Deputat: "Azərbaycanın 3 ermənini azad etməsi..."

GÜNDƏM 05 may 2021, 15:13
"Azərbaycan tərəfinin indiki məqamda 3 nəfəri Ermənistana təhvil verməsi yalnız xoş niyyət göstəricisi kimi qiymətləndirilməli, heç bir beynəlxalq təzyiq və məcburiyyət təsirinin nəticəsi hesab olunmamalıdır".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Bəhruz Məhərrəmov deyib.

Deputat bildirib ki, Azərbaycanın 3 Ermənistan vətəndaşını azad etməsi prosesi ətrafında manipulyasiyalara yol vermək olmaz: "Müharibənin bitdiyi bir bölgədə aşkarlanmış diversantlar hərbi əsir sayılmır və bunu biz yox, hüquq, o cümlədən beynəlxalq hüquq deyir. Azərbaycan tərəfi sözügedən terrorçu qrupu 2020-ci ilin 10 noyabr bəyanatından, yəni münaqişə başa çatdıqdan sonra bölgədə terror və təxribat törətməyə cəhd etdikləri zaman yaxalayıb. Ümumiyyətlə, Azərbaycan Respublikasında vətəndaşlığından asılı olmayaraq heç kəs qanunsuz və ya zərurət olmadan prosessual məcburiyyət tədbirlərinə, insan və vətəndaş hüquq və azadlıqlarının digər məhdudiyyətlərinə məruz qala bilməz, bu mənada cinayət başında yaxalanmış erməni terrorçuların əməllərinin araşdırılması, onların ifşa və cinayət məsuliyyətinə cəlb edilməsi prosesi hüquq və qanun çərçivəsində baş tutub. Onların qanunsuz olaraq ərazilərimizdə mövcudluğu özlüyündə ciddi pozuntu olsa da və istintaq prosesində Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçuları olması təsbit edilsə də, əməllərində digər cinayətlərin tərkibi, o cümlədən mülki və ya hərbi Azərbaycan vətəndaşlarının öldürülməsi və ya yaralanması ilə nəticələnən əməliyyatlarda iştirakı müəyyən edilməyib. Bu mənada, Azərbaycan tərəfinin indiki məqamda 3 nəfəri Ermənistana təhvil verməsi yalnız xoş niyyət göstəricisi kimi qiymətləndirilməli, heç bir beynəlxalq təzyiq və məcburiyyət təsirinin nəticəsi hesab olunmamalıdır. Əksinə, qərəzli beynəlxalq təsisatların tələblərinin səngidiyi bir vaxta Bakı bu addımı atmaqla göstərdi ki, bizimlə təhdid dili ilə danışmaq olmaz. Bölgədə diqtə edən tərəf olmaqla Azərbaycan bundan sonra da hər zaman özünün doğru bildiyi baxış bucağından hərəkət edəcək. Bizim niyyətimiz bölgədə sülh və əməkdaşlıq mühitini formalaşdırmaqdır və bu məqsədə nail olmaq üçün Azərbaycan öz maraqlarını rəhbər tutmaqla bundan sonra da üzərinə düşən vəzifələri yerinə yetirəcək. Öz növbəsində siyasi və sosial problemlər içində boğulan Ermənistan da rəsmi Bakının formalaşdırdığı bu xoş mühitdən yararlanaraq 10 noyabr bəyanatının şərtlərini tam yerinə yetirməyə tələsməlidir, əks halda, rəsmi Bakı bölgədə sülh və tərəqqi naminə İrəvana qarşı məcburetmə tədbirləri tətbiq etməyə vadar olacaq".

Qeyd: Prezident İlham Əliyevin nümayiş etdirdiyi humanizm siyasətinə uyğun olaraq, Azərbaycan İkinci Qarabağ müharibəsindən sonra saxlanılan təxribatçı erməni hərbçilərdən üçünü azad edib. Azad olunanlar Rovert Vardanyan, Samvel Şuxyan və Seyran Tamrazyandır.

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top