“Elə ölkələr var ki, onlara həsəd aparıram, orada virus yoxdu”

SOSİAL 07 apr 2021, 00:10
“Dövlətimiz bizim xeyrimizə çalışır, yəni virusa yoluxmayaq. Amma təsəvvür edin ki, adam iyirmi beş il gözləyib ki, oğlum-qızım böyüsün onlara toy edim, amma bunu edə bilmir”
 
Bunu Moderator.az-a açıqlamasında Xalq artisti Möhlət Müslümov deyib. Tarzən indiki məqamda nə vətəndaşları, nə də dövləti qınaya bilmədiyini deyib:
 
“Elə bir vəziyyət yaranıb ki, heç kimin-heç kimlə düşmənçiliyi yoxdur. Dövlətimiz bizim xeyrimizə çalışır, yəni virusa yoluxmayaq. Amma təsəvvür edin ki, adam iyirmi beş il gözləyib ki, oğlum-qızım böyüsün onlara toy edim, amma bunu edə bilmir. Biz həmişə 20-30 nəfər adam olduqlarına görə rusların toyuna gülmüşük. Amma bizim millətin üstünlüyü odur ki, elə qonum-qonşu, qohum-əqrabayla birlikdə toyunda 100-200 nəfər adam olur. Bizim mentalitetə uyğun toylarımız arzudur. Mən övladlarımın toyunu etmişəm, amma qohumlarda toy etmək istəyən adamlarım var. İndi bu gündən sabaha etibar yoxdu, baba-nənə də arzulayır ki, nəvəsinin toyunu görsün. Dövlətimizi də qınamıram, bizim sağlam olmağımız üçün çalışır. İndi statistika göstərir ki, əsasən yığıncaqlar olan yerlərdə yoluxma olur. Bir arzumuz odur ki, tezliklə virusdan xilas olaq. Bəzi ölkələr var ki, onlara həsəd aparıram. Məsələn, Türkmənistanda bu xəstəlik yoxdu, həyat əvvəlki kimi davam edir. Elə Belarusiyada da virus yoxdur. Qaldı ki, musiqiçi üçün evdə qalmaq çox çətindir. Düzdü, əvvəlki qədər toylara getmirdim, amma adam məşğul olmayanda əli-qolu yatır. Bir il bir aydır ki, hiss edirəm ki, formam itib, yəni virusun ziyandan başqa heç bir xeyri yoxdur”.

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top