“Barıtımızı quru saxlamalıyıq” — Polkovnikdən Ermənistanın silahlandırılmasına REAKSİYA

QARABAĞ 26 fev 2021, 11:54
"Bir neçə gün əvvəl eşitmişəm ki, indi onların müttəfiqləri Ermənistan ordusunu yenə də canlandırmaq istəyirlər, onları modernləşdirmək istəyirlər. Nəyə görə? Kimə qarşı?”

Bunu Azərbaycan Prezidenti İlham Əliyev şəhid ailələri və müharibə əlillərinə mənzillərin təqdim olunması mərasimində çıxış edərkən deyib. Bəs Ermənistan ordusunun canlandırılmasında kimlər maraqlıdır? Belə olduğu halda, bu, Azərbaycan üçün təhlükə vəd edə bilərmi? 

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov Sfera.az-a bildirib ki, Ermənistan kimi dövlət nə qədər ki bizim qonşumuzdur, Azərbaycana həmişə təhlükə törədə bilər: "Cənubi Qafqazda geosiyasi baxışdan çoxlu problemlər yaratmaq istəyən qüvvələr var və bölgənin stabilliyinə ancaq Cənubi Qafqazda olan dövlətlər maraqlı ola bilərlər. Bəzi dövlətlər isə öz siyasi ambisiyalarına, məqsədlərinə nail olmaq üçün Cənubi Qafqazı münaqişə zonası kimi saxlamaqda maraqlıdır.

Ermənistan xarici güclərin əlində bir alət kimi istifadə oluna biləcək dövlətdir. Bu dövlətə kimin rəhbər gəlməsindən asılı olmayaraq,  onların bir dəsti-xətti var. Ermənistan hər zaman xaricdən idarə olunur, bundan sonra da idarə olunacaqlar. Bu gün də gedən siyasi proseslər onu göstərir ki, onlar məhz xarici qüvvələrdən asılıdırlar. Əlbəttə, Ermənistanı silahlandırmağa maraqlı olanlar var və olacaq. Ölkə başçısı çox yaxşı bildiridi ki, Aprel hadisələrindən sonra da Ermənistanı sürətlə silahlandırma prosesi gedirdi. İyul hadisələrindən sonra da məlumat aldıq ki, ora hərbi təyinatlı yüklər gəlir. İndi də darmadağın edilmiş Ermənistan ordusunu silahlandırmağa davam edən qüvvələr mövcuddur”.

Müsahibimiz vurğulayıb ki, Ermənistanın silahlandırılmasında məqsəd birdir: "Silahların gec-tez hər hansı bir istiqamətdə istifadə edilməsini təmin etmək. Təbii ki, onlar bunu Türkiyə istiqamətində tətbiq edə bilməyəcək. Seçim olaraq Azərbaycan, ya da Gürcüstan qalır. Münaqişə yarada biləcək başqa ölkə yoxdur. Düşünsək ki, Gürcüstan dini eyni olan ölkədir, deməli yalnız Azərbaycan qalır. Bu baxımdan barıtımızı quru saxlamalıyıq. Ölkə başçısı da artıq öz tapşırıqlarını verib, fikrini bildirib. Azərbaycan ordusu bundan sonra da ən müasir silahlarla silahlandırılacaq. O ki qaldı Ermənistana, düşünmürəm ki, onu ən müasir silahlarla təmin edə bilsinlər. Çünki bu, çoxlu vəsait tələb edir. Əsas odur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib. Bu, nə qədər çətin və güc tələb edən tarixi hədəf idisə, bundan sonra ölkəmizin ərazi bütövlüyünü saxlamaq , hər hansı bir erməni revanşizminin qarşısını almaq da asan tapşırıq deyil”.

Ş.Ramaldanov qeyd edib ki, Ermənistanın silahlandırılması haqqında hələ çox məlumatlar alacağıq: "Rusiya Ermənistanı silahlandırırdı ki, Azərbaycan da onlardan silah alsın. Burada iqtisadi faktor da var. Fikrimcə, bundan sonra Azərbaycan öz ordusunu silahlandırmaq üçün bazar axtaracaq. Müharibədən sonra isə biz artıq hansı silahın, hansı sayda alınmalı olduğunu bilirik. Azərbaycan öz ehtiyatını əldən verməməli, güclü ordumuz daha da çevik və professional formalaşdırılmalıdır”.

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top