Bakının İrəvan üzərində təsir strategiyası — Ermənistan üçün tranzit

İQTİSADİ 17 mar 2021, 23:37
"Rusiya qazı Ermənistana növbəti üç həftə ərzində Azərbaycan vasitəsilə çatdırılacaq: səbəb “Şimali Qafqaz – Cənubi Qafqaz” kəmərində təmir işlərinin aparılmasıdır".

Demokrat.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.

O qeyd edib ki, Bakının ermənilərin soyuq havada donmaması üçün tranzit olması yaxın və uzaq perspektiv üçün yeni imkanlar yaradır:

"Yaxın perspektiv: Rusiya, Ermənistan və beynəlxalq ictimaiyyətdir. Əvvəla Ermənistanın qaz tədarükünün texniki problemə görə dayanmamasını Moskva Bakıdan istəyib, Azərbaycan razılaşır və bununla üç həftə qazsız qalacaq Ermənistanda Rusiyaya qarşı arta biləcək narazılığın qarşısını almaqla Moskvaya jest edir, həm də regional əməkdaşlıqda maraqlı olduğunu göstərir. Digər tərəfdən, eyni jest Ermənistanla bağlı Bakının strateji planında xüsusilə önəmlidir. Belə ki, ermənilər üç həftə qazsız qalacaqlarsa, bu, onsuz da ciddi təzyiqlə üzləşən Paşinyan hakimiyyəti üçün əlavə problem yarada bilər: Bakı Ermənistan hakimiyyətini çətin vəziyyətdən xilas edir və Nikolun revanşist qüvvələrin qarşısında əlini gücləndirir. Paşinyan ermənilər üzərində münaqişənin həll edilməsi və Ermənistanın blokadadan çıxmasının müsbət tərəflərini əyani şəkildə göstərmək imkanı əldə edir. Bu, Bakının “erməni xalqı bizim düşmənimiz deyil” tezisinin ermənilərə açıq şəkildə nümayiş etdirilməsidir. Ermənilər münaqişənin həllindən sonra blokadanın aradan qaldırılmasının ilk nəticələri ilə qarşılaşacaq. Beləliklə, Ermənistan hakimiyyəti regionda normal münasibətlərin qurulmasının xeyirlərini öz xalqına göstərə biləcək. Azərbaycan da belə imkan yaratmaqla Ermənistan üzərində təsir imkanları qazana bilər". 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top