“Dünyanın heç yerində sülhməramlılar parad keçirmirlər” — Deputat

GÜNDƏM 22 apr 2021, 23:48
“Dünyanın heç yerində sülhməramlılar nə təlim, nə də parad keçirmirlər. Belə bir beynəlxalq təcrübə də yoxdur. Sülhməramlı hərbçilər tez-tez əvəz olunurlar, onların ailələri də xidmət keçdikləri münaqişə zonasına gətirilmir. Sülhməramlıların işi münaqişə tərəfləri arasında dayanıb atəşkəsə nəzarət etməkdir. Amma Rusiya sülhməramlıları səlahiyyət hədlərini aşır, ermənilərə xoş gəlmək, bizi isə, yanlış olaraq özlərini bölgənin sahibi kimi aparmaqla qıcıqlandırmaq istəyirlər. Səbrlə Ermənistandakı növbədənkənar seçkilərin başa çatmasını gözləməliyik”.

Demokrat.az xəbər verir ki, bunları Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev Qarabağdakı Rusiya sülhməramlılarının 9 mayda parad keçirməyə hazırlaşmasına münasibət bildirərkən deyib.

Partiya sədrnin fikrincə, Rusiya üçün gözəl imkan yaranıb ki, Azərbaycanın suverenliyinə hörmət etməklə, bizimlə oxşar problemlər yaşayan digər keçmiş sovet respublikalarına göstərsin ki, Rusiya ilə dost olmaqla problemləri həll etmək olar. “Bu olmayacaqsa, hamı Rusiyanı özünün ərazi bütövlüyünə təhlükə görəcək və Rusiyadan uzaqlaşmağa, yeni müttəfiqlər tapmağa çalışacaq. Bunu başa düşmək o qədər də böyük ağıl tələb etmir”.

“Rusiyanın Türkiyə ilə hava əlaqəsini kəsməsi, Qarabağda - başqa dövlətin ərazisində parad keçirmək istəyi Türkiyənin Ukraynanın ərazi bütövlüyünü dəstəkləməsi ilə bağlı ola bilərmi” sualına Q.Həsənquliyev belə cavab verib: “Düşünmürəm. Türkiyə həmişə dövlətlərin ərazi bütövlüyünü dəstəkləyib. Bundan başqa Türkiyə Ukrayna Prezidentini Ankaraya dəvət edib, inandırmağa çalışdı ki, Qərbə güvənib müharibə etmək olmaz, münaqişənin hərbi yolla həlli çox təhlükəlidir və Ukrayna ərazi bütövlüyünə danışıqlar yolu ilə nail olmağa çalışmalıdır. Zaman-zaman Ukrayna, Gürcüstan, Moldava da bizə deyirdi ki, ərazi bütövlüyünüzü tanıyırıq, amma problemi danışıqlar yolu ilə həll edin. Mən 10 il NATO PA-da bir dəfə görmədim ki, qeyd etdiyim üç ölkədən bir nəfər çıxış edib bizi müdafiə etsin və desin ki, Qarabağ problemi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bizim onları dəfələrlə müdafiə etməyimizə baxmayaraq. Elə dünən Avronest Parlament Assambleyasında da biz bunu müşahidə etdik. Bunları yeri gəlmişkən söylədim. Türkiyədəki danışıqlardan sonra biz Ukraynanın davranışlarında sərt ritorikadan imtinanı müşahidə etdik. Hesab etmirəm ki, hazırda Rusiyaya Ukrayna ilə böyük müharibə lazım idi və Türkiyə onun planlarını pozub. Ona görə də, həm Rusiya, həm də Ukrayna Türkiyəyə səmimi tərəfdaş kimi minnətdar olmalıdır”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top