Deputat: “Yalnız cılız adamlar maraqlanar ki, Zaur Mikayılov nəyə görə belə bir vəzifəyə gəldi…”

GÜNDƏM 07 apr 2021, 15:52
“Bu gün müstəqil Azərbaycana xidmət etmək həm böyük şərəf və vəzifə, həm də ən böyük maddiyyatdır. Dövlətə xidmətlə qürurlanmaq lazımdır. Alverçi elə alverçidir, hamı alver edə bilər. Amma diqqət edin ki, yaxşı işlər görən, yüksək xidmət göstərən insanlar necə xoş xatırlanırlar! Gəlin nümunə götürək jurnalistikadan - Həsən bəy Zərdabidən, Cəlil Məmmədquluzadədən... Kasıb ölsələr də, şərəflə xatırlanırlar”. 

Bunu Pravda.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Tahir Rzayev deyib.

Milli Məclisin üzvü ölkədəki su təsərrüfatı ilə bağlı bir sıra məqamlara diqqət çəkib.

Komitə sədri bildirib ki, Prezidentin qeyd etdiyi kimi, biz su təsərrüfatı sahəsində dünya təcrübəsini öyrənərək biliklərimizi işimizə tətbiq etməliyik.

Onun sözlərinə görə, ölkəyə yeni avadanlıqlar gətirilməli, eyni zamanda yeni su anbarlarının tikilməsi üçün layihələr hazırlanmalıdır.

Tahir Rzayev vurğulayıb ki, su təsərrüfatının yaxşılaşdırılması ölkənin iqtisadiyyatı üçün çox vacibdir: “Çünki su həyatdır, su inkişafdır. İstər insanların yaşaması, istərsə də torpaqların münbitləşdirilməsi və bərəkətli olması üçün su ehtiyatlarının yaradılması, sudan qənaətlə istifadə olunması, o cümlədən suvarma texnologiyasının təkmilləşdirilməsi çox vacib məsələlərdəndir. Qeyd etmək istərdim ki, Prezident cənab İlham Əliyev ilk gündən bu məsələlərə böyük diqqət yetirir, qayğı ilə yanaşır. Elə bugünlərdə Azərbaycan “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinə sədr təyin edərkən də bu məsələlərə bir daha aydınlıq gətirdi, yeni reallıqlarına nəzər saldı və gördüyü işlərə sanki bir ekskursiya etdi. Prezident bildirdi ki, əgər biz vaxtında ölkədə bir çox su anbarları tikməsəydik, kanalları təmir etməsəydik və ümumiyyətlə, su ehtiyatının yaxşılaşdırılması üçün mühüm layihələri həyata keçirməsəydik, problemlərlə qarşılaşardıq və nəticədə yüksək məhsuldarlıq əldə edə bilməzdik. Prezident həmçinin ötənilki nəticələrə nəzər salaraq xatırlatdı ki, 330 min tondan çox pambıq götürmüşük ki, bu, olduqca böyük rəqəmdir. Digər iri taxılçılıq təsərrüfatlarının təcrübəsini bölüşərək bildirdi ki, bu gün iri fermer təsərrüfatlarında 60-70 sentner taxıl əldə edilir. Bütün bu təsərrüfat sahələrinin inkişafının fonunda su təsərrüfatının yaxşılaşdırılması dayanır. Əlbəttə ki, biz innovativ tədbirləri vaxtında yerinə yetirməsəydik, belə uğurlu nəticələr əldə edə bilməzdik. Həmçinin cənab Prezidentin də vurğuladığı kimi, qarşıda daha mühüm vəzifələr durur. İşğaldan azad edilən torpaqlarda suvarma sistemlərinin yaradılması çox vacibdir. Çünki həmin ərazilərdə olan su hövzələri, kanallar erməni faşistləri tərəfindən tamamilə dağıdılıb, ekologiyaya çox ciddi ziyan vurulub. Beləliklə, həmin torpaqların yararlılığını bərpa etmək üçün vacib olan meliorativ, aqrotexniki tədbirlər həyata keçirilməlidir. Bu tədbirlərin gerçəkləşdirilməsi üçün suvarmadan elmi əsaslarla istifadəyə böyük ehtiyacımız var. Gözləntilərimiz böyükdür. Minlərlə hektar suvarılmış ərazilərin bundan sonra da suvarılmasına diqqəti artırmalıyıq”.

Deputatın sözlərinə görə, qarşıda duran əsas vəzifələrdən biri də müasir tələblərə uyğun suvarmanın aparılmasıdır.

T.Rzayev hesab edir ki, mütləq müasir texnalogiyalara əsaslanaraq, sudan qənaətlə istifadə edilməlidir: “Çünki bildiyiniz kimi, istər əkin, istərsə də içməli su məsələləri dünyanın başlıca problemlərindən biridir. Bütün dünya dövlətləri su qıtlığından əziyyət çəkir. Bu, Azərbaycanda xüsusən yay aylarında müşahidə edilir. Təəssüflər olsun ki, suvarma sahəsində müasir texnologiyadan istifadədə ciddi nöqsanlar var. Su itkisinə yol verilir və bir çox hallarda suvarma zamanı suyun istifadəsi ilə bağlı hesablamalar aparılmır, mütəmadi monitorinqlər keçirilmir. Bundan sonra sadalanan bu məqamları diqqətdə saxlamağımız vacibdir. Ümidliyik, çünki Prezident İlham Əliyev hər zaman verdiyi sözlərə əməl edib, vədlərini mühüm əhəmiyyətli sənədlərlə yerinə yetirib. Son illərin statistikası göstərir ki, ölkədə su ehtiyatlarının yaradılması üçün ciddi işlər görülüb”.

Komitə sədri həmçinin Zaur Mikayılovun təyinatdan əvvəlki yüksək maaşlı işi barədə sosial şəbəkələrdə müzakirə edilən məqamlara diqqət çəkib.

O bildirib ki, dövlətə qulluq və ümumən mənəviyyat məsələləri pulla ölçülmür: “Elə insanlar var ki, həyatını elə pulsuz-parasız dövlətinin, xalqının yolunda qoyur. Bizim 3000-ə yaxın şəhidimiz torpaq uğrunda canlarını qurban verdilər, eynilə də minlərlə qazilərimiz vətənləri üçün özlərini fəda etdilər. Xoşbəxt adam odur ki, maddiyatı yox, məhz mənəviyyatı vacib hesab edir. Çünki dövlət qulluğuna gəlmək, xalqa xidmət etmək mənəviyyatdır”.

T.Rzayevin fikrincə, əgər doğrudan da yüksək səviyyədə xidmətinlə vətənə nəsə qazandırarsansa, ömür boyu yadda qalarsan.

“Bəlkə də əvvəl işlədiyi sahədə Zaur Mikayılovu heç çox adam tanımırdı, amma ölkənin iqtisadiyyatı üçün olduqca əhəmiyyətli olan belə bir quruma gələndən sonra, əgər yaxşı xidmət edərsə, uzun illər xatırlanacaq. Məsələn, elə Əhməd Əhmədzadə… O, su təsərrüfatı sahəsində çox ciddi işlər gördü. Uzun illər çalışdı və müasir su kanallarının çəkilməsində, anbarların yaradılmasında Əhməd Əhmədzadənin xidmətləri böyükdür. Vəzifəsinin öhdəsindən layiqincə gələ bildi. Rəhbərin tapşırıqlarını yerinə yetirmək pulla hesablanmır. Belə iddiaları səsləndirənlər çox cılız adamlardır. Ola bilər ki, insan yüksək maaş aldığı yerdə mənəvi cəhətdən sıxılsın, evinə gedəndə, onu sevənlərə “salam” verəndə başını dik tuta bilməsin. Yalnız cılız adamlar maraqlanar ki, Zaur Mikayılov nəyə görə yüksək maaşlı işini atıb, belə bir vəzifəyə gəldi. Belə sözlər yazanlar qarınlarını otaranlardır”, deputat əlavə edib.

Qeyd: Prezident İlham Əliyevin sərəncamı ilə Zaur Rauf oğlu Mikayılov Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib. Məlumatlara əsasən, Zaur Rauf oğlu Mikayılov təyinatdan əvvəl "Azərbaycan Supermarket” MMC-nin rəhbəri olub.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
15 apr 2024, 22:46
Top