Ermənistanda qan su yerinə axa bilər — Elman Nəsirov

SİYASƏT 25 fev 2021, 21:48
Ermənistanda hadisələrin bir neçə ssenari üzrə inkişafı mümkündür. Həmin ssenarilər içərisində növbəti inqilabın baş verməsi istisna deyil. Amma bu dəfəki inqilab “məxməri” olmaya, yəni qan su yerinə axa bilər. Dövlət çevrilişi ilə bağlı da proqnozlar var. Hakimiyyətin hərbçilər tərəfindən zəbti də mümkündür. Təzyiqlər fonunda Paşinyan istefaya gedə bilər. Parlamentdə toxunulmazlıq, eks baş nazir haqqında qanunun qəbulundan sonra bu mümkün görünür.

Bunu Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elman Nəsirov deyib.

Onun fikrincə, Paşinyanın bütün təzyiqlərə davam gətirməsi ehtimal olunan proqnozlardandır:

“O səbəbdən ki, Rusiya amili var. Çünki hazırda Rusiya Paşinyanı müdafiə edir. Baş nazir əleyhdarları isə Sorosun adamları kimi tanınmağa başlayıb. Bu paradoksaldır. Paşinyan Sorosun adamı kimi tanınırdı. Sorosun əli ilə hakimiyyətə gələn baş nazir Rusiya yönümlü bəyanatlar verir. Sabiq prezidentlər S.Sərkisyan və R.Köçəryan isə Sorosla əməkdaşlığa başlayıb. Onlar Rusiyadan lazımi dəstək ala bilmədikləri üçün istiqamət dəyişiblər”.

Komitə üzvünə görə, Paşinyanın “İsgəndər” raketləri ilə bağlı bəyanatı Rus hərbi sənaye kompleksinin qəzəbinə səbəb olub:

“Bunu gizlətmək olmaz. Paşinyanın jurnalistin "Ola bilərmi ki, həmin raketlər partlamasın?" - sualına "Həmin raketlər 80-ci illərin istehsalıdır" - cavabını verməsi gərginliyə səbəb olub. Halbuki, “İsgəndər” raket kompleksləri Rusiya silahlı qüvvələrinin arsenalına 2006-cı ildə daxil olub. 2016-cı il ildə Ermənistanda hərbi paradda nümayiş olunub. Paşinyanın dediyi kimi söhbət 80-ci illərin raketlərindən getmir”.

Deputat qeyd edib ki, Rus müdafiə sənayesinin qəzəbi bəzi erməni hərbçiləri ürəkləndirib: ”Erməni ordusunun baş qərargah rəisi, müavini və 40-a qədər əməkdaşı, idarə rəisləri, generallar, hərbi hissə komandirləri Paşinyana etimadsızlıq göstərib, istefasını tələb ediblər. Qarşılığında Paşinyan onları istefaya göndərib. Artıq Ermənistanda ordunun xalqın tərəfinə keçməsi ilə bağlı xəbərlər yayılır. Bu, faktiki dövlət çevrilişinə cəhddir. Ermənistan özünün ən mürəkkəb dövrünə daxil olur. Ermənistanda dövlət çevrilişinin baş tutması və yaxud vətəndaş müharibəsinin olması gözlənilir. Revanşistlərin hakimiyyəti götürdükləri halda səsləndirdikləri bəyanatları reallaşdırmaq əmsalı sıfıra bərabərdir. Topu-topxanası olmayan, 80 faizi darmadağın ordu ilə dövlətin müharibə imkanı yoxdur. Müharibə variantına deyil, terror proqnozları var. Azərbaycan Silahlı Qüvvələri isə antiterror əməliyyatı ilə tererrorçuları məhv etmək hüququnu özündə saxlayır. Bununla bağlı BMT-nin 12 konvensiyası var”./Teleqraf.com

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top