“Oğlumu öldürmək üçün meşədə silahla məşq etdim” — 71 yaşlı atadan tükürpədən sözlər

KRİMİNAL 08 apr 2021, 10:07
Göygöl rayonunda oğlunu qətlə yetirməkdə ittiham olunan 1950-ci il təvəllüdlü Yaşar Bayramovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Yaşar Bayramov oğlu Mahir Bayramovla aralarındakı şəxsi münasibətlərin pozulması ilə əlaqədar, yəni sonuncunun son 2-3 il ərzində ailəsi ilə birlikdə ondan ayrı yaşaması, bir ata kimi ona qayğı göstərməməsi, onun məişət problemləri ilə maraqlanmamasından irəli gələn ailə-məişət münaqişəsi zəminində oğlu Mahir və gəlini Gülnar Bayramova ilə aralarındakı münasibətlərin ciddi kəskinləşməsinə görə qisas alıb oğlunu öldürmək qərarına gəlib.

Oğlunu əkin sahəsində güllələdi

Bu məqsədlə Yaşar Bayramov əvvəlcədən planlaşdırdığı kimi 1 yanvar 2020-ci ildə, saat 11 radələrində yaşadığı Göygöl rayonu, Alabaşlı məntəqəsində yerləşən evinin yaxınlığındakı əkin sahəsində oğlu Mahirin işləməsini dəqiqlşdirib. O, ov tüfəngini götürüb və əkin sahəsində işləyən oğlu Mahirə arxadan yaxınlaşaraq ona odlu silahdan təxminən 3-4 metr məsafədən 2 atəş açıb.

Həmin atəşlərdən biri boşa çıxmaqla digəri bel nahiyəsinə girib. Mahir Bayramov üzü üstə yerə yıxıldıqdan sonra növbəti patronu da tüfəngin lüləsinə qoyub və ona yaxınlaşaraq təxminən 1,5 metr məsafədən boyun nahiyəsinə atəş açıb. Mahir Bayramov aldığı xəsarətdən hadisə yerində ölüb.

Üç maddəli cinayət işi

İstintaq orqanı tərəfindən Yaşar Bayramovun barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə), 228.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı (yivsiz odlu ov silahı və həmin silah üçün döyüş sursatı istisna olmaqla), partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və ya gəzdirmə) və 229.1-ci (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatını, partlayıcı maddələri və qurğuları hazırlama, habelə odlu silahı təmir etmə) maddələri ilə ittiham elan edilib.

“Münasibətlərim pozulub”

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Yaşar Bayramov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, 1975-ci ildə mərhum arvadı ilə evlənib: “Həmin evlilikdən Zeynəb adlı qızlarımız, Mahir və Zaur adlı oğlanlarımız olub. Zeynəb və kiçik oğlum Zaur ailələri ilə birlikdə Gəncə şəhərində, böyük oğlum Mahir isə 2009-cu ildə ikinci dəfə evləndiyi Gülnar və 3 azyaşlı uşağı ilə birlikdə mənim evimdə yaşayıblar. Mahir Gülnar ilə evləndikdən sonra birlikdə evimdə yaşamağa başladıqları vaxtdan Gülnarın mənimlə münasibəti pis olub. Gülnar mənə bir qayınata kimi hörmət və qulluq etməyib. Gülnarın mənə qarşı belə münasibət saxlaması barədə oğlum Mahirə dəfələrlə deməyimə baxmayaraq Mahir Gülnarı müdafiə etdiyinə görə, həm Gülnarla bir gəlini kimi, həm də Mahirlə bir oğlu kimi münasibətlərim pozulub”.

“Oğlum məni evə buraxmayacağını bildirdi”

Yaşar Bayramovun sözlərinə görə, Mahirin uşaqlarının oxuduğu Nadil kənd orta məktəbi yaşadığı evdən uzaq olduğuna görə 2019-cu ilin axırlarında Mahir Nadil kəndindən kirayə ev tutub: “Gülnar və uşaqları ilə birlikdə köçərək həmin evdə yaşamağa başladılar. Yaşım və səhhətim ilə bağlı tək yaşamaqda çətinlik çəkdiyimə görə, Mahirin Nadil kəndində olan kirayədə yaşadığı evə getdim, Mahirdən bir ata kimi mənə diqqət yetirməsini, məni öz evində saxlamasını xahiş etdim. Buna baxmayaraq Mahir məni yaşadığı evə buraxmayacağını bildirdi”.

“Oğlumu öldürmək üçün məşq etdim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 2019-cu ilin dekabrın ortalarında Mahirin yaşadığı evin yaxınlığındakı taxıl sahəsində işlədiyini görüb: “Oğluma yaxınlaşaraq yenə də məni özü ilə evinə aparmasını xahiş etdim. Mahir məni kirayə yaşadığı evə aparmaqdan imtina etdi. Bundan sonra Camal adlı tanışımdan Mahir ilə görüşüb, məni kirayədə yaşadığı evinə aparması barədə söhbət etməsini xahiş etdim. Camal Mahirlə görüşdü. Sonra Mahirin məni qəbul etmək istəmədiyini dedi. Həmin hadisədən 2 gün sonra Mahirin məni gördüyü halda ürəyi yumşalaraq evində saxlayacağını düşündüm. Mahirin evinə getdim və yenə də Mahirdən məni evində saxlamasını, hətta pensiya kartımı ona verəcəyimi deməyimə baxmayaraq, həm Mahir, həm də gəlinim Gülnar məni yaşadıqları evə buraxmaqdan imtina etdilər. Bundan sonra Mahirin mənə bir ata kimi qəbul etmədiyini dəqiqləşdirdim. Buna görə də Mahiri öldürmək qərarına gəldim. Bu məqsədlə Gəncə şəhərində, “Azərittifaq” deyilən yerdə olan ovçular mağazasına gedərək mağazadan 4 ədəd karteçli patronlar, digərləri isə nisbətən xırda qırmaları olan cəmi 15 ədəd patron aldım və yaşadığım evə gələrək tüfəngdən həmin patronların bir neçəsini meşəlik sahədə atmaqla məşq etdim. Sonra Mahiri evinin yaxınlığındakı taxıl sahəsində işləməyə gəldiyi vaxt öldürmək üçün münasib vaxt axtarmağa başladım. Mahiri öldürdükdən sonra həbs ediləcəyimi bildiyim üçün mənə məxsus olan evdə Gülnarın yaşamamasına görə Mahiri öldürdükdən sonra yaşadığım evi yandırmaq qərarına gəldim. Bu məqsədlə plastmas qablarda aldığım benzini dizel yanacağı ilə 20 litrlik qabda qarışdıraraq yaşadığım evin yanındakı yarımtikilidə saxladım. Mahiri kiminsə yanında öldürsəm, saxlanılmaqla evini yandırmağıma imkanım olmayacağını bildiyimə görə Mahiri tək olduğu vaxt öldürmək qərarına gəldim”.

“Evimi yandıra bilməyəcəyimi fikirləşdim”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, 31 dekabr 2019-cu il tarixdə, yeni il gecəsi Mahirə zəng edib və onu evinə aparmasını bir daha xahiş edib: “Mahir əvvəl evdə olmadığını dedi. Sonra telefon zənglərimə cavab vermədi. 2020-ci il yanvarın 1-də, saat 09 radələrində Mahirin Elvin adlı iş yoldaşı ilə birlikdə yaşadığım evdən 150-200 metr məsafədə taxıl sahəsində işləmək üçün gəldiklərini gördüm. Elvinin yanında Mahiri öldürsəm, Elvinin məni tutaraq saxlayacağını və buna görə də evimi yandıra bilməyəcəyimi fikirləşdim. Elvinin Mahirin yanından uzaqlaşmasını gözlədim. Saat 10 radələrində Mahirin yanına getdim. Mahirdən nə səbəbə bayram gecəsi məni evinə aparmadığını soruşdum. Mahir Gülnar razı olmadığına görə məni evinə apara bilmədiyini dedi”.

“Məni axtaracaqlarını bildim, telefonumu söndürdüm”

Təqsirləndirilən şəxsin ifadəsinə görə, saat 11 radələrində Elvin yemək üçün yaşadığı evə gedib: “Bundan sonra Mahirin yanından uzaqlaşdım, yaşadığım evin yanındakı yardımçı tikilidə olan tüfəngi götürdüm, 2 ədəd karteçli patronları tüfəngin lüləsinə qoyduqdan sonra gödəkçəmin altında gizlətdim. 9 ədəd patronu isə ciblərimə qoyaraq Mahirə tərəf gəldim. 3-4 metr məsafədə atəş açdıqdan sonra Mahirin ölmədiyini gördüm. Tüfəngə daha bir patron qoyaraq onun yıxıldığı yerə yaxınlaşdım. Təxminən 1 metr məsafədən boyun nahiyəsinə daha bir dəfə atəş açdıqdan sonra Mahirin öldüyünü gördüm. Sonra oradan uzaqlaşaraq evimə gəldim. Özüm ilə götürdüyüm boş gilizi və gödəkçəsini evimin yanına atdım. Sonra əvvəlcədən evi yandırmaq üçün hazırladığım neft məhsulunu evinin müxtəlif yerlərinə tökərək evi yandırdım. Sonra əvvəlcədən hazırladığım ərzaq, siqaret, su, hadisə zamanı istifadə etdiyim tüfəngi və qalan 8 ədəd patronu götürərək Samux rayonu Qarayeri qəsəbəsinə, oradan da Gəncə şəhər avtovağzalına gəldim. Avtobusla Bakı şəhərinə getdim. Yolda olarkən məni axtaracaqlarını bildim, telefonumu söndürdüm”.

“Səsimi çıxarmadım”

Yaşar Bayramov qeyd edib ki, Kürdəmir rayonu ərazisində olarkən telefonun batareyasını arxasına qoyub və telefonu işə saldıqdan sonra ona bir neçə nömrədən zəng gəldiyini, həmçinin sahə müvəkkili Təhmasibdən də zəng gəldiyini görüb: “Sahə müvəkkilinə zəng vurdum və səsimi çıxarmadım. Təhmasiblə 6-7 saniyə əlaqəm oldu və Təhmasib məndən harada olduğumu soruşduqdan zəngi sonlandırdım. Saat 22.30-da Bakı şəhərində Daxili İşlər Nazirliyinin qabaq tərəfinə gəldim, telefonla “102 Məlumat Mərkəzi”nə zəng etdim, törətdiyim cinayət hadisəsi barədə məlumat verdim. Bir qədər sonra olduğum yerə gəlmiş polis işçilərinə könüllü təslim olaraq polis bölməsinə aparıldım”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində hakim Xəqani Səmədovun sədrliyi ilə baxılıb.

Məhkəmənin hökmü ilə Yaşar Bayramov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən olunub.

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top