Bakıda icbari tibbi sığorta niyə işləmir?

GÜNDƏM 16 apr 2021, 11:16
Yaxud adi vətəndaşlar bu xidmətdən real olaraq nə vaxt faydalanacaqlar?

Sizə icbari tibbi sığortanın vəziyyətindən danışmaq istəyirəm. O icbari tibbi sığortanı deyirəm ki, illər əvvəl bu sahədə işləri tənzimləmək üçün agentlik də yaradıldı. Ötən ildən ölkə üzrə tibbi sığortaya keçidə start verilsə də pandemiya səbəbindən işlər yarımçıq qaldı. Yəni, tibbi sığortanın əhatə dairəsi məhdud regionla tamamlandı. Bu ildən, daha dəqiq desək, aprelin 1-dən  artıq Bakı şəhəri sonuncu ünvan olaraq icbari tibbi sığortaya qoşuldu və bu xidmət bütün Azərbaycanı əhatə etdi. Çoxları kimi mən də inanmışdım ki, neçə illər söhbəti gedən bu icbari tibbi sığorta, nəhayət, Bakı şəhərində də işləyəcək. Müvafiq  kateqoriyadan olan insanlar tibbi sığortadan istifadə edərək, sağlamlıqlarının qayğısına qalacaqlar. Çox təəssüf ki, indiyədək danışılan və rəsmi vəd edilən heç bir təlimatın işləmədiyinin şahidi oldum.

...Ötən həftənin sonunda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə (İTSDA) müraciət edərək, hepatit B xəstəliyindən əziyyət çəkdiyimi, bununla yanaşı mədəmdə, qara ciyərimdə, öd və mədəaltı vəzimdə problemlər olduğunu bildirdim və müayinə üçün kömək istədim. Qəbuldakı xanım burada heç bir problem olmadığını, ərazi üzrə poliklinikaya getməyimi tövsiyə etdi, hətta yanımda baş həkimlə danışıb kömək göstərməsini də tapşırdı. Doğrusu sevindim ki, işim belə asanlıqla yoluna düşəcək. 
Deyilən vaxt  Bayıldakı 33 saylı poliklinikaya yaxınlaşıb baş həkimin də məsələdən xəbəri olduğunu, mənə icbari tibbi sığortanın xətti ilə kömək göstərmələrini xahiş etdim. Həkimlər mənə poliklinikada qara ciyər müayinələri üçün heç bir şərait olmadığını, ümumiyyətlə müəssisədə icbari tibbi sığortanın hələ başlamadığını, tibbi personalın, əsasən, koronaviruslu xəstələrlə məşğul olduğunu söylədilər. Təkrar məni baş həkimin yanına apardılar. Baş həkim də poliklinikada qara ciyərin analizləri – ALT, AST, PZR müayinələrinin olmadığını, məni yalnız USM aparatından keçirə biləcəklərini söylədi və həkimlərə qalan müayinələrimi 1 saylı Klinik Xəstəxanada aparmaq üçün göndəriş veməyi tapşırdı. Poliklinikada USM müayinəsindən sonra bildirdilər ki, 1 saylı Klinik Xəstəxana hazırda yalnız koronavirusla bağlı xəstələrə xidmət göstərir. Yəni, mənim ora göndərilməyim də baş tutmadı.

Evə qayıdıb icbari tibbi sığortanın çağrı mərkəzinə –“1542”-yə zəng edib 2 saata yaxın gözlədikdən sonra başıma gələnləri onlara danışdım. Xətdəki xanım poliklinikadakı həkimlərin işini düzgün qurmamasına iradını bildirdi, tibbi sığorta ilə 3 saylı şəhər xəstəxanasının məşğul olduğunu dedi. Mənə təkrar poliklinikaya getməyi, həkimdən 3 saylı Şəhər Klinik Xəstəxanasına göndəriş almağı məsləhət bildi. Mən telefondakı xanımdan təkrar soruşdum ki, 3 saylı xəstəxanada icbari tibbi sığorta ilə xəstələrə pulsuz xidmət göstərilirmi? Həmin xanım qətiyyətlə “bəli” dedi.

Bu dəfə də sevincək poliklinikaya yollandım. İnsafən, göndəriş yazan həkim yenə üstüörtülü şəkildə mənə bildirdi ki, nahaq yerə əziyyət çəkirsən. Bizdə bu sistem hələ işləmir. Mən isə təkid edib göndəriş aldım. 

Dünən səhər tezdən yollandım 3 saylı Şəhər Klinik Xəstəxanasına. Qeydiyyat şöbəsində icbari tibbi sığorta xətti ilə müayinə olunmaq istədiyimi bildirdim. Qeydiyyatçı qız həkimlə danışdıqdan sonra mənə talon verdi. Əlimdəki köhnə müayinələrimin sənədləri ilə tanış olandan sonra terapevt Cabir həkim, insafən, mənə sağlamlığımı bərpa etməyə kömək göstərəcəyini dedi. Əvvəlcə USM, sonra Ezofaqoqastroduodenoskopiya müayinəsinə göndəriş yazdı. 

Qonşu binada yerləşən 3-4 otaqdan ibarət icbari tibbi sığorta şöbəsində yenidən məni qeydiyyata aldılar. Hər 2 talonda icbari tibbi sığorta sözünü gördükdə bir az da arxayınlaşırdım. Ancaq USM aparatında müayinəm başa çatanda həkim Gültəkin Cəlilova cavab yazması üçün məndən ödəniş tələb etdi. Bildirdim ki, icbari tibbi sığorta xətti ilə gəlmişəm. O isə tibbi sığortanın hələ başlamadığını bildirərək, çəkdikləri əziyyət müqabilində ödəniş tələb etdi. Pulumu ödəyib mədəmin müayinəsi üçün növbəti – Ezofaqoqastroduodenoskopiya otağına yaxınlaşdım. Əvvəlcədən həkimdən üzr istəyib icbari tibbi sığorta xətti ilə müayinəyə gəldiyimi, ödəniş etməyə maddi imkanım olmadığını bildirdim. Həkim Aygün Əsgərova narazı halda Bakı şəhərində icbari tibbi sığortanın adının olduğunu, amma hələlik fəaliyyətə başlamadığını söylədi. O, xəstəliyimi nəzərə alıb məni pulsuz müayinə etməyə razılaşdı. Əlavə etdi ki, indiyədək tibbi sığorta agentliyindən bir dəfə də olsun onlarla maraqlanmayıblar, xəstələrə hansı aparatla, necə xidmət göstərdiklərini soruşmayıblar.

Məni müayinəyə göndərən Cabir həkimə yaxınlaşıb qan analizləri üçün göndəriş verməyi xahiş etdim. Həkimin sifət cizgiləri bu dəfə tamam dəyişmişdi. Yəqin ki, pulsuz müayinə üçün xəstə göndərdiyinə görə həkimlər ona irad bildirmişdilər. Cabir həkim tibbi sığorta xətti ilə pulsuz müayinə və müalicə olunmaqda israrlı olduğumu biləndən  sonra mənə baxmaqdan imtina etdi. Bildirdi ki, qara ciyər xəstələri xəstəxananın yoluxucu xəstəliklər şöbəsində qeydiyyata alınıb orada müayinə olunurlar. Halbuki, ilk tanışlığımızda həkim mədəmin, böyrəklərimin, ödümün müalicəsi üçün kömək göstərəcəyini vəd etmişdi. Hiss etdim ki, həkim pulsuz xəstə ilə vaxtını boş yerə məşğul etmək istəmir. Çünki onu qapıda daha sərfəli xəstələr gözləyirdi. 

Əlqərəz, yoluxucu xəstəliklər şöbəsində də xəstəliyimin yüngülləşdirilməsi və müalicəmin davam etdirilməsindən ötrü heç bir kömək ala bilmədim. Həkim icbari tibbi sığorta adını eşidən kimi məni yenidən qeydiyyatda olduğum 33 nömrəli poliklinikaya göndərdi: – Get, yeni göndəriş yazsınlar, sonra gəlib burada yatarsan. Bizdə müayinə üçün heç bir avadanlıq yoxdur!

Mən tənbəllik etməyib xəstəxananın rəhbərliyinə yaxınlaşdım ki, vəziyyətə aydınlıq gətirim: –Tibbi sığorta Bakı şəhərində işləyir, ya yox? 

Baş həkimi əvəz edən qadın məni dinləyib qara ciyər analizlərinin onun rəhbərlik etdiyi xəstəxanada mümkün olmadığını bildirdi. Əlavə etdi ki, biz özümüz də ALT, AST, PZR üçün xəstələri özəl müəssisələrə göndəririk. Get, sən də özəl müəssisədə müayinə olun!

“Dəyərli məsləhət” üçün baş həkim əvəzinə təşəkkür edib dübarə yollandım İTSDA-ya. Qəbuldakı xanım məni tanıdı. Bu dəfə nə üçün gəldiyimi soruşdu. Mən agentliyin vətəndaşları təmin etməli tibbi sığortadan istifadə edə bilmədiyimi bildirdim. Sonra başıma gələnlərin hamısını bir-bir danışıb, bu dəfə mənə lazımi şəraiti olan müəssisəyə göndəriş vermələrini xahiş etdim. Qəbuldakı xanımın qeydiyyatda olduğum poliklinika ilə təkrar əlaqə saxlamaq təklifinə etiraz etdim. 33 nömrəli poliklinikada heç bir şəraitin olmadığını bildirdim. Cavab belə oldu ki, bu gün qurumun gücü yalnız buna çatır. Özəl tibb müəssisələri ilə müqavilələri olmadığı üçün ora göndəriş vermirlər. Bakı şəhərinin bütün əhalisinə xidmət göstərməli olan 1 saylı Şəhər Klinik Xəstəxanasındakı vəziyyəti isə artıq yuxarıda sizə danışmışam. 

Sonra mənə Tibbi Sığorta Agentliyinin rəhbərinin adına ərizə yazdırdılar. Bildirdilər ki, gələcəkdə qurumda hepatitlərlə bağlı komissiya yaradılacaq. Yalnız komissiya işə başlayandan sonra ərizəmə baxıb kömək göstərəcəklər.

İndi məni bir neçə sual düşündürür. Azərbaycanda Tibbi Sığortaya 2020-ci ildən rəsmən başlanıb. Əgər agentlikdə komissiya yaratmağa ehtiyac vardısa, indiyədək niyə yaradılmayıb? Daha nə qədər vaxt lazımdır ki, komissiya təşkil olunsun? Azərbaycanda icbari tibbi sığorta neçə illərdir müzakirə olunur. Belə olan halda hazırlıq məsələləri də çoxdan başa çatmalı idi. Əgər hələ sistem qurulmayıb, hazırlıq işləri başa çatmayıbsa, niyə aprelin 1-dən Bakı şəhərində icbari tibbi sığortanın başlandığını rəsmən elan edirdilər? Nəhayət sonuncu sual. Bu ilin yanvar ayından işləyən əhalidən əmək haqqının 2 faizi məcburi tutularaq İTSDA-ya köçürülür. Bizim ödədiyimiz pulun müqabilində xidmət göstərilmirsə, bəs o pullar hara xərclənir?

Qabil Əliyev
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top