"Şahbazla Dilqəmin məsələsinə DTX mütləq müdaxilə etməlidir"

GÜNDƏM 17 apr 2021, 16:06
Son günlərdə Dilqəm Əsgərov və Şahbaz Quliyev arasındakı mübahisələr böyüməkdə davam edir. Dilqəm Əsgərov Həsən Həsənovun necə öldürülməsi ilə bağlı suala “Bunu Şahbaz Quliyevdən soruşun” cavabını verib və deyib: “Həsənin necə öldürülməsini Nikol Paşinyanın dostu Şahbaz Quliyev yaxşı bilir. Bunu ondan soruşun”.

İllərlə erməni əsirliyində qalmış və nəhayət, qəhrəman əsgərlərimizin Qələbə çalması ilə azadlıqlarına qovuşan bu iki şəxsin indi bir-birini ittiham etməsi nə dərəcədə düzgündür?  

Demokrat.az xəbər verir ki, jurnalist Seymur Verdizadə sherg.az-a açıqlamasında bu qarşılıqlı ittiham davasının artıq çox uzandığını və Dövlət Təhlükəsizliyi Xidmətinin məsələyə müdaxilə etməli olduğunu deyib: 
 
"Yeddi il eyni taleyi bölüşən, eyni əzab-əziyyətlərə, eyni işgəncələrə məruz qalan adamlar arasında bu cür insidentin baş verməsinə görə təəssüf edirəm. Həm Dilqəm Əsgərov, həm də Şahbaz Quliyev yaşlı-başlı, təcrübəli adamlardır. KİV-də "atışmaq" vəziyyətdən çıxış yolu deyil. Dilqəm Əsgərov və oğlu qarşı tərəfin ünvanına kifayət qədər ciddi ittihamlar səsləndirib. Bu ittihamlar çoxsaylı şübhələrə yol açıb. Dilqəm Əsgərov sağdır, amma Həsən Həsənov ermənilər tərəfindən qətlə yetirilib.

Əsgərovlar mərhum Həsən Həsənovun öldürülməsində Şahbaz Quliyevi günahlandırırlar. Bu iddialar nə dərəcədə doğrudur? Doğrudanmı, Həsən Şahbaz Quliyevin satqınlığı nəticəsində öldürülüb?

Təkcə Həsən Həsənovun ailə üzvlərinin deyil, bütövlükdə Azərbaycan cəmiyyətinin bu sualın cavabını bilməyə haqqı var.  Həqiqəti isə jurnalistlər deyil, hüquq-mühafizə orqanları üzə çıxarmalıdır. Əgər Dilqəm Əsgərovun əlində faktlar varsa, mütləq DTX-yə müraciət etsin. Bu məsələ DTX tərəfindən araşdırılmalıdır. Bəlkə kimlərsə məqsədli və məkrli şəkildə bu iki şəxsi üz-üzə qoyur? Məqsəd də Azərbaycanı gözdən salmaqdır. Ona görə də hesab edirəm ki, DTX mütləq müdaxilə etməlidir". 

S.Verdizadə qeyd edib ki, şəxsən Şahbaz Quliyevin yerində olsaydı, DTX-yə müraciət edərdi: 

"Mən Şahbazın yerində olsaydım və günahsızlığıma da əmin olsaydım, Dilqəm Əsgərovu gözləmədən özüm DTX-yə müraciət edərdim. Şahbaz bu ağır ittihamın yükünü ömür boyu çiynində daşımamalıdır.

Heç bir günahı yoxdursa, mütləq hüquqi müstəvidə hərəkətə keçməlidir. Ox yaydan çıxıb. Yəni geriyə dönüş yoxdur".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top