Deputat: “ATƏT-in Minsk Qrupunun Azərbaycana gəlişinə, fəaliyyətinə qadağa qoymalıyıq”

GÜNDƏM 15 apr 2021, 18:02
"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın tez-tez işlətdiyi bir ifadə var. Deyir ki, biz öz göbəyimizi özümüz kəsirik. Biz də belə etdik və axıra qədər də davam etməliyik. Bizə ATƏT kimi vasitəçi lazım deyil. Azərbaycan vasitəçiliyi də özü etdi, danışığı da, elə müharibəni də özü apardı, o cümlədən BMT-nin qətnamələrini də təkbaşına icra etdi".

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin deputatı Elman Məmmədov deyib.

Deputatın sözlərinə görə, bu qurum özünün bütün fəaliyyəti dövründə problemin dondurulmuş halda həll olunmadan qalmasına çalışıb və hər zaman istəyiblər ki, status-kvo qorunub saxlanılmaqla Azərbaycan torpaqları işğal altında olsun: "Bir neçə dəfə Bakıda ATƏT-in Minsk Qrupu ilə görüşüm olub. Onların birbaşa özünə dediyim ifadəni təkrar edirəm. Demişdim ki, Minsk Qrupu olaraq, siz problem həll edən vasitəçilərdən çox, beynəlxalq turizm şirkətinin üzvlərinə oxşayırsız və gördüyünüz işin nəticəsi sıfırdır. Onların bütün bəyanatlarında istifadə etdikləri məşhur ifadələri var idi: biz tərəfləri dayanıqlı sülhə nail olmağa çağırırıq, gərginliyi azaltsınlar və atəşkəsə əməl etsinlər. Bu o deməkdir ki, işğalçı Ermənistanın qoşunları bizim ərazilərimizdə qalmalıdır və sakitlik olmalıdır ki, təki bunların işi düz getsin. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev həm müharibə dövründə, həm də müharibədən sonra da bu məsələyə toxunanda deyir ki, ATƏT bizi arxayın etməyə çalışırdı və hər dəfə qeyd edir ki, biz bu məsələni həll edirik. Sən demə, bunlar yalan danışır, riyakarlıq edirmişlər. Bir məşhur ifadələri də "bu münaqişənin hərb yolu ilə həlli yoxdur, yalnız sülh və danışıqlar yolu ilə həll edilməlidir" ifadəsi idi. Bu ifadə ilə bağlı həmişə deyirdim ki, onlar bizim başımızın altına uzun illik sülh yastığı qoyub bizi arxayın etmisiniz, ermənilər də öz işlərini görürlər".

Elman Məmmədovun fikrincə, Minsk Qrupunun Azərbaycana gəlişinə, bu işə qarışmasına, fəaliyyətinə qəti qadağa qoymalıyıq: "Hər zaman Prezident İlham Əliyevin fikirlərinə istinadən deyirdim ki, bu məsələ ancaq hərb, güc yolu ilə həll olunacaq: "Bu gün yenə ATƏT əl-ayağa düşüb, prosesə qoşulmaq istəyir. Hesab edirəm ki, bu, bizim yalnız ziyanımıza ola bilər. Ona görə də, onların dediyi heç bir sözlə oturub-durmamalıyıq".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top