Bakı niyə qışa hazır deyil?

SOSİAL 25 fev 2021, 15:45
Bakıya yağan ilk qar paytaxtımızın “makiyaj”ının silinməsinə səbəb oldu. Nəqliyyatın hərəkətində, yollarda, kommunal xidmətlərin göstərilməsində yaranan ciddi problemlər açıq göstərdi ki, şəhər təsərrüfatı bu duruma qətiyyən hazır deyilmiş. Halbuki bir neçə gün öncədən sinoptiklər qarlı, şaxtalı hava dalğasının yaxınlaşdığı barədə xəbərdarlıq etmişdilər.

Görəsən, lazımi hazırlıq işlərinin öncədən görülməsi bu qədərmi çətin idi?

Sualımızı öncə Bakı Şəhər İcra Hakimiyyətinə ünvanladıq. BŞİH mətbuat xidmətinin rəhbəri Mətin Hüseynov “Press Klub”a açıqlamasında bildirdi ki, paytaxtın bəzi əraziləri – Bibiheybət yolu, Zığ yolu, Salyan şossesi, Baksol və Kürdəxanı yolları, Masazır dairəsi, Digah, Mehdiabad onların idarəçiliyində deyil:



“Həmin ərazilər rayon kommunal strukturları, bələdiyyələr və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin balansındadır. Bizim əraziyə daxil olan küçə və yolların problemləri dərhal aradan qaldırılır. Tədarük görülüb, ona görə də vəziyyət o qədər də pis deyil. Duz ehtiyatı, xüsusi avtomobillər və qurğular nəzərdə tutulmuşdu və biz hazırlıq işlərimizi görmüşdük”.

Qurum rəsmisinin sözlərinə görə, çox şey yağan qarın miqdarından, havanın temperaturundan asılıdır:

“Bakı böyük şəhərdir və hardasa problem qala bilər. Əməkdaşlarımız tərəfindən mütəmadi olaraq monitorinqlər keçirilir, problemləri görən kimi, dərhal aradan qaldırırlar. Məsələn, Yasamalda “Bizim market”in qarşısında olan problem sosial şəbəkədə yayıldı və ora 5 dəqiqə ərzində tərtəmiz təmizləndi. Ona görə də mərhələli şəkildə şəhər ərazisini təmizləyirik.”

Başqa bir problem sürücülərin əlverişsiz hava şəraitində şəxsi avtomobilləri ilə tədarüksüz şəkildə yollara çıxması, nəticədə qəza vəziyyətlərinin yaranmasıdır. Əlbəttə, metronun bağlı olduğu və digər ictimai nəqliyyat növlərinin lazımi səviyyədə çalışmadığı bir şəraitdə şəxsi avtomobillərdən istifadə etmək məcburiyyəti də yaranır. Amma qış təkərlərindən istifadə etməyən, yararsız təkərlərlə yola çıxan sürücülər həm özləri, həm də digər vətəndaşların həyatını təhlükəyə atırlar.

Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov bildirdi ki, yol hərəkətində istismar edilən nəqliyyat vasitəsi texniki cəhətdən saz olmalıdır:



“Əlbəttə ki, yola çıxan sürücü spirtli içkinin təsiri altında, yuxulu, yorğun vəziyyətdə olmamalı, tələblərə uyğun hərəkət etməli, yol nişanlarının tələblərinə əməl etməli, ara məsafəsi saxlamaqla hərəkət etməlidir. Qanun deyir ki, bu tələblər yerinə yetirilmirsə, hərəkət iştirakçıları və sürücülər inzibati qaydada məsuliyyətə cəlb olunur. Sürücülərin ayrıca olaraq da hüquq və vəzifələri var. Əlbəttə ki, hava şəraitinə, mövsümə uyğun təkərlər olmalıdır. Təkərlərin qalınlığı normaya uyğun olmalı, sürət həddi hava şəraiti, meteoroloji  şəraitə uyğun seçilməlidir, şərait və vəziyyətdən asılı olaraq sürücü peşəkarlığı idarəetmədə özünü ortaya qoyur. Söhbət burda yalnız hava şəraitindən, dövlət nömrə nişanından, nəqliyyatın növündən asılı deyil. Bu, nəqliyyat vasitəsinin kim tərəfindən idarə edilməsindən də asılıdır. Məsələn, təkərlər istismara yararsızdır, lakin sürücü hərəkət edir və yol-nəqliyyat hadisəsi baş verir. Hadisə araşdırılır, əgər həqiqətən də təkərlərin ucbatından hadisənin baş verməsi aşkarlanırsa, sözsüz ki, sürücü məsuliyyətə cəlb olunur. Sürücülər nəqliyyat vasitəsinin təkərlərinin mövsümə uyğun olmasına nəzarət etməlidir. Bu, onun funksional vəzifəsdir. Səhlənkarlıq yol-nəqliyyat hadisələrinin baş verməsinə səbəb olan amillərdən biridir”.

Bəs, qış fəslinə uyğun təkərlərin istifadəsi ila bağlı qanunvericilikdə hər hansı dəyişiklik edilə bilərmi?

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı ölkə miqyasında qarın yağması ilə bağlı yaranan vəziyyəti izlədiyini söylədi:



“Bakı şəhərində görülən təhlükəsizlik işləri təqdirəlayiqdir. Bakı Şəhər İcra Hakimiyyəti küçələrin, yolların buz bağlamaması, istər avtomobillərin, istərsə də piyadaların təhlükəsizliyi üçün bütün işləri görüb. Eyni zamanda, Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polkovnik Vaqif Əsədov mütəmadi olaraq sürücülərə öz xəbərdarlığını çatdırır. Amma dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq, vətəndaşlar şəxsi avtomobillərindən istifadə edirlər. Nəticədə qəza hadisələrinin şahidi olduq və oluruq”.

Deputat hesab edir ki, yol-nəqliyyat hadisələrinin səbəbkarları sürücülərdir:

“Bu, hər birimizin qışa hazırlıqlı olmamağımızla bağlıdır. İnsanlar düşünür ki, Bakıda qış o qədər də sərt keçirmir, qar çox yağmır. Maşınlar üçün qışda xüsusi olaraq istifadə edilən təkərlər var. Sürüşməyə meylli olmayan, çıxıntıları daha çox olan təkərələrdən istifadə olunmalıdır. Biz isə buna əməl etmirik”.

F.Ağamalının fikrincə, qışı sərt keçən ölkələrin təcrübəsi öyrənilməlidir. Bu məsələ orada hansı formada tənzimlənirsə, ona uyğun olaraq qanunvericilikdə dəyişiklik etmək olar:

“Qışı sərt keçən ölkələrdə bu məsələnin necə tənzimləndiyini araşdırmaq və həmin təcrübəyə söykənərək lazım gəlsə, Milli Məclisdə bununla bağlı məsələ qaldırmaq, “Yol hərəkəti haqqında” qanuna müvafiq əlavələr etmək mümkündür”.(pressklub.az)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top