Məhəmməd Mirzəlini kim bıçaqlayıb? — Cinayətin İZLƏRİ...

TƏHLİL 18 mar 2021, 10:44
Fransada yaşayan, özünü bloger kimi təqdim edən “söyüş müxalifəti”nin üzvlərindən biri Məhəmməd Mirzəlinin bıçaqlanması bir neçə gündür ki, müzakirə mövzusuna çevrilib və görünən odur ki, məsələnin siyasiləşməsi, Azərbaycanın hədəf taxtasına çıxarılması prosesinə start verilib.

Burada “söyüş müxalifəti”nin öz, onları maşa kimi tutan qüvvələrin isə öz marağının olduğu bəllidir. Lakin hadisənin təfərrüatlarına və proseslərin inkişafına baxdıqda bunun məişət zəminində baş verən olay olduğunu və diletantcasına siyasiləşdirmək cəhdləri aydın görünür.

Birincisi, Məhəmməd Mirzəli küçənin ortasında hücuma məruz qaldığını deyir.



Fransa kimi ölkədə - Avropanın göbəyində küçənin ortasında hansısa iddia etdikləri kimi “siyasi məqsəd” naminə hücum edildiyini düşünmək absurd yanaşmadır.

İkincisi, Məhəmməd Mirzəli altı nəfərin hücumuna məruz qaldığını iddia edir.

Niyə altı nəfər? Niyə qrup halında hücum? Birinci məqamdakı yanaşma burada da keçərlidir.

Suallar və cavablar axtarışı məsələnin gerçəkliyə daha yaxın olan tərəflərinə diqqət çəkir. Hər halda Avropanın göbəyində, küçənin ortasında bir nəfərə altı nəfər hücum edirsə və hücuma məruz qalan şəxs “çoxsaylı bıçaq zərbəsi”nə rəğmən həyatdadırsa, burada məsələnin siyasi yox, şəxsi tərəfləri göz önünə gəlir. Görünür ki, hücum edənlər ona “dərs vermək” niyyətində olub və adətən “dərs vermək” həmişə şəxsi zəmində olur.



Məhəmməd Mirzəlinin fəaliyyəti və Fransadakı həyatı hadisə ilə bağlı üç versiya yaradır.

Birinci versiya, keçmiş həyat yoldaşının qisasıdır.

Məhəmməd Mirzəlinin Fransada ərəb əsilli xanımla nikahı olub, daha sonra onların ayrıldığı deyilir. Keçmiş həyat yoldaşının yaxınları ilə Məhəmməd Mirzəlinin arasında zaman-zaman insidentin yaşandığına dair məlumatlar var. Təxminən bir ay öncə Məhəmməd Mirzəlini küçədə döyümüşdülər və Fransa polisinin araşdırması nəticəsində məlum oldu ki, onu döyənlər keçmiş həyat yoldaşının yaxınlarıdır. 

Ərəblərin ailə instituna mühafizəkar yanaşması, Azərbaycanda olduğu kimi namus məsələsinə görə ən sərt yollara əl atması fonunda bu təəccüblü görünmür. Mümkündür ki, Məhəmməd Mirzəliyə küçədə hücum edənlər keçmiş həyat yoldaşının yaxınlarıdır və bu dəfə ona daha ağır “dərs vermək” niyyətində olublar.



İkinci versiya, söyüş və təhqirə görə verilən dərs ola bilər.

Məhəmməd Mirzəlinin onlayn çıxışlarında ən ağır, ən iyrənc söyüşlərdən, təhqirlərdən istifadə etdiyi məlumdur. Onu “məşhurlaşdıran” da elə söydüyü söyüşləri olub. Mümkündür ki, ya verilişlərin birində söydüyü şəxs, yaxud şəxslər bunu edib, ya da yaşadığı ərazidəki digər azərbaycanlılarla mübahisəsi düşüb. Çünki Məhəmməd Mirzəlinin olduğu Nant şəhərində azərbaycanlılar kompakt şəkildə yaşayır. Bu azərbaycanlıların bir çoxu Məhəmməd Mirzəlinin verilişinin tamaşaçılarıdır və mümkündür ki, kiminsə ailəsi, yaxud övladı Məhəmməd Mirzəlinin iyrənc söyüşlərinə baxıb, yaxud bu təhqirlərin hədəfinə çevrilib, nəticədə mübahisə dava ilə başa çatıb. Azərbaycan mentalitentində söyüşün ağır nəticələrə gətirib çıxardığını hər kəs yaxşı bilir.

Üçüncü versiya, qanunsuz qruplaşmaların haqq-hesab çəkməsidir.



Məhəmməd Mirzəlinin narkotikdən istifadə etdiyi məlumatlar fonunda bu versiya diqqət çəkir. İstisna deyil ki, iddia edildiyi kimi altı nəfərlik qrup məhz onun təmasda olduğu qeyri-leqal qruplaşmanın üzvləridir və baş verən hadisə bu qrupun haqq-hesabıdır. 

Hər üç versiyanın ortaq nöqtəsinin məqsədi isə dərs vermək, haqq-hesab çəkmək olmasıdır. 

Hadisədən sonra Avropadakı “söyüş blogerləri” və Azərbaycan müxalifətindəki bəlli qruplar məsələni siyasiləşdirmək, hakimiyyətin üzərinə yıxmaq üçün dəridən-qabıqdan çıxırlar. Halbuki, “çörəyi söyüşdən çıxan” hansısa bloger Azərbaycan hakimiyyətinin opponenti ola bilməz. Əksinə, baş verən hadisənin ortaya çıxmasında hakimiyyət daha çox maraqlıdır.

Unutmayaq ki, hadisə Fransada baş verib, Fransa polisi məsələni araşdırır və istintaqa kənar müdaxilənin olacağını düşünmək belə olduqca gülünc və gülməli yanaşma olardı...


Vaqif Hüseynli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top