Əhmədli bələdiyyəsinin gördüyü və görmədiyi işlər — BƏLƏDİYYƏ HƏYATI

SOSİAL 26 apr 2021, 10:53
“Gəmi suda olanda batmır, su gəmidə olanda batır”- tanınmışlardan birinin əsəri məhz bu cümlə ilə başlayır. Əslində məntiqlə bu cümlə ətrafında yüzlərcə əsər yazmaq olar. Lakin biz bu cümləni bizim uzun illərdən bəri çalışdığımız sahəyə transformasiya etsək onda belə alınar: “Sədr yerində olanda bələdiyyə inkişaf edər, yerində olmayanda isə bələdiyyə batar”. Bu həqiqətən də belədir.

***
Bu günlərdə tanışlıq məqsədiylə Abşeron rayonu Goradil bələdiyyəsində oldum. Qəsəbəyə çatar-çatmaz isə əsas məqsədim bələdiyyənin inzibati binasının yerləşdiyi ərazini rahat tapmağım idi. Qəsəbənin girişində qarşılaşdığım məktəblidən, daha sonra üç nəfərdən binanın yerini soruşduqda çox aydın şəkildə yerini göstərmələri məndə belə bir təəssürat yaratdı ki, bələdiyyə özünü sakininə, seçicisinə az-çox tanıda bilib. Və soruşduğum insanlarda bələdiyyə adı gələndə antipatiya ilə danışmadılar. Baxmayaraq ki, yeni seçilən sədr fəaliyyətin təbliğinə heç də maraqlı deyil. Hər halda görünən odur ki, bələdiyyə seçicisinə xidmət etmək niyyətindədir.

Sədr yerində olmayanda isə tam əksi olur, məsələn Xətai rayonu Əhmədli bələdiyyəsində olduğu kimi.

***
Qəsəbədə üz tutduğum insanlardan yalnız bir nəfəri bələdiyyənin binasının yerləşdiyi səmti göstərə bildi. Xatırladım ki, bu bələdiyyənin formalaşdığı ilk günlərdə sədrlik edənlər barəsində az-çox məlumatımız vardır. Bələdiyyədə baş verən prosesləri və vaxtıilə başverən  sədr dəyişiklikləri isə yaxşı xatırlayıram.

İndiki bələdiyyə sədrinin rəhbərlik etdiyi 15 ildən artıq bir müddətdə inzibati bina məsələsinin həll etməməsi təəssüf doğurur. Hazırda bələdiyyənin fəaliyyət göstərdiyi bina Ekologiya və Təbii sərvətlər nazirlyinin balansındadır. Və bina 2005-2010-cu illərdə bələdiyyə sədri işləmiş Xudayar Xudiyevin rəhbərliyi dövründə əsaslı şəkildə təmir edilmişdir. Belə qənaətə gələ bilərik ki, indiki sədr on beş il ərzində bələdiyyənin inzibati bina məsələsinin həllinə heç maraqda göstərməyib. Göstərsəydi, yəqin ki, həll etmiş olardı. Hətta bələdiyyənin binası ətrafında səliqə-səhman yaratmaması diqqətimizdən yayınmadı. Əgər inzibati binanın həndəvəri pis günə düşübsə, ərazidə natəmizlik hökm sürürsə sakinin bələdiyyədən hansı umacağı ola bilər? Əlavə edim ki, ümumiyyətlə bələdiyyənin fəaliyyətinə diqqət yetirilsəydi X.Xudiyevin dövründə hazırlanan bələdiyyənin saytı (http://www.belediyye.com/ahmedli/?id=2&lang=2) bugün belə biabırçı vəziyyətdə olmazdı.

Keçək bələdiyyənin büdcə gəlirlərinə. Əhmədli bələdiyyəsinin 2020-ildəki büdcə gəliri 36.944 manat, xərcləri 36.930 olub. Əlavə edək ki, dövlət tərəfindən ayrılan dotasiyada bura daxildir. Maraqlıdır 37 min manata yaxın maliyyəni bələdiyyə sədri hara xərcləyib? Bilən varmı?

Gəlirlə-xərc arasında olan fərq göstərir ki, növbəti ilə bələdiyyə cəmi 14 manatla keçib. Cari ilin dörd ayında isə 3.674 manat büdcə gəlirinə qarşı 2.642 manat xərcləri olub.

Beləliklə, ay ərzində 918 manat büdcə gəliri olan bələdiyyə öz qulluçularına əməkhaqqını necə və hansı şərtlərlə ödəyir? Həqiqətən, çox maraqlıdır. Bələdiyyədə hesabatlılıq varmı? Üzvlərin bundan heç olmasa xəbəri olurmu? İclaslar keçirilirmi? Bu suallara növbəti yazıda aydınlıq gətirəcəyik.  

Bələdiyyə ərazisində olduğumuz vaxtda isə bir sıra görülən işlərin şahidi olsaq da, onun bələdiyyə tərəfindən deyil, Xətai RİH tərəfindən icra edildiyi söylənildi. Bu cavabları eşidəndə bələdiyyələrin fəaliyyətini daim təbliğ edən və problemlərini ictimailəşdirən bir insan kimi çox pis oldum. Bu gün Əhmədli qəsəbəsində əhalinin bələdiyyə haqqında fikirləri nədən ürəkaçan deyil? Yəqin ki, bələdiyyənin növbəti iclasında bu məsələlərə də aydınlıq gətiriləcək. Əgər keçirilmiş olacaqsa...

Bu gün Xətai bələdiyyəsi təcrübəsi yayıla biləcək bələdiyyələr sırasında olsa da, rayonun digər bələdiyyəsinin belə bir ciddi problemlə üz-üzə qalması təəssüf doğurur.

Güman edirəm ki, rayonun siyasi rəhbərliyi və bələdiyyənin aktiv üzvləri məsələyə öz münasibətlərini bildirəcəkdir.

Vüqar Tofiqli

P.S.Qarşı tərəfin fikirlərini dinləməyə və saytda yerləşdirməyə hazır olduğumuzu bildiririk.

(Mövzunu diqqətdə saxlayacağıq) (belediyye.info)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top