Cəbrayıl və Qubadlının deputatı: "Ermənistan müharibədən və məğlubiyyətdən dərs almayıb" — MÜSAHİBƏ

MÜSAHİBƏ 28 apr 2021, 14:14
Ceyhun Məmmədov: "Təəssüf ki, özüm hələ Cəbrayıla səfər edə bilməmişəm"

Xəbər verdiyimiz kimi, aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva Cəbrayıl və Zəngilan rayonlarında olublar.
 
Prezidentin səfəri, bölgədəki vəziyyət və digər məsələlər bağlı 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsinin deputatı Ceyhun Məmmədov Demokrat.az-ın suallarını cavablandırıb: 


- Prezident İlham Əliyev ötən gün növbəti səfərini Cəbrayıla etdi. Bu səfər çərçivəsində ölkə başçısının verdiyi mesajları necə qiymətləndirirsiniz? 

- Bu səfər Prezidentin işğaldan azad olunmuş ərazilərə növbəti gedişi kimi tarixi əhəmiyyət daşıyır. Məlum olduğu kimi, cənab Prezident artıq bir neçə dəfə işğaldan azad olunmuş ərazilərə səfərlər edib. Bu səfərlərin hər birində yeni layihələrin icrasına başlanıldığının şahidi oluruq. 

İşğaldan azad olunmuş ərazilərlə bağlı yeni addımlar atıldığını, layihələrin icra olunduğunu müşahidə edirik. Prezidentin Cəbrayıla səfəri zamanı gördük ki, Sovet dövründə hazırlanmış lövhə bərpa edilib. 

Həmçinin, Prezident Cəbrayılda Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışında birbaşa iştirak etdi. Həmin açılışda ölkə başçısı bir sıra məsələlərlə bağlı fikirlər səsləndirdi. O, Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq da etdi. 

Prezident həmçinin Azərbaycan-İran sərhədlərinin dostluq sərhədi olması ilə bağlı mühüm bəyanat verdi. Dövlət başçısının Zəngilan səfəri zamanı burda "ağıllı kənd" pilot layihəsinin başlanıldığının şahidi olduq. Uzun müddətdir Azərbaycan cəmiyyəti səbirsizliklə bu günü gözləyirdi. Bir çox insanda suallar vardı ki, bu şəhərlər hansı formada, necə inşa ediləcək. Cənab Prezidentin də dediyi kimi, bu layihə ilə böyük qayıdışın təməli qoyulmuş oldu. Görünən odur ki, ən müasir texnologiyalar və şəhər quruculuğu ilə Azərbaycan bu layihəni həyata keçirəcək. Tez bir zamanda bu layihənin yekunlaşması planlaşdırılır. Azərbaycan bununla göstərdi ki, bu yerlərin, torpaqların həqiqi sahibi məhz Azərbaycandır. Azərbaycan bir daha heç vaxt ermənilərin təxribatına yol verməyəcək və bunun qarşısını qətiyyətlə alacaq.

- Prezidentin Ermənistandakı revanşist qüvvələrə xəbərdarlıq etməsinə toxundunuz. Ölkə başçısı həmçinin, ermənilərin Zəngilan istiqamətində hərbi təxribatının sonuncu olacağını da bildirdi...

- Bildiyiniz kimi, bir müddət əvvəl Ermənistan tərəfi Zəngilan istiqamətində çox ciddi təxribatlar törətdi. Sonradan bu məsələ ilə bağlı münasibət bildiriləndə, həmin şəxslərin guya sərxoş olduqlarını bəyan edildi. Azərbaycan tərəfi isə bu məsələdə öz təmkinini nümayiş etdirdi. Prezident isə çıxışında bildirdi ki, Ermənistan tərəfi yenidən hansısa bu cür təxribat cəhdi etsə, bunun qarşısı çox ciddi şəkildə alınacaq. Ermənistan bu məsələdən və xəbərdarlıqdan çox ciddi nəticələr çıxarmalı, Azərbaycanın dövlət sərhədlərində hansısa pozuntunun həyata keçirilməsi ilə bağlı düşünməməlidir. Qarşı tərəf başa düşməlidir ki, bu, onun üçün son xəbərdarlıqdır. Əslində Ermənistan tərəfinin müharibədən sonra baş verənlərdən nəticə çıxaracağı gözlənilirdi, amma biz onu görürük ki, Ermənistan müharibədən və məğlubiyyətdən dərs almayıb, yenə də təxribatlara əl atır. Lakin onlar başa düşməlidirlər ki, Azərbaycan bu kimi hallara qarşı öz qəti mövqeyini nümayiş etdirir və etdirəcək. Ermənistan yenidən hansısa səhv addım atsa, təxribata yol versə, bunun qarşısı Azərbaycan tərəfindən qətiyyətlə və çox ciddi şəkildə alınacaq. Ermənistan bunu birmənalı şəkildə nəzərə almalıdır.

- Son zamanlar daha bir məsələ - Zəngəzur dəhlizinin açılması diqqətdədir. Sizcə, bu dəhlizin açılması regiona nə vəd edir?

- Zəngəzur dəhlizinin açılması regionda çox böyük inkişaf dəyişiklikləri vəd edir. Əslində bu, regionumuz üçün böyük əhəmiyyət daşıyan, çox önəmli bir məsələ, kifayət qədər ciddi layihədir və Azərbaycan bu layihəni uğurla həyata keçirməyi planlaşdırır. Zəngəzur dəhlizinin açılması regionda sülhün və təhlükəsizliyin təmin olunmasını təmin edəcək. Region ölkələri daha sürətlə inkişaf edəcək və Azərbaycan bununla da, bölgədə iqtisadiyyatın tənzimlənməsi və inkişafına öz töhfəsini verəcək. Həmçinin, bu, Ermənistan üçün də bir şansdır və onlar bu şansdan səmərəli şəkildə istifadə edə bilərlər. Ermənistan bununla da öz inkişaf və gələcəyini təmin edə bilər. Ermənistan bu faktorları nəzərə almalıdır və çalışmalıdır ki, bu prosesə töhfəsini versin. 
Azərbaycan-Türkiyə əlaqələrinin, ümumilikdə götürdükdə Orta Asiya ölkələri ilə tranzit əlaqələri, eləcə də gələcəkdə digər Şərq ölkələri - Pakistan, Əfqanıstan bu layihədən uğurla istifadə edə bilərlər. Bu baxımdan, Zəngəzur layihəsi çox qlobal və xüsusi əhəmiyyət daşıyan bir layihədir və bu layihənin həyata keçirilməsi üçün Azərbaycan bütün zəruri addımları atır və atacaq.



- Ermənistandakı son prosesləri necə şərh edərdiniz?

- Bildiyiniz kimi, Ermənistanda vəziyyət çox gərgindir. Ölkə yeni seçkilərə hazırlaşır. Seçkilərdə qələbə qazanmaq üçün həm müxalifət, hə  də iqtidar ciddi cəhdlə çalışır. Gözlənilən o idi ki, Ermənistan baş verənlərdən nəticə çıxarsın və hansısa revanşist cəhdlər barədə düşünməsin, amma təəssüf ki, biz bu gün bunun əksini görürük, Ermənistan tərəfi revanşist bəyanatlar verir, yeni cəhdlər barədə fikirlər səsləndirir. Mənə elə gəlir ki, Ermənistanın daha dəqiq və konkret mövqeyi seçkilərdən sonra özünü daha yaxşı bəlli edəcək. Hazırda bütün tərəflər yalnız ictimai rəyə hesablanmış bəyanatlar verirlər. İstənilən halda, Ermənistan baş verənlərdən ciddi dərs çıxarmalıdır, bunu bacarmasa, yenidən "dəmir yumruq" birləşəcək. Ermənistandakı vəziyyətin düzəlməsi üçün digər ölkələr də diqqətli olmalıdır. ABŞ, Fransa kimi ölkələrin verdiyi, yaxud verəcəyi bəyanatlar prosesin zədələnməsi gətirib çıxara bilər.
 
- Maraqlıdır, özünüz Cəbrayıla səfər etmisinizmi? Cəbrayılın hazırkı vəziyyəti ilə bağlı təəssüratlarınız nələrdir?

- Təəssüf ki, özüm hələ Cəbrayıla səfər edə bilməmişəm. Bildiyiniz kimi, işğaldan azad olunan ərazilərimizin minalardan təmizlənməsi işləri davam etdirilir. Şəhərlə bağlı videolara, şəkillərə baxmışam. Prezidentin səfəri zamanı şahidi oluruq ki, şəhər çox vəhşicəsinə və barbarcasına dağıdılıb. Ümumilikdə Cəbrayılın 92 kəndi, 4 qəsəbəsi var və bunların hamısı yerlə yeksan edilib. Cəbrayılda olan bütün məscidləri dağıdıblar, hətta dam örtüklərini, divarlarını belə yerlə-yeksan ediblər. Mədəniyyət abidələri, insanların evləri dağıdılıb, məzarlar təhqir edilib, eşələnib. Digər işğal altında olmuş bölgələrimiz kimi Cəbrayıl da dağıdılıb.

- Bir vacib məsələyə diqqət çəkdiniz, ərazilərin minalardan təmizlənmə işləri davam etdirilsə də, insanlar təhlükəsizliklə bağlı xəbərdarlıqlara məhəl qoymayaraq, işğaldan azad olunmuş bölgələrə səfər edirlər. Təəssüf ki, belə səfərlərin sayı artdıqca ölüm sayı da artır. Onlara tövsiyəniz nədir?

- Bizə də belə səfərlər üçün tez-tez müraciətlər edilir. Biz də onlara bildiririk ki, otuz ildir gözləyirik, indi kimsə istəməz ki, bu qədər yaxınkən səbrsizlik edib həyatımızı təhlükəyə ataq. 

Təəssüf ki, tez-tez bu kimi hadisələrin şahidi oluruq. Bizim də vətəndaşlara müraciət və tövsiyəmiz ondan ibarətdir ki, tələsməsinlər, bir az da səbrli olsunlar, gözləsinlər. Ərazilər minalardan təmizləndikdən sonra həmin vətəndaşlarımıza şərait yaradılacaq ki, onlar işğaldan azad olunmuş bölgələrə səfər etsinlər, illər əvvəl tərk etdikləri evlərini, yaxınlarının məzarlarını ziyarət etsinlər. Biz insanları, onların bu istəklərini başa düşürük, çox ağır hisslərdir, amma bir reallıq var ki, minaya düşərək həyatını itirən insanları da görürük. Ona görə də, bu məsələdə tələsmək yolverilməzdir. Çox ehtiyatlı və diqqətli olmalıyıq.


Aygül Qarayeva
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top