Azərbaycan polisinin danışan FOTOSU

TƏHLİL 12 apr 2021, 15:20
Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının informasiya və media üzrə məsul nazirlərinin, yüksək vəzifəli rəsmilərinin işğaldan azad edilmiş ərazilərə səfərində bir foto xüsusilə diqqət çəkdi.

Qonaqlar Ağdam məscidinə daxil olarkən, məsciddə bir polis namaz qılır. Adını, kim oduğunu bilmirik, buna ehtiyac da yoxdur. Çünki o, Azərbaycan polisidir və bütün polislərimizi təmsil edir. 

30 il sonra işğaldan azad olunan torpaqlarımızda ictimai asayişi qoruyan Azərbaycan polisi həm dövlətin verdiyi vəzifəni icra edir, həm də Allahın bəndəsinə verdiyi buyruğunu.

Azad olunmuş torpaqlarda erməni vandalizminin qurbanı olan məsciddə çəkilmiş bu foto günün, bəlkə də ilin fotolarından biri hesab oluna bilər. 

Bu foto özündə çox şeyi ifadə edir. Xüsusilə də Azərbaycan polsinin simasını! 

Vətən müharibəsində iştirak edən polislərimiz indi daha məsuliyyətli iş olan təhlükəsizliyimizin təmin edilməsini həyata keçirirlər. 

Azərbaycan polisi - Onlar bu gün təhlükəsiz yaşamağımızın zəmanətidir. 

Onlar Qarabağda döyüşdülər, şəhid oldular. 

Onlar vətəndaş rahat yaşasın deyə yatmır, ən qatı cinayətkarlara qarşı mübarizə aparır, silahlı dəstələrlə vuruşur, ictimai asayişin təmin edilməsi üçün əlindən gələni edirlər. 



Vaxtilə qaranlıq düşən kimi evlərinə tələsən vətəndaşlar indi günün istənilən saatında küçədə təhlükəsiz şəraitdə gəzə bilirlər. Ölkədə cinayətkarlığın sayı minimuma düşüb. Oğurluqla qarşılaşandan burnu qanayana qədər bütün vətəndaşlar ilk olaraq polisə müraciət edir, küçədə qalanın ilk yardımına polis yetişir, qapısı açılmayana ilk polis kömək edir, yolu keçmək istəyənin qolundan yenə polis tutur.

Vətən müharibəsinin ön cəbhəsində döyüşənlər arasında yenə Azərbaycan polisi var idi. 

Azərbaycan polisi Azərbaycan dövlətinin gücü, ictimai asayişin təminatçısı, xalqın təhlükəsizliyinin müdafiəçisidir. Bu, onların vəzifəsidir və onlar vəzifələrini yerinə yetirmək üçün gecə-gündüz çalışırlar. 

Azərbaycan 90-cı illərdə soyğunçuluğun, quldurluğun tüğyan etdiyi ölkədən ən təhlükəsiz ölkəyə çevrilib.

Bu gün respublikanın digər bölgələrində olan təhlükəsiz, rahat həyatı işğaldan azad edilmiş torpaqlarda da təmin etmək üçün polislərimiz vəzifə başındadırlar. Ağdam məscidində çəkilmiş olan bu foto bunun bariz nümunəsidir.

Bu görüntülər təhlükəsiz həyatın tezliklə işğaldan azad edilmiş ərazilərə də qayıdacağına əminlik yaradır...


Vasif Həsənli
"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top