Bir həkimin — kişiləri belə utandıran MÜHARİBƏ QADINININ ömür və döyüş yolu

GÜNDƏM 23 mar 2021, 19:20
Müharibə qadını... və yaxud bir həkimin - kişiləri belə utandıran MÜHARİBƏ QADINININ ömür və döyüş yolu haqqında... “xəstə münasibət”ə sağlam düşüncə ilə yanaşma cəhdi...

1993-cü ildə “Azərbaycan” qəzetində hərbi vətənpərvərlik və idman şöbəsinin redaktoru olandan ta 2020-ci ilin 27 sentyabrına qədər uyğun mövzulu hər yazımda (bütün yazılarımda demirəm ha!) bizə döyüşdən başqa heç nəyin lazım olmadığını vurgulamışam – hətta olması konstitusional olan hüquqlarımızın tapdanmasına belə haqq qazandırmışam ki... təki döyüş olsun və biz qalib ola(rı)q! “Öz haqlarımızın haqq-hesabını sonra çəkərik” ağlıyla ki, indi düşmənin girdiyi-tapdadığı haqqımızın arını-abrını alaq, döyüşməli olduqlarımız üçün vuruşaq!
O haqq... torpaq idi! O düşmən... erməni idi!
Bu yaxınlarda 90 yaşı tamam olan Nəriman Həsənzadənin şeirlərinin birində belə bir epiqraf-proloq var: Azərbaycan tarixinin bir qəhrəmanı (təəssüf ki, adı yadımda qalmayıb – mahiyyət mənə maraqlı olduğundan fakt beynimdə oturub – A.C.) döyüşə gedəndə barmağına qızıl üzüyünü taxır, anası sual dolu baxışlarla baxır, cəngavər deyir: öldürüləndə də qoy düşmən görsün ki, mən sərvət uğrunda yox, vətən uğrunda şəhid olmaq üçün döyüşmüşəm!
Yenə də elə həmin Nəriman Həsənzadədən bu Nizami ilində Nizami ucalığına və dəruniliyinə həsr etdiyi bir beyti sutat gətirəcəm:
Yuxarı baxıram papağım düşür,
Aşağı baxıram eynəyim...
Və yazılarımda təbliğ etdiyim döyüşün, qələbəsinə heç başlanmamışdan əmin olduğun 44 günlük savaşın uğurlarını görmək üçün Xocavəndə üz tutanda bilməzdim ki, dünyam tarimar olar! Miqyasını və əhəmiyyətini qələmin və eyforiyanın yarada biləcəyindən də qat-qat artıq ehtizazla təbliğ və tərənnüm etdiyim İkinci Qarabağ Savaşındakı Qələbənin bir qırıq qəlpəsinin ağrısı heç özümə qoymadı sevinim... ürək və gözdolusu, o ki qala Xocavəndlilər ola!
Qürur və fərəhqarışıq olmaqla bahəm, bir az sərt, bir az acı, bir az ironiya və kin, hətta qəzəblə deyirəm: 44 günlük savaşda Azərbaycan dövlət olaraq mövcudluq dönəminin ən müzəffər savaşını yapdı və 220 illik işğalçılıq mərhələsinin problemlərini 97 faiz uğurla həll etdi! Cəmi üçcə faiz itki ilə çıxdıq! Mən o üçcə faiz itkinin içində zənn etmirdim bir il öncə erməniylə 300 metr məsafədə üz-üzə qaldığım torpaqları!
Amma və lakin... 30 il süfrəyə də, məclisə də, toya da, vaya da, parada və qələbəyə də “Qarabağ” deyib gələn, danışan, yaşayan, vuruşan oğulların-qızların kəndi... yenə də ermənidə qaldı!
Bu bilirsiniz nəyə oxşayır? Bu acının yanğısının alovunu ciyərində, ağrısını böyrəyində, zülmünü gözündə, zərbəsini ürəyində, fəlakətini ağlında-ruhunda daha dolğun hiss etmək üçün bir misalla kifayətlənim, keçid edim: bax, 40 ilə yaxındır Qafqazın (Qafqazın e, təkcə Azərbaycanın yox!) şeyxi Allahşükür Paşazadədir, İordaniya Kral Akademiyasının sovet dönəmindən üzvüdür, Azərbaycanda dolları üç-beş adam tanıyanda, hər ay 500 dollar ordan təqaüd alan talışdır, hətta ona cinsi azlığın nümayəndəsi kimi lətifə qoşan jurnalisti Heydər Əliyev tutdursa da, özü buraxdırıb, yüzlərlə və minlərlə talışa və talış olmayana torpaq sahəsi bağılşlayıb, özlərindən, oğlanlarından müdir, deputat qayırmağa yardımçı olub, müxtəlif işlərə düzəldib, dünyanın ən ünlü adamları ilə ov ovlayıb, quş quşlayıb, yardım edib 10 mindən 100 minədək, milyonadək, ancaq ömründə bir jurnalisti həbs etdirib, ürəyi soyumayıb, o jurnalistlə, yəni mənimlə şərləndiyimi bildiyindən mehriban danışan hakimə şəxsən zəng edib hədələyib ki, Ramiz Mehdiyevə deyərəm mən, niyə onunla mehriban davranırsan?
Anlata bildimmi şeyxin bunu etməyindən utanmadığını, mənim onun şeyx olmağıyla fəxr edə bilməməyimi? Və biz... hələ yaşayırıq... bu acıyla! Daha da açmasına ehtiyac varmı Xocavəndin – düşmənlə 32 il hər gün üz-üzə qalan yeganə rayonun! Nə Şuşa, nə Laçın, nə Kəlbəcər, Nə Cəbrayıl, nə Zəngilan, nə Qubadlı düşmənlə üz-üzə deyildi, düşməndəydi! Amma Xocavənd 5-10 kəndiylə rayon kimi dururdu erməniylə üz-üzə! Və... ermənidə qalan o beş-üç kənd alınmadı! O kənd ki, Azərbaycanın 28 ildən artıq “Milli Qəhrəman” kimi tanıdığı, son 44 günlük savaşda isə rəsmən “Milli Qəhrəman” adı verilən igid oğlu İbad Hüseynovun kəndi!
Təsəvvür etdinizmi bu acının xocavəndlilərin... ciyərində alovunu, böyrəyində ağrısını, gözlərində zülmünü, ürəklərində zərbəsini, ağıllarında-ruhlarında fəlakətini və ən nəhayət... süfrələrində zəhər olan yeməyini!? Dünya miqyaslı qələbənin “dadından”... boğazdan tikə də keçmir!
Mən talış olaraq, Allahşükür Paşazadəylə nə qədər fərxr edə bilirəmsə, xocavəndlilər də elə bu Qələbəylə o qədər sevinir!
Bu boyda dərdin dərmanı bilinsə də, hələ ki o dərmanı əldə etmək mümkün deyil və bu boyda dərdi daşıyanlara HƏKİM-LOĞMAN lazımdır, əlbəttə ki!
Azərbaycanın şəhid və qazi oğulları haqqında çoxlu qəhrəmanlıq balladaları, elegiyaları yazmışam, amma bu sözü heç kimə aid edə bilməmişəm xocavəndlilərdən başqa: onlar döyüşə sərvət üçün yox, vətən üçün qalxdılar və şəhid olanı oldu, qalanının yarasını sarıyan da təkcə dərmanla yox, elə ana-bacı timsalında Nurəngiz xanım Bəşirova oldu!
Şəhid olanı əminliklə şəhid oldu ki, həm onun özünün qisası alınacaq, həm də torpaqlar alınacaq!
Yaralananı da Nurəngiz xanım Bəşirova və komandası sağaltdı, sağalanlar inandı ki, hələ qabaqda döyüş var və biz torpaqlarımızı da, şəhidlərimizin də qisasını alacağıq!
Sevgilərim və səcdələrimlə dəyərləndirdiyim əziz oxucularım bilir ki, bir saat belə səngərdə düşmənlə üz-üzə qalıb barıt iyini, mərmi qəlpəsini, top atəşini, tank hücumunu görən hər bir əsgərin mətbu şərəfini qorumaq üçün sinəm sipər, qolum qılınc, qələmim-sözüm sərrast atəş olub!
Və bu dəfə mən... ilk olaraq, döyüşən oğullardan yox, döyüşən oğulların yaralarını sarıyan, əməliyyata götürən, onları həyata qaytarmaq üçün ilk tibbi yardımı edən insandan yazmağı qərara aldım!
Bu döyüş hələ bitməyib, bu döyüşü qələbəyə çatdırıb yaralanan oğulları sağaltmaq lazımdı ki, növbəti döyüşə əsgərlərimiz inamla atılsınlar!
Və hələ yenə qarşıda bizi şərəfli günlər gözləyir: qəhrəmanlıqlarıyla yüksələcəkləri zirvəyə baxanda papağımız başımızdan düşər, qarşılarında səcdə edəndə eynəyimiz gözümüzdən!
O oğullarımızın, sözün hərfi mənasında, birbaşa və müstəqim olaraq, qulluğunda duran möhtəşəm bir insandan başlayaq!
Azərbaycan səhiyyəsi həmişə bərbad olub – sovet dönəmindən ta bu günəcən! Cəfər Cabbarlının hekayələrində də var – mıx batan ayağı sağalda bilməyən həkimlərimiz keçən əsrin əvvəlində vardısa, sağ ayağı qoyub sol ayağı kəsən həkimlərimiz bu əsrin əvvəlində də oldu! Amma bütün digər sahələrdə olduğu kimi, səhiyyəmizdə də yüz il əvvəl də örnək, səcdəgah həkimlər olub, bu gün də var, yüz il sonra da olacaq!
Nurəngiz Bəşirovanı... Azərbaycanda hamı tanımasa da, Azərbaycan uğrunda döyüşən qəhrəman oğullar tanıyır, Ağdamın tarixini və özünü gözəl tanıyan insanlar tanıyır və bir də... jurnalistlərin bəlli bir dəstəsi!
Mən tanımamışam – digər azərbaycanlılar kimi!
Bu 44 günlük savaşda tanıdım: təzədən, bir daha və yenidən tanıtmaq istəyirəm həm tanıyanlara, həm də tanımayanlara!
Nurəngiz xanım ən azından bir məqama görə haqq edir hörməti, sevgini və ehtiramı: 28 il xalqın, bu gün isə rəsmən ölkənin Milli Qəhrəmanı İbad Hüseynov aldığı növbəti döyüş yüksəkliyindən geri qayıdarkən minaya düşməsi nəticəsində komada olduğu 40 gün ərzində yastığının böyründə durub, həyata qayıtması üçün Tanrının mərhəmətiylə birgə şəfqətini əsirgəməyib! O 40 gündə unutmayaq ki, evində körpə balası – bircə oğlu ana diqqətindən, qayğısından kənar qalıb Birinci Qarabağ savaşı dönəmində!
Və... atası İsmayıl kişinin anası Ağdam bəylərindən Hüseyn bəyin qızı, atası Muğanlı bəyi Bəşir bəy olan bəy ocağının bu cavanca qızı 1989-cu ildə Nəriman Nərimanov adına Azərbaycan Tibb İnstitutunun verdiyi təyinatı ərizə yazıb öz xahişi ilə... döyüş bölgəsinə dəyişdirtdirib - ermənilərin əhatəsində olan kəndin içinə! O kəndlərdən birinin adı Qarakənddir – zənn etmirəm şərhə ehtiyac var, amma fakt olaraq deyim ki, azərbaycanlının qanına nəinki yerdə susayana, göydə vertolyotda topasını topa tutan həmin məşhur kənddir, 20-dən artıq dövlət xadimimizi qətl etməyə cəsarət edən düşmənlərin əlində qalan kənddir!
Nurəngiz xanım onların əhatəsində piyadaydı və həm də ixtiyarında dəqiqəbaşı “remen”i qırılan “UAZ”-la. O “UAZ”-la da Xocavənddən Şuşaya gedib dərmanları mərkəzləşdirilmiş anbardan alıb geri qayıdırdı! Ermənilər əliavtomatlı, bizdən quş tüfəngləri də yığışdırılan dönəmdə!
Yüzlərlə müharibə olayından ikicəsini yazacam – Birinci və İkinci Qarabağ savaşı dönəmində o qədər tükürpədici məqamların içində bu ikisini vicdan və qəhrəmanlıq adına təqdim edirəm! Anlayaq ki, müharibə qadını nələrdən keçib!
Ailənin yeddi övladından biridir Nurəngiz xanım. Üç bacısı Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin məzunudur! Üç qardaşın biri ən cavan elmlər doktorlarından biridir! Və elmdə-təhsildə qazanılan uğurlar erkən atasızlıqdan sonra qazanılıb!
Bakıda mərkəzi və prestijli xəstəxanaların birində işə düzəlmək imkanı varkən, həyat yoldaşıyla döyüş bölgəsini seçmək ölüm demək idi, yaralıların qulluğunda durmaq demək idi, dava-dərman üçün güllə yağışı altında Şuşaya getmək demək idi, qolunda can verən şəhid demək idi, erməniyə əsir düşmək demək idi, amma heç bir halda, heç bir şəkildə müdir olmaq demək deyildi, onda...
Nurəngiz xanım Muğanlıda fəaliyyətə başlayanda, vicdanlı xocavəndlilər və qəhrəman döyüşçülər etiraf edər Sadıqov İbrahimdən, Cəfərov Sadiqdən və tibb bacısından başqa heç əməlli-başlı məntəqə, maddi-texniki təchizat adına da heç nə yox idi!
Hamının gözü qabağında olub Nurəngiz xanımın tibb, həkim məntəqəsi, xəstəxana yaradıb ərsəyə gətirməyi!
Nurəngiz xanım ilk Qarabağ Savaşının sarsıntılarını bölüşərkən, “döyüş vaxtı qoyub qaçan həkimlər indi müdirlik davası edir”, - deyə replika atmağıma (əslində əleyhdarlarının diliylə demək istədim), onun mərd, ağayana, vicdanlı ağdamlı, özü də bəy ağdamlı təpkisiylə qarşılaşdım:
- Yox, heç kim qoyub qaçmayıb, bir yerdə olmuşuq!
Ardınca da heç kimin bostanına daş atmadan... cəbhə və döyüş xatirələrini bölüşür!
Nurəngiz xanım danışır... və tüklərim biz-biz durur, həm sarsılıram (biz harda olmuşuq bu qadın bu acıları yaşayanda), həm qürurlanıram: xalqın belə mərd qızları-anaları vardı ki, oğullarımız qeyrətlə, cəsarətlə, qəhrəmanlıqla vuruşdular, bizi ağır məğlubiyyətdən qələbəyə çatdırdılar!
Nurəngiz xanım danışdıqca... fərqinə varıram ki, bu həkim xanım insan orqaizmlərini adbaad bildiyi kimi, o qədər döyüşün içində olub ki, həm də hərbi və mülki texnikanı ehtiyat hissələrinəcən əzbərdən bilir! 5.45., 7.62, “remen”, “starter”, ... anlayıram ki, bu qadının ənlk-kirşanı, ətiri-duxisi, geyimi-gecimi... ermənilərin üstümüzə atdığı mərmilərdən, qumbaralardan, yaylım atəşlərindən, yaralıların üstünə axan qanlarından çələnglənib! Bu qadının bəzəyi-düzəyi, ətri, ənliyi-kirşanı müharibə dəhşətləri və faciəsidir!
Getdikcə əhvalım pişləşir, icazə alıb otaqdan çıxıram siqaret çəkməyə: beynim birdən-birə bu qədər yükü götürməyə dözmür! Dalğalar-koordinatlar qarışır artıq və fikirləşirəm ki, onun əleyhinə düşməncəsinə və yaxud da özlərinə bəlli “cuppulu həqiqət”i əsas tutub qəddarcasına gələn, daha çox böhtan yazan ən barışmaz adamın belə ürəyi sıxılar, utanar bu bəy nəslinin övladının bəylərə layiq atdığı addımlarından! İlk olaraq etiraf edim: yolboyu Xocavənddən Beyləqana doğru bütün deyilənləri-bildiklərimi beynimdə “gözləmə rejimi”ndə saxlayıb, mətbuatdan oxuduqlarımın üstündə yaranan təsəvvürümdən utandım! Utandım öz özümdən! Utandım həmkarlarımın ağzına və ağlına gələni yazmaqlarından!
Çünki qarşımda... müharibə qadınını gördüm!
Mənimlə danışan qadın... Allahın son anda kişi cinsində yaratmaqdan imtina etdiyiydi. Bəlkə də Allah fikirləşib ki, bu torpaqda kişi və kişi oğullar çoxdu, Nurəngiz xanımı bura qadın cinsində göndərib. Qoy nümunə olsun, qoy qadınlar müharibə zülmündən, məhrumiyyətlərindən havalanmasın!
Bu şərəfi bəy nəslindən olan bir qıza layiq görmək olardı – İlahidən təyinatı bu torpağa olan qızı Yaradan özü dəfələrlə qoruyub: düşmənə əsir düşməkdən, ölümdən...
Təzədən otağa qayıdıram: Nurəngiz xanımın dedikləri-danışdıqları yaşanmadan mümkün deyil dilə gətirilsin!
Birinci Qarabağ Savaşında... fəaliyyətə başlayanda kim vardı ətrafında Nurəngiz xanımın? Əlində diplomu və qucağında körpəsi olan cavan bir həkim gəlin nədən daha rahat yerlərdə işləyib, sağaltdı-sağaltmadı, pul alıb, varlanıb, təminatlı ailəyə yox, məhrumiyyətlərlə dolu döyüş meydanına bağlandı heç nəyi yerində, səliqəsində olmayan kənddə?
Cavab budur:
- İcra nümayəndəsi (onda sadəcə Muğanlı kənd icra nümayəndəliyi vardı, Xocavənd rayon elan olunmamışdı) ailəlikcə, tayfasyıla birgə döyüşçü, dostlarım döyüşçü, döyüşçülər hər gün salamlaşdığım əziz kənd adamları!
Gəlin Nurəngiz xanımın o ağır illərdən və günlərdən yaşadığı, getdiyi yollardan bircə günü onunla gedək və görək kişi qeyrətimiz bizə imkan verir davam edək Nurəngiz xanımın 28 il anrı-bəri cüzi fərqlə təkrar-təkrar yaşadığı həyata davam etməyə?
... Ağır iflic əlamətləri üzündən bilinən qadını görən kimi təcili Ağdama aparmağın vacib olduğunu anlayan Nurəngiz xanım istifadədə olan tək “UAZ”-la yola düşür!
Qarakənddən keçəndə maşının “remen”i (kəməri, yəni) qırılır. Anında 30-40 erməni yaraqlısı əhatəyə alır maşını: maşında arxada xəstə qadın, qabaqda cavan gəlin və matı-qutu qurumuş, dili topuq vuran sürücü, üzbəüzdə...  kəmfürsət erməni yararqlıları!
Neyləmək olar?
Qəfildən... böyürdən rus tankı yaxınlaşır və maraqlanır! Yaxşı ki, Nurəngiz xanım rusca bilir!
İt hürüşlü səsləriylə aləmə meydan oxumaq istəyənləri rus əsgəri bir neçə dəfə havaya və ayaqlarının altına atəş açmaqla susdurur!
Nurəngiz xanım rus komandirə çatdıra bilir ki, bilirəm pul götürməzsiniz, mən sizə Ağdamda yemək-içmək üçün hər şey verərəm!
Rus əsgərləri “remen”i qırılmış “UAZ”-ı tanka qoşur, ermənilər arxadan maşına cumub xəstəni dartıb əsir götürmək istəyirlər, yenə də atəş açılır və əsgərin biri arxada xəstəylə bir qalır! Tanka qoşulu “UAZ” xəstəxanaya çatdırılır və rus əsgərlər gözləyir ki, vəd olunan “tuşonka”, araq, yemək-içmək gəlsin!
Nurəngiz xanım sözünün ağasıdır, əlbəttə - xilaskar ruslara layiqincə hörmət olunur!
Ruslar geri qaytarmağı da boyunlarına götürürlər, amma igidin igiddən ehtiyatı artıqdır – fəhmi Nurəngiz xanımı daha uzaq və salamat yolla Muğanlıya qayıtmağa təhrik edir. Gecə saat 12-də bir daha və yenidən Ağdama qayıdır: dərmanları çatdırmaq üçün!
Həmin o xəstə qadın Əmirallar sakini Elmira Məmmədova 1-ci qrup əlildir, hal-hazırda da ailəsi ilə birgə Ağcabədidə “Qaçqınlar şəhərciyi”ndə yaşayır.
... Sözlə oxuduq, sözlə dinlədik, bir neçə cümləylə çatdırdıq! Amma təsəvvür edin dostlar və həm də əleyhdar olanlar: bu səhnədən neçəsi sarılığa, şəkərə tutulmamış və üstünü batırmamış çıxdı?
Hər dəfə Şuşaya dərman dalınca gedəndə... açılan atəşlərdən, çovuyan, vıyıldayan güllələrdən salamat qurtulmaq səadətini də gəlin üstünə, amma bir şərtlə: o olayları yaşayaraq!
“Üst-baş”ınız yerindədirmi? Hər şey “səliqə-sahman”ında? Şükür... davam edək!
Xocavənd xəstəxanası mənim olduğum xəstəxanaların içində ən səliqəli xəstəxanalardan biridir!
45 çarpayılıq bu xəstəxana... İkinci Qarabağ Savaşı öncəsi nəzərə və hesaba alınmayıb... döyüşdə iştirak üçün!
Nurəngiz xanım israrla iştiraka cəlb olunmanı tələb edib və müharibə dövrü üçün istifadəyə hazır vəziyyətə gətirib, halbuki nə maddi-texniki bazası, nə də tibb personalı buna imkan verməyib! Amma Nurəngiz xanım neyləyib? Həftənin beşinci günü baxış keçirilib siyahıya salınmayan xəstəxananı döyüş bölgəsində ilkin tibbi yardım üçün yararlı vəziyyətə gətirib və təhvil verib: “Xocavənd bu vətən üçün döyüşən əsgər və zabitlərin qulluğunda durmağa hazırdır!”
Və bunu öz vəsaiti hesabına, qohumlarının-dostlarının dəstəyiylə, öz kollektiviylə birgə edib – üç günün içində əməliyyat və sarğı otaqları istifadəyə verilib!
44 günlük müharibədə dönəmində yardımlar şəxsi vəsaitlər hesabına yox, dostları, o cümlədən TƏBİB və Sığorta agentliyi tərəfindən olunub!
45 çarpayılıq xəstəxanada 508 yaralı döyüşçü ilkin tibbi yardım göstərilərək, əməliyyata alınaraq və müalicəsini tam bərpa olunmaq üçün aidiyyatı xəstəxanalarda davam etdirməyə hazırlanıb!
Bunun adı müdir(ə), direktor olmaq istəyi deyil, ay əfəndilər, bunun adı kişilik və vətənpərvərlikdir!
Necə ittiham etmək olar ki, artıq adamlar yazılır, işə gəlmir, kartlarının pulu götürülür, halbuki 44 gün ərzində ölkənin bir neçə regionundan həkimlər dəvət olunub!
Ştatda olmayan şöbələr və ixtisaslar üzrə həkim mərkəzdən göndərilirsə!!!
Və... məni bu xəstəxanaya, bu  insanla görüşə əziz bir adamımın yazdığı mesaj apardı! “Semaşko”da müalicə olunan hərbçimiz yazırdı: “Məni Xocavənd xəstəxanasına qaytarın, orda yaxşı müalicə olunurdum, orda yaxşı baxırlar!”
Hətta Xocavənd xəstəxanasından ayrı müalicə müəssisəsinə aparılmalı hərbçinin biri qaçıb tualetdə gizlənib: “burda müalicə olunmaq istəyirəm!”
Könlü xəngəl istəyən dörd döyüşçünün xətrini xoş etmək üçün həmin gün xəstəxanada olan 45 xəstə üçün xəngəl bişirib gətirən adama, məncə, “sağ olun” deyirlər! Hərçənd bu, onun borcu deyil!
Valideynləri yüksək vəzifədə olanlardan biri arvad-uşağını da götürüb gəlib xəstəxanaya, həyətdə stol açıb əsgər uşağına kabab yedizdirəndə Nurəngiz xanım süfrəni çəkib töküb yerə: “o pəncərələrdən baxan daha 44 döyüşçü var! Əgər burda əsgər və zabit ət yemirsə, ac qalırsa, onda istədiyinizi edin!”
Bu müdirlik eşqi deyil - ən azından, həmin yüksək vəzifəli şəxsin əli Nurəngiz xanımın əleyhinə qərar verdirməyə çatıb axı! Onsuz da bu ölkədə şəxsi qərəz üstündə bu xalqın övladlarının xidmətlərini heçə-puça çıxarmaq var! Hər zaman da olub!
Bunun adı döyüşçü şərəfini qorumaq və döyüşçü təəssübünü çəkməkdir! Yaxşı ki də həmin o yüksək vəzifəli şəxsdə vicdan deyilən də yerində olub, anlayışla yanaşıb! Başqaları nə deyir, bilmirəm, mən belə deyirəm!
Bu ölkədə yazının əvvəlindən də hiss etdiniz xoş niyyətlə nəyə başlasan da, mütləq bir əmması var, amma istisnalar da öz yerində!
Mən həkim və müdir adına Nurəngiz xanımın timsalında döyüş dönəmində və ümumilikdə nümunəvi rəhbər tanıma fərəhiylə Xocavəndi tərk etdim: Nurəngiz xanım artrıq Beyləqana təyinat alsa da, sabiq olmağına baxmayaraq, keçmiş iş yoldaşları razılıqla və ürək dolusu danışırdılar, bunu canlı yayımda belə edənlər var deyə mən adbaad dəstək çıxışlarını yazmağı artıq sayıram.
Beyləqan xəstəxanasında, adətən, saat 1-cən hamı “işini” görüb qurtarmış olub. Özüm də bir dəfə keçən il şahid olmuşdum. Amma indi hər bir beyləqanlı ən azı axşam saat 9-can baş həkimi və həkimləri yerində görür! Mövcud olan çatışmazlıqlar operativ şəkildə aradan qaldırılır, kadrlarla yüksək səviyyədə iş aparılır, xəstə-həkim münasibəti öz məcrasına düşür, qarşılıqlı razılıq xoş ovqat yaradır!
Ucuzluğa və təfsilata varmadan, niyyətimizin də bu olmadığından, sadəcə deyirəm: əzizlərim, sizə səliqəli və təmiz səhiyyə ocağı lazımdırsa, allah hamınıza cansaglığı və düzgün görmə qabiliyyəti, doğru dəyərləndirmə bəsirəti versin, gedin girin Beyləqan rayon xəstəxanasına, görün və görün!
Mən çox az yerdə baş həkimi yerində gördüm!
Əslində də hamının narazı olduğu TƏBİB-dən bu təyinata görə nəinki razı qalmaq, bir az da vicdanlı olub təşəkkür etmək gərəkir!
Bilirsiniz niyə?
Nurəngiz xanım qohumlarını, ailə üzvlərini tanımadığı xəstələrin sağalması üçün çalışır – 28 ildir belədir!
Biri elə mən... tanımadığı, bilmədiyi, təşəkkür və azərbaycanlı anlamında “hörmət” görmədiyi azərbycanlını – ayağında 12 qəlpə olanı ayaq üstə qaldıran həkimə nə demək lazımdır?
İndi neyləyək ki, Nurəngiz xanımın və komandasının sağaltdığı minlərlə xəstənin bircəsinin qohumu vicdanlı jurnalist çıxıb - xəstəni sağaltmağı həkimin borcu saymaqla yanaşı, həkimə təşəkkürün də jurnalistin və xəstənin borcu sayan?
İnanıram ki, Nurəngiz xanım Bəşirovadan “şikayət” dolu “məktubları”, “yazıları” oxuyanlar bu MÜHARİBƏ QADINIYLA üz-üzə oturub söhbət etsələr... məndən min dəfə artıq təşəkkür edər və hətta üzrxahlıqda bulunarlar!
Ayran içib ara açmaq istəmirəm deyə, qısaca yazıram: bir dəfə “Proloq” qəzetində Elçn Səlcuq bir şairin yazısını çıxarıb, mənim yazımı veribmiş, adam da zəng edib ki, mənim yazımı söz vermişdin, nə oldu? Elçin Səlcuq rəhmətlik adamın üzünə pərt etmək çəkinmirdi: Sənin yazının yerinə Aydının yazısını verdim, yaz ondan yaxşı, sənin yazını verim!
Əzizlərim, tapın Nurəngiz xanımdan yaxşısını, 28 il döyüş bölgəsində can qoyanı, xəstənin razı qaldığı adamı, sonra danışaq, olarmı? 
Sözümün canı və sözün canı aydın olsun deyə bitirirəm yazımı: ginekologiya şöbəsi olmayan bir kənd həkim məntəqəsində döyüşçü xanımlar üçün mamaça, komada olan əsgər üçün nevropatoloq, böyrək xəstəsi üçün uroloq olan terapevtin “sağ olun”u deməyi bacaraq, sonra müdir haqq-hesabına baş vurarıq!
Əgər Nurəngiz xanım bəy qanına-geninə tapınıb kimsəni həbs etdirməyib bağışlayıbsa, bundan müddət bitməsindən yararlanıb təzədən meydana atılan varsa, dinləyəndən sonra deməliyik ki:
- Hətta Nurəngiz xanımın da sənə keçən dəfə mərhəməti və şəfqəti ilə sağalmayıbsansa, səni bizim onun əleyhinə yazdığımız yazılar sağaltmaz! 
Artıq ikinci rayondur ki, Nurəngiz xanım direktor təyin olunur və hər iki dəfəsində də özündən əvvəlki müdirləri elə öz yanında işlə təmin edib! Prinsip aparıb ayrı rayona müdir gedən həkimin səsi türmədən gəlir!
Azərbaycanda rüşvət və korrupsiya halları var – Prezident də etiraf edir, Xocavənd isə, məsələn, Lənkəran və başqa rayonların səhiyyəsi kimi rüşvətə biulaşan rayon deyil! Ona görə yox ki, almaq istəmirlər, ona görə ki, burda rüşvət verəsi kontingent yoxdur! Əvvəlini Hadrutla birgə olublar, erməni azərbaycanlıdan rüşvət almayıb, ikincisi də, müharibə dövrü olub!
Nurəngiz xanım demişkən, başçı və tayfası döyüşçü, dostları döyüşçü, hər gün salamlaşdığı əziz yerliləri döyüşçü... hansı rüşvətdən söhbət gedə bilər e?
Adamda bir məntiq də olar da!
Adam birinci dəfə özünə kişi deyəndə, ikinci dəfə kiminsə üstünə kişilənəndə, üçüncüdə ən azı özünə sual verib deməlidir: axı bu qadın müharibə qadınıdır, bütün imkanlarına baxmayaraq, ən azından Xocavənd döyüşçülərinə ana olub, bacı olub həkim olmaqdan əlavə, biz onun haqqını verdikmi, ondan kiminsə haqqını tələb edirik?
Onda – ötən əsrin 90-cı illərində olan onda olub, keçib, mən indi deyirəm: bircə nəfər gətirin, bu gün, dünya qələbəmizi etiraf edən gün, bir xəstəni Muğanlıdan aparsın Ağdama, qayıtsın, dərmanını da gecə saat 12 üçün aparıb çatdırsın, getsin Şuşadan mərkəzləşdirilmiş bazadan dərmanları gətirsin, sonra danışarıq.
Döyüşməyə kişiliyi çatmayanların kişi kimi döyüşməyinə, döyüşə biləcəyinə inanmaq istərdim, amma çətin... 
Bizi bir dəfə utandırmışdı Nurəngiz xanım:  öz ərizəsiylə təyinatını dəyişdirib Muğanlıya – döyüşün mərkəzinə gedəndə qucağındakı körpəsi və həyat yoldaşıyla!
İndi heç olmasa utanası olmayaq qarşısında: bu ölkənin 508 döyüşçüsü-qazisi razılıq edir və “Semaşko”da yox, məhz Nurəngiz xanımın rəhbərlik etdiyi xəstəxanada müalicə olunmaq istəyini mesajda yazır!
Ürəklərimizi, ruhumuzu sevindirən, qadınlarımızın mərdlik salnaməsinə öz adını qızıl hərflərlə yazan bir xanımın ürəyini bulandıranda, nəzərə alaq: doğrudandamı biz haqlıyıq?
Axı bu qadın bu vətənin əsgərlərinin-zabitlərinin anası-bacısı, həkimi, loğmanı olub!
Məqsədim nələrisə təkzib, kimlərəsə cavab olmadığı, təşəkkür üçün ayağına getdiyim bu MÜHARİBƏ QADINI ilə söhbətin bu qədər ətraflı və geniş olacağını təxmin etmirdim!
Düşüncəmdə bir o vardı ki, Xocavənd və həm də vətən uğrunda döyüşən oğulların hansını danışdırsam, hamısı deyəcəkdi: “bu vətənə canımız qurban”, amma heç biri deməyəcəkdi ki, itirdiyimiz əlimizin, qolumuzun, ayağımızın yoxluğunu bizə Nurəngiz xanım unutdurdu!
Bircə nəfər dedi və onun da, deməyən 507 döyüşçünün də əvəzinə mən ayağına getdim! Nurəngiz xanım təşəkkürü ayağına getməklə haqq edir!
SÖZARDI: Nurəngiz xanım onunla bu 28 ildə yoldaş, sirdaş, həmkar olmuş vicdanlı adamların hamısının adını çəkdi bir-bir! Bilirsiniz nə fikirləşirdim? Bəs görəsən, onun əleyhinə kimdir danışan, yazdıran? Axı bu xanım heç kimin əleyhinə danışmadı, mənim replikalarımın da ağzından vurdu, görəsən, yeganə düşməni erməni sayan bu xanım hamının sağalmasını düşünürsə, bu “xəstələr” haranın və kimin pasiyentidir!?
p.s. Beyləqandan Bakıya çox tez çatdım: sanki uça-uça, qaça-qaça. Nurəngiz xanım Azərbaycan adına, Azərbaycan əsgərinin, vətəndaşının diri və sağ qalması üçün ölümün və güllənin üstünə uça-uça, qaça-qaça getdiyi kimi!
Mən Nurəngiz xanımı təkcə loğman və şəfqətli həkim kimi tanımadım, həm də (yazıçı-şair, publisist dostlarım bilir) illərlə həsrətində olduğum, görmək istədiyim MÜHARİBƏ QADININI tanıdım!
Söhbətdən və xəstəxanada əməliyyat və müalicə olunan xəstələrə baş çəkəndən sonra bir stəkan çay içməyi də özümə haqq bilmədim!
Biz olmalı olduğumuz yerlərdə bu qadın bəy qızı kimi 28 il bizi əvəz edib!
Onunla üz-üzə oturmağı bu torpağı, bu vətəni qələbəyə çatdıranlar haqq edir! 28 il düşmənə qarşı birgə vuruşduqları!!! Mən düşmənlə yox, düşmənlə vuruşan Nurəngiz xanım Bəşirovayla vuruşan cəbhənin təmsilçisiydim!
Sağ olun, bəy kişilərin nəslinin kişiləri belə utandıran MÜHARİBƏ QADINI!

Aydın Can
Bakı-Xocavənd-Beyləqan-Bakı!

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top