"44 günlük müharibə ermənilərin 100 illik ümidlərini də məhv etdi"

SİYASİ 11 mar 2021, 00:01
Qaçqını sorğu-suala tutub niyə tərəddüdə salırlar?
 
Bu gün 44 günlük İkinci Qarabağ müharibəsinin bitməsinin 4 ayı tamam oldu. Nə 44 gün, nə də dörd ay tarix üçün böyük görünməyə bilər. Ondan çox böyük, həm də çox kiçik zaman ölçüləri olan müharibələr (yüz illik müharibə, dünya müharibələri, altı günlük müharibə və sairə) olub ki, bir dövlətin, əsasən də bəşəriyyətin gedişatını dəyişib. Azərbaycanın qələbəsi, Ermənistanın məğlubiyyəti ilə nəticələnmiş 44 günlük müharibə də yalnız Azərbaycan-Ermənistan dövlətlərinin tarixini dəyişməyib. Bu müharibə regionda tamam yeni situasiya yaratmaqla yanaşı, 100 ildən çox aparılan bir siyasətə son qoydu. Cəmi altı gündən sonra – vaxtilə imzalanmış bir müqavilənin də 100 ili tamam olacaq. Söhbət 1921-ci ilin martın 16-da RSFSR və Türkiyə Böyük Millət Məclisi arasında imzalanmış və tarixə Moskva müqaviləsi kimi düşən bir razılaşmadan gedir. Geniş xatırlatma aparmadan qeyd edək ki, Moskva müqaviləsinə və onun davamı olan Qars müqaviləsinə əsasən Qars və Sürməli Türkiyə ərazisi, Naxçıvan Azərbaycan, Batumi Gürcüstan, Aleksandropol (Gümrü) Ermənistan ərazisi kimi tanındı. Erməni millətçiləri müqavilə bağlanandan bu günə kimi təbliğat aparıblar ki, bu müqavilənin 100 ili tamam olan kimi qüvvədən düşəcək və Rusiya Türkiyədən Qars, Sürməli vilayətlərini, Ağrı dağını, Azərbaycandan isə Naxçıvanı alıb ermənilərə verəcək. 
 
44 günlük müharibə ermənilərin yalnız Qarabağ siyasətini deyil, həm də 100 illik ümidlərini məhv etdi. Baxmayaraq ki, erməni daşnaklarının həyasızlığı son anadək davam edir və Rusiyanı ermənilər qarşısında “günahlarını yumaq” üçün Moskva müqaviləsini pozmağa çağırırlar. Maraqlı burasıdır ki, ermənilər elə zənn edirlər ki, müqavilə pozulsa istədikləri torpaqları onlara sinidə verəcəklər. 
 
Müqavilənin həm 100 ili tamam olduğuna görə, həm də düşmənlərimizin son bir ildə az qala hər gün xatırlatdıqları bu müqavilənin altı gündən sonra guya qüvvədən düşməsi siyasətini təsadüfən yada salmadıq. Ermənilər imzalanmış 100 illik müqavilənin nəticələrini qəbul etmirlər (guya onlardan soruşan varmış) və deyirlər ki, o sənəddə Ermənistanın imzası yoxdur. İmzaları olan sənədə ermənilər əməl edirlərmi? Rusiyanı qınayırlar, bu gün Qətərin paytaxtı Dohada Çavuşoğlu ilə Lavrovun görüşməsinə qısqanclıqla yanaşıb, “Moskva müqaviləsinin 100 illiyi ərəfəsində” bu görüşü qınayırlar. Rusiyaya “ağamız” deyirlər, Rusiyadan Qafqazın, Türkiyənin yarısını alıb onlara verilməsini tələb edirlər, adını da qoyurlar ki, “qarşımızda günahlarınızı yuyun”. Erməni sanki bütün planeti özünə borclu hesab edir.
 
44 günlük müharibənin nəticəsi kimi Ermənistanın imzaladığı 10 noyabr sənədi sülh müqaviləsi deyil. Yuxarıda qeyd etdiklırimizin mahiyyəti də  elə sülh müqaviləsinin olmamasının mövcud və perspektiv fəsadları barədədir. 
 
Fəsadlar da kifayət qədərdir. Dörd ayda Ermənistanda rəsmi, qeyri rəsmui adam qalmayıb ki, Qarabağa gəlməmiş olsun. Biz tərəfdən bu dörd ayda 4 rəsmi adamımız da Xankəndinə getməyib. Heç qaçaq kimi də girməmişik. Biz hərəkət etmədikcə düşmən Xankəndi və ətrafına adamları yerləşdirməklə məşğul olur, terrorçubaşı Araik Arutyunyan dünən Hadrut qaçqınlarına tezliklə evlərinə qayıdacaqlarını vəd verir. Növbəti dörd ayda necə olacaq,  “elə belə gəlib, belə də gedəcək”? 100 ilin davasını döyən ermənidən Qarabağda rahat sülh gözləmək mümkündürmü? Düşmən bütün vəchlə Minsk Qrupunu yenidən dövrəyə qaytarmaq istəyir. Yəni, bizim  “müharibə bitdi” deyib Minsk Qrupunu uzaqlaşdırmaq siyasətimizlə, sabah Dağlıq Qarabağın tanınması istiqamətində düşmənə və onun tərəfdarlarına dolayısı ilə şərait yaratmış olmuruqmu? Müharibə bitib, biz Xankəndinə nəzarət etmirik, o zaman Araik prezidentliyinə davam etsin?  Yəni, hər şey bitdi deyirik, amma  Ermənistan silahlı qüvvələrini ərazimizdən çıxara bilməmişik axı. Düşmən əli silahlı qarşımızda dayanıb, amma bəzi politoloqlar kütləyə deyir ki, mayın əvvəlinə  Əsgəran, Xocalı bizim nəzarətə keçəcək. Çox gözəl. Bəs, daxilolmanın bu dörd ayda mexanizmi niyə işlənməyib? Mövcud situasiyanın yaratdığı narahatçılığı dilə gətirmə “qələbəyə kölgə salmaq” deyil, əksinə, dörd aylıq sükut kölgə salır.
 
Azad edilmiş torpaqlara qayıdışla əlaqədar aparılan “sorğu- sual” isə əlavə problemlərə səbəb olub, sanki çalışırlar ki, Qarabağ camaatı yurduna qayıtmasın. Təbliğat aparmaq əvəzinə ki, hamı yurduna dönməlidir, elə suallar verirlər ki, qayıtmaq istəyən də tərəddüdə düşür. Düşmən məğlub olub böhran içində boğulmasına baxmayaraq 100 illiyin davasını döyür, biz qalib olub 30 ilin həsrəti ilə yaşayanlara çəpəki suallar ünvanlayırıq. 
 
Bu dörd ayı belə yola saldıq, növbəti dörd aydan sonra dəyişiklik olacaqmı? Yaşayaq, susmayaq, iş görək..,  baxarıq.
 
İlham İsmayıl
Moderator.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top