"Qarabağdakı "erməni" adlanmış boyların çoxu xristianlığı qəbul etmiş türklər olub"

MÜSAHİBƏ 28 apr 2021, 21:55
“Türkmənçay müqaviləsindən sonra Azərbaycana gətirilən xristian haylar buradakı xristian ermənilərə qoşuldu və aparılan syasət sonucunda onlar da haylaşdı...”
 
“Qarabağın gerçək tarixi  yenidən yazılmalıdır...”
 
Professor Firudin Cəlilov Moderator.az əməkdaşıyla qısa söhbətində  yaxın gələcəkdə dinc, yanaşı yaşamağı planlaşdırdığımız “erməni” kimi tanıdığımız qövmün etnogenezi, etnopsixoloji xarakteri, onların əsil adının “hay” olmasından, Qərbi Azərbaycandakı ermənilərlə Qarabağ ermənilərinin mənşəyi və etnopsixologiyasındakı əsas fərqlərdən, onların öz aralarındakı ziddiyyətlərdən Qarabağdakı son zəfərimizdən sonra alimlərimiz qarşısında duran vəzifələrdən və s. bəhs edib.
 
-Firudin müəllim, siz uzun illər türk xalqlarının tarixini, etnogenezini araşdırmısız, bu mövzuda cild-cild kitablar yazmısız. Və özünüz də Qərbi Azərbaycanda doğulmuş, uşaqlığı orada keçmiş bir ziyalı kimi, yəqin ki, hələ min illər öncədən başımıza problemlər açan erməni qövmünün də etnogenezi, etnopsixoloji xarakteri ilə maraqlanmısınız. Sizcə, ermənilərlə yaxın gələcəkdə nəzərdə tutulan qonşuluqda və işğaldan yeni azad olunmuş ərazilərimizdə - Yuxarı Qarabağda “dinc yanaşı yaşama” problemini həll edə biləcəyikmi? 
 
-Ermənilərin, daha doğrusu, hayların dilini və tarixini Universitetdə oxuyanda öyrənmişəm. Sonrakı illərdə apardığım araşdırmalarda mənə aydın oldu ki, «Erməni tarixi» adı ilə yayılan kitabların ilkin variantlarında «erməni» sözü yoxdur, V əsrdə M.Xorenatsinin yazdığı tarix kitabından üzübəri, XVIII-XIX əsrlərə qədər yazılan kitablarda erməni yerinə hay adı keçir. Beləliklə, bəlli oldu ki, orijinalda «Hay tarixi», «Hay xalqının tarixi» kimi yazılan adlar o kitabların başqa dillərə tərcüməsində «Erməni tarixi», «Erməni xalqının tarixi» adı ilə verilir. Halbuki, qədim subar boylarının bir qolu olan ermən adlı türk boyunun Van gölü civarında yaşadığı kiçik Ermən bölgəsində haylar yox idi. Vaxtilə Balkanlardan Anadoluya gələn haylar çox sonralar Ermən bölgəsinə sızmışdı. Buraya müxtəlif çağlarda Hindistandan gələn qaraçılarla və İrandan gələn farslarla qaynayıb-qarışan hayların sayı çoxalmışdı. Bu gün də özlərinə “hay” deyən bu xalq tarix boyu “ermən” adını daşımamışdır...
Bu ad dəyişmə olayının gerçək səbəbi isə imperialist Pusiya və Avropa dövlətlərinin Türkiyə ilə Azərbaycan arasında xristian bir dövlətin yaradılması planı idi və bunu 1918-1920-ci illərdə gerçəkləşdirə bildilər. Qarabağ problemi də həmin siyasətin sonucu kimi gündəmə gəlmişdir. Yəni, bundan sonra da ermənilərlə “dinc yanaşı yaşama” probleminə məhz bu kontekstdə yanaşmaq gərəkdir...
 
-Qərbi Azərbaycandakı ermənilərlə Qarabağ ermənilərinin mənşəyi və etnopsixologiyasındakı əsas fərqlər nədən ibarətdir?
 
-Öncə İrəvan hayları ilə Qarabağ ermənilərinin fərqli soykökü olmasını bilməmiz lazımdır. "Erməni" adlanan yerli  boyların çoxu vaxtilə xristianlığı qəbul etmiş xristian alban, qıpçaq, qarqar və sair türklər idi və o dönəmlərdə «erməni» sözü artıq xristianlığın bir məzhəbi adına çevrilmişdi. Artıq erməni adı altında türk, tat, kürd boyları vardı. Vaxtilə buraları fəth edən ərəblər kimi, ruslar da Alban kilsələrini hayların himayəsinə vermişdı. Türkmənçay müqaviləsindən sonra Azərbaycana gətirilən xristian haylar buradakı xristian ermənilərə qoşuldu və aparılan siyasət sonucunda onlar da haylaşdı...
 
-Qarabağ klanı ilə Ermənistan klanı arasındakı ziddiyyətlər əsas nələrdən qaynaqlanır? 
 
- İrəvan hayları Qarabağ ermənilərinin «dönmə hay» olduğunu bilir və bunu gizlətmirlər və onlara «şurdvats hay» (dönmə hay) deyirlər. Hələ də türk soyadı daşıyan qarabağlı ermənilər öz aqressivliyi ilə fərqlənir. Köçəryandan Paşinyan dönəminə qədər hakimiyyətdə olan Qarabağ klanı dönəmində traybalizm və korrupsiya Ermənistanı çökdürmüşdür... 
 
-Onların bizə - Azərbaycan türklərinə münasibətlərində də fərqlər var, eləmi? 
 
- Qarabağ klanı Azərbaycan xalqına qarşı da çox aqressivdir və bunun müsəlman-xristian yöntəmli səbəbi vardır. Ümumiyyətlə, dönmə xalqlar daha aqressiv olur...
 
-Azərbaycan Ermənistan erməniləri ilə Qarabağ erməniləri arasındakı ziddiyyətlərdən və bizə münasibətdəki fərqlərdən necə yararlana bilər? 
 
-Bunun üçün hakimiyətdə olanlar ən azı bölgənin 2500 illik tarixini, özəlliklə, son 1500 illik xristian və İslam tarixini öyrənməlidir. Azərbaycan Prezidentinin müsahibələrində səsləndirdiyi İrəvan xanlığının və Zəngəzur mahalının tarixi məsələləri çox önəmlidir. Təəsüf ki, diplomatlarımızın çoxu bu mövzulardan xəbərsizdir. Bir örnək verim: Hay tarixində ilk hay hökmdarı sayılan Artaşesin (Ərtaşın) 2200 il öncə sınır daşı üzərində türk dilindəki yazısını ilk dəfə otuz il öncə oxudum və bunu tanınmış türkoloqlar qəbul etdi, ancaq Azərbaycanda bunu görməzdən gəldilər, görünür, 5-ci kalon hələ də öz işini görür...

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top