belə olan halda dünya birliyi azərbaycanlıların və ermənilərin fərqini daha yaxşı görəcək. Bir tərəfdə vəhşi, barbar, dağıdıcı ermənilər, digər tərəfdə isə qurucu Azərbaycan”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top