"Heç bir dövlət başçısı insan hüquqlarının müdafiəsi istiqamətində belə qətiyyətli qərarlar qəbul etməyib"

GÜNDƏM 21 mar 2021, 17:20
Novruz bayramında nəcib qərarlar vermək xüsusilə milli ənənələrimizə sadiqliyin göstəricisi kimi qəbul olunmalıdır. Martın 18-də Prezident İlham Əliyevin “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncam imzalaması bu mötəbər missiyanın növbəti mühüm mərhələsidir.

Azərbaycan müstəqillik yoluna qədəm qoyduğu ilk vaxtlarda humanizm prinsipləri bir o qədər də diqqət mərkəzində deyildi. Lakin ulu öndər Heydər Əliyevin ikinci dəfə hakimiyyətə gəlişindən sonra ölkəmizdə insanlıq və humanizm prinsiplərinə xidmət edən xeyirxah əməllərin çox şahidi olmuşuq. Əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş bu ənənə indi də yüksək səviyyədə davam etdirilir.

Ölkə başçısının digər sahələrdə keçirdiyi islahatlarla yanaşı, ölkəmizin humanizim prinsiplərinə sadiqliyini qoruyub saxlayır. Möhtərəm Prezidentimiz İlham Əliyevin hər zaman “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” imzaladığı, verdiyi sərəncamlar da bunu təsdiqləyir. Ölkə başçısı Azərbaycan dövlətinin humanizm və ədalət prinsiplərinə əsaslanan siyasətini davam etdirərək, insan hüquq və azadlıqlarına hörmət və ehtiram göstərərək, məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, insan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəzalarının müəyyən hissəsini çəkdiklərini, bu müddət ərzində davranışlarını nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, əfv olunan şəxslərin qanunlara dönmədən əməl etmələrini və azad cəmiyyətə qovuşacaqlarını arzulayaraq, növbəti humanist addım atmışdır. Dövlətimizin başçısının bu sərəncamı ilə azadlıqdan məhrum edilmiş 625 məhkum barəsində əfv sərəncamı qüvvəyə minib. Sözügedən sənəd son illərdə kəmiyyət və keyfiyyət etibarilə ən böyük əfv sərəncamlarından biridir.

Bu, bir daha onu sübut etdi ki, Azərbaycanda insan hüquqlarının qorunması sahəsində ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilən uğurlu tədbirlər istiqaməti onun siyasi kursunu layiqincə davam etdirən Prezident İlham Əliyevin daim diqqət mərkəzindədir.

Qeyd etmək lazımdır ki, dövlətimizin başçısı bununla əlaqədar bir neçə Dövlət Proqramını təsdiqləmiş və bu sahədə həyata keçirilən tədbirlərin səmərəliliyi daha da artmışdır.

Prezident İlham Əliyevin 2006-cı il 28 dekabr tarixli sərəncamı ilə təsdiq olunmuş “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı”na müvafiq olaraq, BMT-nin “Minilliyin İnkişaf Məqsədləri”nin təbliği və həyata keçirilməsi üçün Azərbaycan Respublikasının müvafiq dövlət qurumları tərəfindən BMT-nin İnsan Hüquqları Şurası ilə əməkdaşlıq əlaqələri yaradılmışdır.

Dövlət başçısının təsdiqlədiyi “Azərbaycan Respublikasında insan hüquqlarının müdafiəsi üzrə Milli Fəaliyyət Planı” bu sahədə qarşıya çox ciddi vəzifələr qoymuşdur. Bu əhəmiyyətli sənəddə bildirildiyi kimi, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsində müəyyən edilmişdir ki, insan və vətəndaş hüquq və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Bu məqsədə nail olmaq üçün ölkəmizdə qəbul edilən qanunların ilk növbədə Azərbaycan Respublikasının Konstitusiyasında və müstəqil dövlətimizin tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit edilmiş insan hüquq və azadlıqlarının təmin olunmasına yönəldilməsi zəruridir.

Səhvindən səmimi peşmançılıq hissi keçirən, dövlət başçısına bağışlanması ilə bağlı müraciət edən və ictimai asayişə bütövlükdə təhlükə təşkil etməyən məhkumların bağışlanması insanların dövlət başçısına olan inamını daha da artırıb. İnsan hüquq və azadlıqlarının müdafiəsi, Azərbaycan vətəndaşlarının şərəf və ləyaqətinin qorunması Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsasını təşkil edir. Bu istiqamətdə həyata keçirilən tədbirlər ölkəmizin beynəlxalq aləmdəki nüfuzunu daha da artırır, Avropa və dünya birliyinə inteqrasiyasını getdikcə sürətləndirir. Dövlətimizin başçısı dəfələrlə vurğulayıb ki, “Biz ölkəmizdə demokratiyanın, insan hüquqlarının inkişafına və qorunmasına çox böyük əhəmiyyət veririk”.

İnsan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində həyata keçirilən tədbirlər dövlət başçısının xüsusi önəm verdiyi məsələlərdəndir. Hər il iki və ya üç dəfə imzalanan əfv sərəncamları minlərlə ailəyə ikiqat bayram ovqatı bəxş edir. Axı, əfv sərəncamları, adətən, bayram ərəfələrində imzalanır. Bu, azadlığa qovuşanların ailələrinə, yaxınlarına, qohumlarına ən qiymətli bayram hədiyyəsidir.

Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi son 18 ildə onlarla əfv sərəncamının imzalaması insan hüquq və azadlıqlarının müdafiəsi baxımından çox böyük nailiyyətdir. Bir hüquq müdafiəçisi kimi, əminliklə deyirəm ki, dünyanın heç bir ölkəsinin başçısı insan hüquqlarının müdafiəsi istiqamətində belə qətiyyətli qərarlar qəbul etməyib. Bunu tanınmış ictimai-siyasi xadimlər, ekspertlər, hüquq müdafiəçiləri də etiraf edirlər. Biz hüquq müdafiə təşkilatlarının Monitorinq qrupu olaraq öz müraciətlərimizi komissiyaya ünvanlamışdıq. Onlara da baxılıb. Həmişə olduğu kimi, hüquq müdafiə təşkilatlarının müraciətlərinin müəyyən hissəsinə müsbət dəyər verilib. Buna görə də Prezidentə və komissiyaya təşəkkür edirik.
Çingiz Qənizadə,
Hüquqşünas

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top