Gömrük Komitəsi kimin marağını güdür — Dövlətin, xalqın, yoxsa komitə rəhbərliyinin?

GÜNDƏM 23 mar 2021, 21:37
Dövlət Gömrük Komitəsi xalqı təəccübləndirməkdə və hiddətləndirməkdə davam edir. Ölkə iqtisadiyyatını günbəgün bataqlığa çəkən komitənin iş prinsipinin analoqu yoxdur. Martın əvvəllərində keçirdiyi mətbuat konfransında Səfər Mehdiyev dedi ki, ölkəyə gətirilən malların təxminən yarısı gömrük rüsumlarından azaddır. Ancaq hansı malların rüsumlardan azad olunmasının siyahısını açıqlamadı. Və mən bu məlumatı dəqiqləşdirmək üçün DGK-nın “Customs.gov.az” portalında 2 saat axtarış apardım. Amma bununla bağlı heç bir məlumat tapmadım. Və belə qənaətə gəldim ki, ya Səfər Mehdiyev səhv məlumat verir, ya da idxal zamanı gömrük rüsumlarından azad olan malların siyahısı qəsdən xalqdan gizlədilir. Yəqin ki, ikinci ehtimal daha doğrusudur.

Çünki məlumatsız vətəndaş məcburdur ki, gömrük əməkdaşının dedikləri ilə razılaşsın. Əks təqdirdə gətirdiyi məhsullar elə sərhəd-keçid məntəqəsində məhv olub gedəsidir. Ona görə də mən Səfər Mehdiyevin söylədiklərinin təkzibi üçün bir neçə arqument söyləyəcəm.

Məsələn, Azərbaycan bəlkə də dünyada yeganə ölkədir ki, idxal olunan istehsal avadanlıqlarına gömrük rüsumları tətbiq edir. Eləcə də istehsalda istifadə olunan xammala da gömrük rüsumu tətbiq edən yeganə ölkə Azərbaycandır.

Beynəlxalq təcrübədə qayda belədir ki, ancaq birbaşa satış məqsədilə gətirilən məhsullara, yəni hazır məhsula rüsum tətbiq olunur. Bizdə isə hər növ məhsullara gömrük rüsumları tətbiq edilir. Belə ki, ixtiyari şəxs öz avtomobilinə hansısa ehtiyat hissəsi və yaxud fərdi təsərrüfatı üçün 20-30 kiloqram quş yemi gətirəndə də gömrük rüsumu ödəməlidir. Çünki gömrük orqanları dövlət qanunları ilə deyil, Səfər Mehdiyevin qaydaları ilə işləyir. Belə olmasaydı, gətirilən mala və yaxud məhsula ikiqat əlavə dəyər vergisi hesablanmazdı. Hələ onu demirəm ki, əlavə dəyər vergisi bəyannamədə qeyd olunan qiymətlə deyil, gömrükçülərin müəyyən etdiyi qiymətlərlə təyin edilir. Məsələn, Almaniya istehsalı olan və ilkin alış qiyməti 6 min ABŞ dolları, mühərrikin gücü 2700 k/sm olan avtomobilə DGK-də aşağıdakı kimi rüsumlar tətbiq edilir.

Aksiz vergisi 4100 AZN
Mühərrikin işçi həcminə görə tutulan gömrük rüsum 5508 AZN
Əməliyyat haqqı 120 AZN
Vəsiqə haqqı 30 AZN
ƏDV 3592.44 AZN
Elektron gömrük xidmətinin göstərilməsinə görə 30 AZN
Elektron gömrük xidmətinin göstərilməsinə görə ƏDV 5.4 AZN
Cəmi 13385.84 AZN


Bu hesablama “Customs.gov.az” portalının gömrük ödəniş hesablanması səhifəsindən götürülüb. Amma bu son qiymətlər deyil. Çünki gömrük işçiləri alış qiymətinə görə deyil, həmin avtomobilin Azərbaycandakı qiymətinə uyğun ƏDV tətbiq edirlər.Belə hesablanma isə dünya praktikasında görünməyib. Çünki, bir məhsula 3 cür verginin tətbiqi absurdur.

Hələ onu demirəm ki, bürokratik sənədləşmə üçün də xeyli vəsait tələb olunur. Yuxarıdakı qrafikdə göründüyü kimi, əməliyyat haqqı 120 manat, vəsiqə haqqı 30 manat, elektron gömrük xidmətinin göstərilməsi üçün 30 və elektron xidmətə görə ƏDV 5.4 manat vəsait ödənişi tələb olunur.  Beləcə, köhnə bir avtomobil gətirən şəxsdən 3 növ vergidən əlavə 190 manata qədər vəsait tələb olunur. Hələ sərhəd gömrük məntəqəsində alınan vəsaiti bura əlavə etmirəm. Bu qədər ödənişə şikayət edən şəxsə isə qapını göstərirlər. Adını da qoyurlar ki, “səndən rüşvət istəyən yoxdur ki, hesaba ödəyirsən”. Hesab kimin hesabıdır, onu da deyən yoxdur.

Baxmayaraq ki, qanunvericilik dövlət orqanının bu şəkildə subyektiv davranmasına icazə vermir. Gömrük Komitəsində qiymətqoyma komissiyası yaradılıb. Rəsmi sənədlərlə idxal edilən malların invoys dəyəri xoşlarına gəlmədikdə və ya şübhə yaranan hal varsa, gömrük dəyərini bazar qiymətlərinə baxıb müəyyənləşdirirlər(?). Avtomobil gətirən tanışlarım dəfələrlə mənə deyiblər ki, gömrük dəyəri daxili bazarda olan qiymətlər əsasında müəyyənləşdirilir. Xaricdən ona görə avtomobil gətirilir ki, daxili bazardan daha ucuzdur. Amma Komitə rəsmi invoysdakı qiyməti kənara qoyur, daxildəki qiymətlə yeni invoys qiyməti müəyyənləşdirir. Bu, özbaşınalıqdır. Qanunvericilik bu qaydada gömrük dəyərini müəyyən etməyə yol vermir. Qanunda belə bir tələb yoxdur, Komitə bu cür qiymətləndirməni yalnız daxili təlimatla həyata keçirir.

Surxay Atakişiyev,
Konkret.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top