Səbinə Əliyeva: "Nifrət Ermənistanda dövlət siyasətinin əsas tərkib hissəsidir"

QARABAĞ 27 fev 2021, 13:42
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva "Ermənistanın nifrət siyasəti və Xocalı soyqırımı" adlı məqalə yazıb.

Məqaləni təqdim edirik:

"Digər millətlərə qarşı nifrət Ermənistanda dövlət siyasətinin əsas tərkib hissəsidir. Bunu bölgədəki mövcudluqlarını qorumaq üçün əsas vasitə hesab edirlər. Şübhəsiz ki, cəmiyyətdə digər millətlərə qarşı nifrətin, ksenofobiyanın yayılması bir daha təcavüzü təşviq edir və işğal siyasətini dəstəkləyir.

Britaniya jurnalisti Tomas de Vaala müsahibəsində Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan deyib: "Xocalıdan qabaq azərbaycanlılar bizim onlarla zarafat etdiyimizi, ermənilərin mülki əhaliyə əl qaldıra bilməyən xalq olduğunu düşünürdülər. Biz bu stereotipi sındıra bildik və bütün bunlar baş verdi."

S.Sarkisyan Qarabağda bir növ etnik təmizləmənin baş verdiyini etiraf edərək əlavə edib: "Əks təqdirdə bu mümkün deyildi". Köməksiz və silahsız mülki əhalinin məhv edildiyi Xocalı şəhərinə edilən xaincəsinə hücum zamanı S.Sarkisyan yüksək rütbəli komandirlərdən biri idi.

O qeyd edib: "Mərmi uçarkən mülki sakinlə əsgər arasında fərq qoymur, onun gözləri yoxdur. Tərk etmək üçün yaxşı imkanı olmasına baxmayaraq, mülki əhali orada qalırsa, bu onların da hərbi əməliyyatlarda iştirak etməsi deməkdir..."

Bundan başqa, erməni terrorçusu Monte Melkonyanın qardaşı Markar Melkonyan Xocalıda erməni əsgərlərinin qəddarlığını təsvir edərək qeyd edib: "Döyüşçülər bıçaqlarını çıxardılar... bıçaqlamağa başladılar... Monte qadın və qız uşaqlarının sınmış gəlinciklər kimi dağınıq səpələndiyi otlara ayaq basdı."

Təəssüf ki, Ermənistanda dövlət səviyyəsində Azərbaycana və onun əhalisinə qarşı nifrətin qızışdırılması və dəstəklənməsi siyasəti həyata keçirilir. Ermənistan-Azərbaycan münaqişəsi zamanı törədilən Xocalı soyqırımı və digər qətliamlar bu siyasətin danılmaz nəticəsi oldu.

Şübhəsiz ki, Ermənistan etnik nifrət siyasətindən çəkinməli və münaqişədən sonrakı sülh quruculuğu prosesini, iki xalqın dinc yanaşı yaşamasını bərpa etmək üçün tədbirlər görməlidir. Həm siyasi sabitlik, həm də iqtisadi inkişaf baxımından yalnız Azərbaycan və Ermənistan deyil, bütün bölgə bundan faydalanacaqdır".

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top