“TikTok” Azərbaycanda qismən məhdudlaşdırıla bilər

İKT 12 mar 2021, 17:49
Hindistanın ardınca Pakistanda da “TikTok”un fəaliyyətinə qadağa qoyulması bu sosial şəbəkə ilə bağlı yeni suallar yaradıb. Maraqlıdır ki, Amerikanın sabiq prezidenti Donald Tramp da zamanında bu sosial şəbəkənin fəaliyyətinin dayandırılmasını dəstəkləmişdi. Digər sosial şəbəkələrlə müqayisədə “Tik-Tok”un daha çox tənqid olunmasına səbəb nədir? Azərbaycanda bu sosial şəbəkənin bağlanması ilə bağlı qərar verilə bilərmi?




Azərbaycan İnnovasiyaların İxracı Konsorsiumunun icraçı direktoru Fərid Kazımov AFN-ə bildirdi ki, ümumiyyətlə, Azərbaycanda sosial şəbəkələrin istifadəsinə heç bir məhdudiyyət qoyulmayıb: “Bir çox dövlətlərdə siyasi, iqtisadi səbəblərdən müxtəlif məhdudiyyətlər qoyulur. Bunun da bir günlük, yaxud digər formalarda şahidi oluruq. Azərbaycan bu sahədə çox liberal siyasət irəli sürür və heç bir sosial şəbəkəyə bununla bağlı qadağa qoyulmayıb, inanmıram ki, gələcəkdə də bu siyasətdə dəyişiklik olsun”. “TikTok”un zərərinə gəldikdə isə F.Kazımov deyir ki, buna fərqli yanaşmaq lazımdır: “Məsələn, televiziyaya baxanda göstərilən məlumatların hamısı zərərsiz deyil. Ola bilər ki, yaşlı nəsil baxır kövrəlir, onun üçün zərərlidir, yaxud 18 yaşına çatmayan uşaqlar baxır. Məlumatlar ola bilməz ki, hamısı zərərsiz olsun, o zaman o bəsit məlumatdır. Bu baxımdan məlumatlar müxtəlif formada olur və bu nöqteyi nəzərdən biz məhdudiyyət məsələsinə başqa yanaşmadan baxmalıyıq. Mən bildiyimə görə, təhlükəli yaş qrupu 18 yaşa qədər uşaqlardır, onlar üçün də dünyada tətbiq edilən formalar var. Hazırda valideyn nəzarəti proqram təminatı var ki, bu texnologiyalar həm telefona, həm də kompüterə qoyulur və uşaqların hər hansı kontentə çıxışını məhdudlaşdırır. Azərbaycanda 10 ildən artıqdır ki, təhsil şəbəkəsi var. Məktəblər o şəbəkə vasitəsilə qoşulur, həmin şəbəkədən internetə rahat çıxış var. Ancaq saytlar ki, var uşaqlara girmək olmaz, onlara məhdudiyyət qoyulub. Bu texnologiya, prinsip də ailədə olmalıdır ki, uşaqların internetə şıxışı məhdudlaşdırılsın. Yoxsa uşaqlar nə istəsə edəcək, bir vaxtlar küçədə futbol oynayıb pəncərə sındırırdılar, indi də internetə girib müxtəlif məlumatlar əldə edirlər. Bu baxımdan həyat dəyişir, müxtəlif texnologiyalar tətbiq etməklə bu məhdudlaşmanı təbiq etmək olar”.

Bu gün sosial şəbəkələrin, o cümlədən “TikTok”un kommersiya maraqlarına gəldikdə isə F.Kazımov deyir ki, ümumiyyətlə, dünya dəyişir: “Məsələn, Monqolustanın böyük bir ərazisi var, amma onun ölkədən qazandığı pul hansısa qlobal İP şirkətinin qazandığı puldan dəfələrlə azdır. Bu nöqteyi-nəzərdən qloballaşma gedir. Biz hamımız müxtəlif qlobal şirkətlərin tətbiq etdiyi xidmətlərdən istifadə edirik. “Facebook”, “WhatsApp”, “İnstagram “ və “TikTok” da bunlardam biridir. Mən bu yaxınlarda bir məlumat oxudum ki, ABŞ hökuməti iyulun 1-dən bu sahəyə qadağa qoyacaq, vergi tutacaq. Belə ki, hər hansı bir ölkədən bloger “Youtube”dan pul qazanarsa artıq onun gəlirindən Amerika üçün 24-30 faiz pul tutulacaq. Demək olar ki, azərbaycanlı, pakistanlı, fransız bloger pul qazanırsa, bunun Amerikaya nə dəxli var? Ancaq proses bu istiqamətdə gedir və bu nöqteyi-nəzərdən ötən il “TikTok”la bağlı da problem oldu. Amerika deyir ki, mənim ölkəmə gəlib istifadə etsən mən qadağa qoyacam, çünki mənim istifadəçilərimin məlumatından istifadə edirsən. Həm siyasi, həm kommersiya baxımından belə problemlər var”.

F.Kazımov belə proqnozlaşdırır ki, bu problemlər hər zaman davam edəcək: “Həm hüququn, həm gəlirlərin tənzimlənməsi, məsələn, blogerlərin “TikTok”dan pul qazanması ilə bağlı qlobal olaraq standartlar yaradılmalıdır. Axı “Google”, “Facebook” bizdən pul qazanır, biz əgər məsələn, “Google”a mailə bir məktub yazsaq onun mətninə uyğun olaraq bizdən reaklamlar çıxacaqlar. Biz də “Facebook”dan istifadə edirik və onlar reklamlar göstərərək pul qazanırlar. Bunun müqabilində Azərbaycana maliyyə ödəmirlər. Hesab edirəm ki, Azərbaycanın rəsmi orqanları bu məsələləri qaldırmalıdırlar. Çünki qlobal şirkətlər Azərbaycandan pul qazansa da, bizə vergi verilmir. “Facebook”, “TikTok”, yaxud “Google” Azərbaycan ərazisindən gəlir əldə edirsə, buna görə vergi ödəməlidirlər. Xarici praktikaya baxsaq, artıq Avropada bunu tətbiq edirlər. Sadəcə olaraq Azərbaycan bu məsələni qaldırmalıdır. Məndə olan məlumatlara görə, “Facebook” və digər o tipli şirkətlər Azərbaycandan ildə bir neçə milyon dollar həcmində gəlir əldə edir və bundan ölkəmizin büdcəsinə bir qəpik də pul gəlmir. Bu məsələ real olaraq həll edilməlidir”.



Psixoloq Tünzalə Verdiyevanın sözlərinə görə, Çində yaradılan bu platforma qısa müddətdə bütün dünyada ən çox istifadə olunan tətbiqə çevrildi: “Yetkin, “ağlı başında olan” insanlar üçün bu tətbiqin heç bir təhlükəsi yoxdur. Bu proqram 15 saniyəlik fublyaj videolarından ibarətdir və çox əyləncəlidir. 150-dən çox sosial platforma bazarında 75 dildə istifadə olunur və gəlirləri sürətlə artır. Qismən məhdudlaşdırmaq mümkün olsa da, qadağan edilməsi inandırıcı deyil. Yeniyetmə və ilk gənclik dövrünü yaşayan insanlar qadağalara qarşı çıxmağa daha çox meyilli olduqları üçün “Tik Tok”un aktiv istifadəçilərinin sayı daha da çox artacaq. Çünki anti-reklam özü reklamdır. Çalışmaq lazımdır ki, hər bir yenilikdən düzgün istifadə qaydalarını təbliğ edək. Xüsusi həssas qrup olan yeniyetmələrin daxili dünyasına nüfuz etmək, onların dostluğunu qazanmaq olduqca əhəmiyyətlidir. Biz onların vərdişlərini yarğıladıqca onları özümüzdən uzaqlaşdırırıq. Beləcə, yeniyetmələrin “tənhalığına” özümüz şərait yaratmış oluruq. İntiharların sayının artmasının səbəblərindən biri də valideynlərlə övladlar aradında yaranan uçurumdur. İfrata varmadan yeni tətbiqlərin istifadəsinə nəzarət etməliyik. 13 yaşdan aşağı olan uşaqların bu tətbiqdən istifadəsi olduqca zərərli və təhlükəlidir. Çünki uşaqlar özləri haqqında olan məlumatların məkirli insanların əlində toplanmasına və daha sonra bu məlumatlardan onların əleyhinə istifadə olunmasına şərait yaradırlar”.(afn.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
28 mar 2024, 17:53
Top