Elman Rüstəmov dövlətə və cəmiyyətə açıq-aşkar kələk gəlir — RƏQƏMLƏR

İQTİSADİ 19 mar 2021, 21:09
Məlum olduğu kimi son günlər Mərkəzi Bankın yeni inzibati binasının tikintisinə ayrılmış 218 milyon avro, başqa sözlə 450 milyon manat vəsait cəmiyyət daxilində haqlı narazılıqlara səbəb olmaqla gündəmin başlıca mövzularından birinə çevrilib.

Məsələyə "aydınlıq" gətirmək məqsədilə AMB-ın İdarə heyətinin sədri Elman Rüstəmov mətbuata açıqlama verərək bildirib ki, "Azərbaycan Mərkəzi Bankı yeni binasını öz hesabına tikəcək. Son 3 ildə dövlət büdcəsinə 7,8 milyard manat vəsait köçürmüşük. Bu il isə 250 milyon manat köçürməyi düşünürük. Ona görə də yeni inzibati binanın tikintisinin dövlət büdcəsindən təmin olunması barədə söhbətlər həqiqəti əks etdirmir". Cənab Rüstəmov dövlətə və cəmiyyətə açıq-aşkar kələk gəldiyinin yəqin ki, fərqindədir və bu məqsədlə acı reallığı ört-basdır etmək niyyətini gizlətmir. Faktiki reallıq isə başqadır: Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı 2017-ci ildə "Makroiqtisadi sabitliyin təmin edilməsi məqsədilə" Azərbaycan Respublikasının Dövlət Neft Fondundan 7 milyard 500 min manat vəsait alıb. Mənbə: Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2017-ci il büdcəsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı (10.01.2017). Azərbaycan Respublikasının 2017-ci ilin dövlət büdcəsi haqqında qanununa əsasən büdcə gəlirləri üzrə Mərkəzi Bankın mənfəətindən ayrılmanın miqdarı 250 milyon manat təşkil edib. 2018, 2019, 2020-ci illərin dövlət büdcəsinin gəlirləri siyahısında isə sözügedən qurumun adı və mənfəətindən ayrılma qeydə alınmayıb. Yəni bu illər ərzində Mərkəzi Bank dövlət büdcəsinə 1 manat belə pul köçürməyib. Mənbə: 2018, 2019, 2020-ci illərin dövlət büdcəsi haqqında Azərbaycan Respublikasının qanunları. 2021-ci ildə isə Mərkəzi Bankın dövlət büdcəsinə köçürəcəyi məbləğ məlum olduğu kimi 250 milyon manat müəyyənləşib. 

Beləliklə, onu demək mümkündür ki, 2017-ci ildə Dövlət Neft Fondundan 7 milyard 500 min manat vəsait alan Azərbaycan Respublikasının Mərkəzi Bankı dövlət büdcəsinə son 3 ildə (2017-2021) 250 milyon vəsait köçürüb. Bu da onu deməyə əsas verir ki, AMB-in İdarə Heyətinin sədri Elman Rüstəmovun açıqlaması absurddur və həqiqəti əks etdirirmir. Mərkəzi Bankın yeni binasına ayrılan vəsaitin əsasını isə məhz Dövlət Neft Fondundan 2017-ci ildə edilən transfer məbləği təşkil edir. 

İctimai vəkil 
Samir Zeynalov 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top