“Kreml Azərbaycanı “SSRİ”yə dartır”


XARİCİ SİYASƏT 21 apr 2021, 09:48
“Bölgəmiz yenə qaynayır, çox vacib, həm də təhlükəli proseslər gedir, Rusiya öz rolunu gücləndirir, Qərb isə hələ də nə edəcəyini bilmir, hər addımda hələ ki, uduzur. Ola bilər ki, orta və uzun vadədə Qərb yenə öndə olsun, amma ABŞ və Avropa Birliyində ciddi cari liderlik problemi var, ən pisi odur ki, məsələ bugünün problemi deyil – 2007 Münxen Konfransınsa başlanan proses Rusiyanln güclənməsi xətti ilə gedir. Sonra 2008 Gürcüstan hadisələri oldu – Qərb heç nə edə bilmədi, sonra Krım, Donbas, Belarus hadisələri, nəhayət ərazimizə “sülhməramlı” adı altında ordu soxması – bütün bu hadisələr zəncirində, hələki udan Rusiyadır”.

Demokrat.az
xəbər verir ki, bu barədə ekspert Natiq Cəfərli deyib.

N.Cəfərli bildirib ki, Qərb post-soveti ya tanımır, ya tanımaq, öyrənmək istəmir, ya da ən pisi – Qərb post-sovet məkanını Rusiyaya təslim edir, uzun zamana oynayır:

“Düşünür ki, bütün post-sovet ölkələrinin problemlərini Rusiyaya yükləməklə Kremlin qəddini əyəcək, maddi, siyasi, iqtisadi yükə davam gətirməyən Rusiya sonda təslim olacaq. Məncə, çox riskli plandlr, hətta baş tutsa belə, bu keçmiş SSRİ respublikalarının bugününü qaralayır, xalqların gözünü qırır.

Qərbin son 1 ildə ən böyük səhvlərindən biri Belarusda oldu – Lukaşenko diktator, avtoritar olsa da, Krım və Donbasdan sonra gözü qorxmuşdu, Moskvadan məsafə olaraq uzaqlaşmaq, Qərblə yaxınlaşnaq istəyirdi. Hətta AB və ABŞ ilə danışıqlara başladı, ciddi səfərlər və görüşlər oldu, yeni sənədlər imzalandı, daha geniş sənədlər imzalanmaq üzrə idi. Məhz Lukaşenko Belarusun müstəqilliyini üstün tutaraq Rusiya ilə “İttifaq Dövlətinin” yaranmasına mane olurdu. Son seçkilərdən öncə Kreml orada oyun qurdu – Batkanın əsas rəqibləri məhz Kremlin adamları idi, seçkilərdən azı 1-1,5 il öncə Rusiya TV kanalları Lukaşenkonu aşağılamaqla məşğul idilər. Hətta “müxalifətin” əsas tribunası Rusiya kanalları idi. Seçkidən sonra Qərb səhv strategiya yürüdərək Rusiyanın əlinə oynadı, faktiki olaraq, Batkaya seçim qoymayaraq onu Kremlin qucağına itələdi”.

N.Cəfərli aprelin 22-də Putin-Lukaşenko görüşünün olacağına diqqət çəkib: “Moskva artıq elə bir vəziyyət yaratdı ki, Batka indi hər şeyə razıdır – ehtimalıma görə aprelin 22-də Rusiya-Belarus İttifaq Dövlətinin yeni, daha sıx inteqrasiya olunmuş variantı elan ediləcək – bu SSRİ-nın xortlamasının təməli ola bilər. Kreml sonra çox asanlıqla Qırğızıstanı “udacaq” – orada son hakimiyyət dəyişikliyi məhz bunun üçün idi, daha sonra növbə Qazaxstana çatacaq, növbəti addım kimi Donbası tərkibinə qatacaq, amma bizim üçün ən təhlükəli məqam Ermənistandlr – əgər Kreml yayda bu ölkədə keçirilən seçkilərdə planladığını etsə, rəsmi İrəvan yeni “SSRİ”-yə daxil olacaq, zatən son hərbi məğlubiyyət bunun əsasını yaratmağa səbəb oldu – Ermənistana mesaj verildi ki, təkbaşına, ayının dəstəyi olmasa ölkə kimi mövcudiyyəti sual altına düşəcək”.

Partiya funksioneri deyib ki, vəziyyət qəlizdir, əgər bu ssenari həyata keçirilməyə başlasa, bizim üçün ağır dövr gələcək: “Kreml artıq açıq-açıq Duqinin dili ilə həm təhdid edir, həm də Azərbaycanı “SSRİ-yə” dartır. Yaxşı, bəs nə edək?! Əgər 22 Apreldə Moskvada “SSRİ-nin” xortlaması layihəsinə start verilsə, biz həmən Türkiyə ilə “İttifaq Dövləti” müqaviləsi bağlamalı, Türk Ordusu üçün həmən bazalara icazə verməliyik. Başqa yol yoxdur, əgər seçim ya “SSRİ”, ya da Türkiyə ilə Konfederasiyadırsa, məncə, düşünmək belə artıqdır, seçim bəllidir, yeni Konfedarativ Dövlət, Ankara-Bakı birliyi – ancaq bu yolla müstəqilliyimizi qoruya biləcəyik.

Çox təəssüf ki, Kollektiv Qərb daha uzun zamana hesablanmış oyun oynayır, qısa vadədə hamımızı “yem” kimi Kremlin ağzına atır, bilir ki, Moskva bunu “həzm” edə bilməyəcək, sonda “boğulacaq”, amma buna böyük zaman lazımdır, bizim isə zamanımız yoxdur – ən böyük uğurumuz və dəyərimiz olan müstəqilliyimiz sual altına düşə bilər”.

N.Cəfərli onu da əlavə edib ki, əgər aprelin  24-də Bayden qondarma hadisəyə “genosid” desə, bu Qərblə Türkiyə, Azərbaycsn arasında gərginliyi artıracaq, buna da hazır olmalayıq:

“ABŞ bunu etsə, Türkiyə və Azərbaycanı özündən uzaqlaşdıracaq, bizim isə başqa gedəsi yerimiz yoxdur, deməli birgə addımlamaq lazımdır”.

Demokrat.az


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top