Xırdalanda ər-arvad arasında mülk davası — Şok təfərrüat

HADİSƏ 03 mar 2021, 12:15

Xırdalanda arvadına xəsarət yetirməkdə ittiham olunan 1987-ci il təvəllüdlü Dadaş Əmirovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Demokrat.az-ın xəbərinə görə, Xırdalan şəhəri, Quşçuluq yaşayış massivində yaşayan Sara Əmirova keçmiş əri Dadaş Əmirovla arasında yaşadıqları evdə şəxsi münasibətlər zəminində mübahisə yaranıb.

Onların arasında mübahisə Dadaş Əmirovun azyaşlı uşağı ilə kobud tərzdə zarafat etməsi və mülkün bölüşdürülməsi səbəbindən yaranıb. Onların arasında olan mübahisə dava-dalaşa çevrilib.

Həmin vaxt Dadaş Əmirov yumruq və təpik zərbələri ilə Sara Əmirovanı vuraraq, ona xəsarətlər yetirib.

İstintaq orqanı tərəfindən Dadaş Əmirovun barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Dadaş Əmirov elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, qeyd edib ki, mübahisə zamanı evdə onlardan başqa azyaşlı oğulları Məhəmmədəli olub. O, tutduğu əməldən peşmançılıq çəkdiyini və himayəsində iki azyaşlı uşağının olmasını bildirib, məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş edib.

Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Sara Əmirova bildirib ki, təqsirləndirilən Dadaş Əmirov onun keçmiş əridir, onların birgə nikahından iki azyaşlı uşaqları var: “Dadaş mütamadi olaraq spritli içki qəbul edib, evdə əsassız yerə qısqanclıq səbəbindən mübahisə yaratdığı üçün üç ildir boşanmışıq. Xırdalan şəhəri, Quşçuluq massivində eyni ünvanda, lakin ayrı-ayrı evlərdə yaşayırıq. Anam baş verən hadisədən  üç həftə əvvəl rəhmətə getdikdən sonra Dadaş məni tək gördü, mülk üstündə evdə mübahisə yaratmağa başladı”.

Sara Əmirovanın sözlərinə görə, hadisə baş verən günü evdə olan zaman Dadaş Əmirov sərxoş halda onun olduğu evə gəlib: “Dadaş doqquz yaşlı oğlum Məhəmmədəli ilə kobud tərzdə oynamağa başladı. Sonra məndən qızılımı satmağımı və evini təmir etmək üçün ona pul verməyimi tələb etdi. Həmin vaxt Dadaşa uşaqla kobud oynadığına görə irad bildirdim, qızılımı satmağa etiraz etdim. Dadaş bu səbəblərdən mübahisə yaratdı. Yumruq zərbələri ilə qollarıma və bədənimin müxtəlif nahiyələrinə vurdu. Həmin vaxt Dadaşa evi satıb, pul verəcəyimi bildirdim. Bundan sonra Dadaş sakitləşdi. Amma məni sözlə öldürəcəyi ilə hədələdi, evdən getdi”.

Sara Əmirova ifadəsinin sonunda qeyd edib ki, məhkəməyə notarial qaydada təsdiq edilmiş ərizə təqdim edib. O, Dadaş Əmorov ilə barışdığını və iş üzrə icraata xitam verilməsini xahiş edib.

Bu cinayət işinə Abşeron rayon Məhkəməsində hakim Şövkət Nəcəfovanın sədrliyi ilə baxılıb.

Dadaş Əmirov 1 il müddətinə qazancından dövlət nəfinə 15 faiz məbləğində pul tutulmaqla islah işləri cəzasına məhkum olunub.

Onun cəzasını əsas iş yeri üzrə çəkməsi, cəzaçəkmə müddətinin əvvəli qazancından dövlət nəfinə tutmaların aparıldığı vaxtdan hesablanması hökm edilib.

Fariz Məlikli

Demokrat.az

 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top