Zəfəri Şuşaya daşıyan Hadrut əməliyyatı — Prezidentdən mühüm mesajlar (TƏHLİL)

TƏHLİL 16 mar 2021, 23:45
44 günlük müharibədə qazanılmış parlaq Qələbədən, böyük Zəfərdən sonra Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə səfərləri davam edir. Belə ki, Füzuli, Ağdam, Cəbrayıl, Qubadlı, Zəngilan, Şuşa, Laçın səfərlərindən sonra dövlət başçısı birinci xanım Mehriban Əliyeva və qızları Leyla Əliyeva ilə birgə Füzuli və Xocavənd rayonlarında oldu. Dövlət başçısı səfər çərçivəsində ailə üzvləri ilə Hadrut qəsəbəsində, qədim yaşayış məskəni olan Tuğ, Azıx, eləcə də Edili, Düdükçü kəndlərində oldu. Heç şübhəsiz ki, bu səfər də digərləri kimi böyük və parlaq Zəfərin növbəti dəfə nümayişi idi.

Hadrut əməliyyatı: Şuşaya açılan qapı

Böyük qayıdışın başlanğıcı hesab edilən bu səfər xüsusən də Hadrut qəsəbəsinin, Hadrut döyüşlərinin xüsusi önəmi ilə diqqət çəkdi. Belə ki, dövlət başçısı məhz buradakı döyüş əməliyyatları barədə geniş şərh verdi və Şuşanın azad olunması üçün öncə Hadrut əməliyyatının xüsusi əhəmiyyətini vurğuladı.

Dövlət başçısı bildirdi ki, Hadrut qəsəbəsi oktyabrın 9-da işğaldan azad edildi. Hadrut qəsəbəsinin azad edilməsi çox uğurlu hərbi əməliyyat nəticəsində mümkün olmuşdur. İlk növbədə, ətraf dağlar götürüldü. Hadrutun ətrafında yerləşən yüksəkliklər Azərbaycan Ordusu tərəfindən götürüləndən sonra faktiki olaraq nəzarət Azərbaycan Ordusuna keçdi və Hadrut qəsəbəsinin işğaldan azad edilməsi artıq qaçılmaz idi: “Deyə bilərəm ki, bütövlükdə 44 günlük müharibə zamanı mülki erməni əhali arasında itkilər kifayət qədər az idi. Ona görə ki, Azərbaycan Ordusu heç vaxt mülki əhaliyə qarşı müharibə aparmamışdır. Ermənilərdən fərqli olaraq, biz müharibə dövründə ancaq hərbi birləşmələrə qarşı müharibə aparmışıq, onları məğlub etmişik, onları torpaqlarımızdan qovmuşuq. O ki qaldı, mülki əhaliyə, Ermənistanın statistikasına görə, müharibə dövründə təqribən 40-a yaxın mülki şəxs həlak olmuşdur. Onların da böyük əksəriyyəti məhz hərbi əməliyyatlarda iştirak edən mülki şəxslər idi.

Hadrut qəsəbəsinin işğaldan azad edilməsi böyük əhəmiyyətə malik olan bir əməliyyat idi. Çünki Cəbrayıl rayonundan, Cəbrayıl şəhərindən sonra Hadrutun azad edilməsi hərbi əməliyyatlarımızın davam etdirilməsi üçün xüsusi əhəmiyyətə malik olan hadisə idi. Onu da bildirməliyəm ki, Füzuli şəhəri Hadrutdan sonra azad edilmişdir – oktyabrın 17-də. Ermənistan ordusu bizi məhz digər istiqamətdə gözləyirdi. Ancaq müharibə qaydalarına əməl edərək, strateji planlaşdırmanı düzgün icra edərək biz Cəbrayıldan sonra Hadrutu, ondan sonra Füzulini işğaldan azad etdik”.

Ermənistan rəhbərliyi xalqını aldadırdı

Azərbaycanın dövlət başçısı, həmçinin Hadrutun işğaldan azad olunması ilə bağlı Ermənistanın yalan maşınını da ifşa etdi. Məlum oldu ki, Ermənistan həqiqətən də müharibə dövründə yalan xəbərlərlə manipulyasi edib. Çünki Hadrut bizim əlimizdə olan zaman Ermənistan rəhbərliyi, rəsmi şəxslər və eyni zamanda, Ermənistanın dəyirmanına su tökən bəzi xarici jurnalistlər bəyan edirdilər ki, Hadrut ermənilərin əlindədir.
Bu məsələyə diqqət çəkən Prezident İlham Əliyev vurğuladı: “Mən bu günə qədər başa düşə bilmirəm ki, Ermənistan rəhbərliyi nə üçün öz xalqını aldadırdı. Biz dəqiq bilirdik ki, Hadrut bizdədir. Biz bilirdik ki, artıq Ermənistan ordusu burada tamamilə məhv edilib və sağ qalan erməni hərbçilər buradan qorxaqcasına qaçıb dağlarda gizlənmişdilər. Hadrut tam bizdə idi. Ancaq bəzi xarici jurnalistlər bildirirdilər ki, guya Hadrut ermənilərin əlindədir.

Hadrutun azad edilməsindən sonra biz Şuşaya istiqamət götürdük. Şuşa əməliyyatının uğurlu keçirilməsi üçün məhz Hadrutu azad etmək önəmli idi. Yenə də düşmənin bizi gözləmədiyi istiqamətdən Şuşaya yaxınlaşdıq. Dağlardan, dərələrdən, sıldırım qayalardan keçərək, o qayaları dırmaşaraq biz Şuşanı işğalçılardan azad etdik. Ona görə Hadrut əməliyyatı dünyanın hərb elmində xüsusi yer tutacaq.

Bütövlükdə 44 günlük şanlı müharibəmiz, bizim Zəfərimiz bu gün dünyanın aparıcı ali məktəblərində öyrənilir və artıq hərbi ekspertlər, mütəxəssislər, hətta bir çox ölkələrin siyasətçiləri bizim müharibədən bəhs edərək bildirirlər ki, bu, XXI əsrin müharibəsidir. Azərbaycan müharibədə Zəfər çaldı, düşməni əzəli torpaqlarımızdan qovdu, tarixi ədaləti bərpa etdi. Hadrut qəsəbəsi keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun mərkəzi sayılırdı. Dağlıq Qarabağ Muxtar Vilayəti ləğv olunandan sonra keçmiş vilayətin Martuni və Hadrut rayonları birləşdirildi və Xocavənd rayonu yaradıldı. Bu əraziyə qədim tarixi adı – Xocavənd adı qaytarılmışdır. Müharibə dövründə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Martuni rayonunun 50 faizdən çox hissəsi və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin Hadrut rayonunun 100 faiz ərazisi işğalçılardan azad edilmişdir. Bəziləri müharibənin yekunlarını şərh edərkən deyirlər ki, Azərbaycan yeddi rayonu azad edib, bu, belə deyil. Biz yeddi rayonu, Şuşa şəhərini, Suqovuşan qəsəbəsini, Talış qəsəbəsini, keçmiş Hadrut rayonunu, keçmiş Martuni rayonunun böyük hissəsini azad etmişik və tarixi ədaləti bərpa etmişik. Beləliklə, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edərkən tarixi nailiyyətlərə imza atmışdır”.

Düşmənə və onların havadarlarına mühüm mesaj

Beləliklə, işğaldan azad olunmuş əraziləri sülh, əməkdaşlıq və təhlükəsizlik bölgəsinə çevirən Prezident İlham Əliyev bu səfəri ilə digər işğaldan azad olunmuş ərazilər kimi Xocavəndin də, keçmiş Hadrut rayonunun da, kəndlərinin də, bütün yaşayış yerlərinin də tezliklə bərpa olunacağına bir daha əminlik yaradır. Əlbəttə ki, erməni vandalları Ağdam, Füzuli və başqa rayonlarda olduğu kimi, Xocavənddə də, keçmiş Hadrut rayonunda da, onun kəndlərində də böyük dağıntılar törədiblər, qədim yaşayış məskəni olan Tuğ kəndində azərbaycanlılara aid bütün evləri yerlə-yeksan ediblər. Erməni barbarları, eyni zamanda, qədim yaşayış məskəni kimi tanınan Azıx kəndini də, Azıx mağarasını da dağıtmağa cəhd ediblər. Onlar Azıx mağarasında qanunsuz olaraq işlər aparıblar. Heç bir şübhə yoxdur ki, ermənilər Azıx mağarasında qanunsuz işlər aparmaqla tarixi saxtalaşdırmağa çalışıblar. Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev söylədiyi kimi, ermənilər bütün bunlara görə cavab verəcəklər, dəymiş ziyanı ödəyəcəklər.

Artıq Vətən müharibəsinin bitməsindən 4 ay vaxt keçməsinə baxmayaraq, Azərbaycan işğaldan azad olunmuş əraziləri sürətlə bərpa edir, orada infrastruktur layihələrini reallaşdırır. Prezident İlham Əliyevin Füzuli rayonundan Şuşaya qədər uzanan Zəfər yolu layihəsindən sonra Füzuli-Hadrut yolunun da təməlini qoydu. Bu yol-nəqliyyat layihələri ilə yanaşı, yaxın zamanlarda Bərdə-Ağdam yolunun çəkilişi də icra ediləcək. Həmçinin, Horadizdən Zəngilana da yol çəkiləcək. Təbii ki, bu cür layihələrin həyata keçirilməsi işğaldan azad edilmiş ərazilərin inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev bu günə qədər bütün vədlərini yerinə yetirdiyi kimi, “Qarabağı cənnətə çevirəcəyik” vədini də tezliklə reallaşdıracaq.
Ölkə Başçısının hərbi əməliyyatların bitməsindən sonra mütəmadi olaraq işğaldan azad edilmiş ərazilərə səfər etməsi, bu ərazilərimizin yenidən qurulması istiqamətində infrastruktur layihələrin təməlini qoyması düşmənə və onların havadarlarına verilən çox mühüm mesajdır...
Alpər Ziya
Trend

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top