Qərblə Rusiya arasında çalın-çarpaz toqquşma: Budəfəki poliqon Ermənistandır

MÜSAHİBƏ 03 mar 2021, 15:48
Ermənistanda siyasi böhran, ordunun Baş Qərargahının Baş nazir Nikol Paşinyanın istefasını tələb etməsi ilə pik həddə çatdı. Paşinyan Baş Qərargahın bəyanatını dövlət çevrilişinə cəhd kimi qiymətləndirərək, rəis Onik Qasparyanın istefasını Prezident Armen Sarkisyana təqdim etdi. Sarkisyan isə istefanı imzalamaqdan imtina etdi. Bu, onun göstəricisidir ki, Ermənistan hakimiyyətinin daxilində də parçalanma yaşanır.

Digər yandan isə sabiq prezidentlər – Robert Köçəryan və Serj Sarkisyanın da tərkibində yer aldığı erməni müxalifətinin “Vətənin Qurtuluşu” Hərəkatı Paşinyanın istefası tələbi ilə itaətsizlik aksiyalarını, genişmiqyaslı mitinqlərini davam etdirir. Baş Qərargahın məlum bəyanatından sonra müxalifət digər güc strukturlarını da ordunun fikirlərinə qoşulmağa dəvət etdi – yəni, bütün qurumlar Paşinyanın istefasını tələb etsin.

Paşinyan isə tərəfdarları ilə martın 1-də İrəvanın Respublika meydanında mitinq-yürüş keçirdi, xalqa müxtəlif vədlər verdi. 10 mindən artıq erməninin iştirakı ilə keçirilən mitinqdən sonra görünən odur ki, Nikol hələlik cevriliş planının qarşısını ala bildi. Amma böhran davam edir, Paşinyanın hakimiyyətinə qarşı təhlükə qalmaqdadır. Çünki müxalifət israrlıdır. Baş Qərargah isə istefa tələbindən geri çəkilmir.

Politoloq Zərdüşt Əlizadə Ermənistanda gedən prosesləri və gözləntiləri AYNA-ya şərh edib. Deyib ki, Paşinyan hələlik vəziyyətdən çıxa bilməyib:

Politoloq Zərdüşt Əlizadə:

- Məsələ burasındadır ki, Ermənistanın köhnə hakimiyyəti, Rusiyanın casusları olan Sarkisyan, Köçəryan və Manukyan çalışırlar ki, Paşinyan xalqa qarşı zor işlətsin. Onlar Paşinyanı faktiki olaraq buna təhrik edirlər. Bu zor tətbiqi nəticəsində də bir neçə nəfər ölsün. Məsələn, Köçəryan və Sarkisyan istəyərdi ki, müxalifətin son mitinqində qarşıdurma yaransın, hakimiyyət fəallara amansızlıq etsin və onlar üçün yaxşı olardı ki, yüz nəfər öləydi. Bundan sonra başlayaydılar ki, “Paşinyan xalqın qanını tökdü”, “Nikol canidir, xalqın qatilidir” və s. Paşinyan bunu bildiyinə görə, zorakılığa əl atmır.

 - Yəni, özləri müxalif fəalların ölməsində, yaralanmasında maraqlıdırlar...?

- Əlbəttə ki. Onlar üçün xalq, millət önəmli deyil – hakimiyyət önəmlidir. Bu gün özləri, yəni, keçmiş hakimiyyətdə olanlar zorakılığa əl atmaq istəyirlər. Zor gücü ilə Paşinyanı devirmək arzusundadırlar. Əllərində bu imkan var – quldur dəstələri saxlayırlar, terrorçuları var. Amma onlar da bilirlər ki, bu addımı atsalar, hakimiyyətə gəlsələr belə, legitimlikdən məhrum olacaqlar. Legitim olmayan, xaricdən asılı, diaspordan asılı Ermənistan heç kəsə lazım deyil. Ona görə də, keçmiş hakimiyyət zorakılığa getməkdən qorxur, zorla hakimiyyət dəyişikliyindən çəkinir. Yoxsa ki, bu gün Ermənistanın keçmiş hakimiyyət üzvləri, “Qarabağ klanı” adlanan qruplar Paşinyanın qanını içməyə hazırdırlar. Sabah sui-qəsd təşkil edib, Paşinyanı öldürmək Köçəryan üçün su içmək kimi bir şeydir.

Amma, axı, hakimiyyətin legitimliyi məsələsi var. Hakimiyyəti götürə bilməyəcək, götürsə də, idarə edə bilməyəcək. Dünyada hakimiyyətləri qəbul edilməyəcək. Pinoçet Alyendeni devirəndə onun arxasında Amerika dayanmışdı. Axı, bunların arxasında ABŞ dayanmayıb - əksinə, ABŞ onlara deyir ki, “Paşinyana toxunmayın”. Rusiya da deyir ki, “mən Ermənistanda heç nəyə qarışmıram, prosesləri kənardan izləyirəm”. Yəni, Rusiya əməllərində açıq vermir. Hətta, Putinlə Paşinyan mütəmadi olaraq danışırlar, müzakirə aparırlar. Köçəryan-Sarkisyan, Manukyan da odla-köz arasında qalıb. Bir tərəfdən hakimiyyəti ələ almaq istəyirlər, digər yandan da götürə bilmirlər.

- Dinc yolla da hakimiyyətə gələ bilmirlər...

- Əlbəttə, çünki tərəfdarları yoxdur. Hakimiyyətdə olduqları vaxt o qədər cinayət törədiblər, o qədər quldurluq ediblər ki... Ermənistanı, erməni xalqını qarət edənlər, bədbəxt edənlər Köçəryan, Sarkisyan kimi quldurlar olublar. Ermənistan erməniləri, ümumiyyətlə bunlara nifrət edirlər. Qarabağ ermənilərinin içərisində ola bilər ki, bunları dəstəkləyənlər tapılsın. Amma Qarabağda 30 min erməni qalıb, onların hamısı da Köçəryanı dəstəkləsə, milyon yarımlıq Ermənistana təsir edə bilməz. Bizim Yardımlı əhalisi Bakıya təsir edə bilər? Əlbəttə, yox. Həm də, erməni cəmiyyəti onu da yaxşı bilir ki, İkinci Qarabağ müharibəsində məğlub olan Köçəryan-Sarkisyan rejiminin ordusudur. Çünki bu məğlub ordunu onlar qurublar, illərlə onlar idarə ediblər. Paşinyan iki ildir hakimiyyətə gəlib, onlar isə 27 il hakimiyyətdə olublar. Bütün bunları onlar da bilirlər, amma yenə də hakimiyyətə gəlmək istəyirlər. Rusiya da bunlara deyir ki, “gedin, götürün hakimiyyəti, qurtarsın bu məsələ”. Amma Kremldən tapşırığın biri də odur ki, burada “Moskvanın barmağı” görünməsin. Hazırda Ermənistanda Qərblə Rusiya arasında çəkişmə gedir. Qərb xətti Paşinyanı, Rusiya xətti isə Köçəryanı dəstəkləyir.

- Maraqlıdır, Rusiya Paşinyanın hakimiyyətdən getməsini niyə istəyir? Axı, Paşinyan Moskvadan verilən tapşırıqları yerinə yetirir. Səbəb təkcə Nikolun “İsgəndər” raketi ilə bağlı dedikləridirmi?

- Təbii ki, yox. Düzdür, Paşinyanın “İsgəndər”lə bağlı dedikləri Kremli incitdi. Bu, Rusiyanın silah biznesinə ağır zərbə idi. Amma əsas məsələ odur ki, Moskva Ermənistanı asılı və müti şəkildə görmək istəyir. Rusiya Ermənistanın Qərbə üz tutmasını qəti şəkildə istəmir. Paşinyan Rusiyanın dediklərinə əməl edir. Hakimiyyətdə qalsa, indi olmasa da, 5 ildən sonra Ermənistan dönüb olacaq Gürcüstan. Bunu Moskva, əlbəttə, istəmir.

- Ermənistanda hakimiyyət dəyişərsə, İkinci Qarabağ müharibəsini dayandıran 10 noyabr Üçtərəfli Bəyanatının taleyi necə olacaq?

- Üçtərəfli Bəyanat icra olunacaq, Ermənistanda kim hakimiyyətə gəlsə belə, Rusiya bunun müddəalarının yerinə yetirilməsini tələb edəcək. Çünki sənəddə Putinin imzası var. Burada maraqlı bir məsələ var – erməni müxalifəti bu sənədi imzaladığına görə Paşinyana xain, satqın deyir. Amma Manukyandan, Köçəryandan soruşurlar ki, “siz hakimiyyətə gəlsəniz, Üçtərəfli Bəyanatdan imtina edəcəksiniz?”, onlar da deyirlər ki, “yox, icra edəcəyik”. Deməli, Paşinyanı xain adlandırmağa səbəb tapdıqları sənədi bunların özləri icra edəcəklər, vəssalam. Məsələ burasındadır ki, Köçəryanın, Manukyanın başqa yolları yoxdur. Resurs, hami, müttəfiq, pul – bunların heç biri yoxdur. Belə olan halda, Köçəryan, Sarkisyan və ya Manukyan nə edə bilər? Onlar Qarabağı sadəcə maraqları naminə, şüar olaraq səsləndirirlər. Əsas niyyətləri hakimiyyətə gəlməkdir.

- Bəyanatın müddəalarından biri də nəqliyyat-kommunikasiyaların açılmasıdır. Türkiyə ilə sərhədlərin açılması Ermənistanın Qərbə çıxış təminindən biridirsə, Rusiyanın bunu istəməsində məntiqsizlik yoxdurmu?

- Yox, Rusiya bunu istəyir. Rusiya Ermənistanın Türkiyə ilə sərhədlərinin açılmasını, nəqliyyatın hərəkətini istəyir. İstəyir ki, ermənilər Türkiyəyə keçsinlər, Azərbaycandan keçib Rusiyaya getsinlər. Yaxud da, Türkiyə vətəndaşları Ermənistandan Azərbaycana, oradan da Rusiyaya gedə bilsinlər – bunların hamısını istəyir. Amma bir şərtlə - bu zaman rəsmi İrəvan Moskvadan tam asılı vəziyyətdə olsun. Yəni, Ermənistan rəhbərliyi Rusiyanın göstərişi ilə hərəkət etsin, oturanda-duranda Kremldən nə deyilirsə, onu yerinə yetirsin.

- Sizcə, Ermənistanda Qərb, yoxsa Rusiya qalib gələcək?

- Tarixə baxmaq lazımdır. Son 60-70 ildə bütün dünyada, regionlarda Rusiya Qərbə mütəmadi olaraq uduzub. Baxın, SSRİ dağıldı, sosialist düşərgə dağıldı, Rusiyanın tərəfində olan ölkələr demək olar, Moskvadan üz döndərdi. Belarus indi üz döndərir, Ukrayna düşməndir, Gürcüstan düşməndir. Yəni, ümumi proseslər onu göstərir ki, Rusiya uduza-uduza gedir. Rusiya Ermənistanda möcüzə yaradıb, Qərbi udacaqmı – onu deyə bilmərəm.

- Azərbaycanın proseslərə yanaşmasını necə qiymətləndirirsiniz?

- Bu gün rəsmi Bakının Ermənistandakı proseslərə yanaşması tamamilə düzgündür. Bizim nəyimizə lazımdır, onlar özləri orada savaşırlar, vuruşurlar. Azərbaycan da seyirçi mövqedədir – qonşu ölkədəki proseslərə tamaşa edirik.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top