Dəyişən efir siyasəti və xaricdən Azərbaycana qarşı yayımlanan internet resurslarının "ölən bazarı" — TƏHLİL

TƏHLİL 25 fev 2021, 13:47
Mediamız internet televiziyalarının məşhurlaşdığı, ictimai rəyi formalaşdırdığı dövrə qədəm qoyub. Bunun obyektiv və subyektiv, o cümlədən, təhlükəli tərəfləri var.

Müasir insanın daha çox internetdə vaxt keçirdiyini nəzərə aldıqda, bu tv-lərin populyarlığı anlaşılandır. Xüsusilə internet imkanları istifadəçinin istədiyinə baxmağa, yaxud imtina etməsinə şərait yaradır. Azərbaycan tamaşaçısının onlayn tv-lərə üz tutmasının obyektiv səbəbləri buradan qaynaqlanır. 


Hərçənd ki, onlayn tv-lərə kütləvi axının subyektiv səbəbi də mövcuddur. Hələ keçmiş köməkçi Əli Həsənovun dövründə Azərbaycan televiziyaları ən yumşaq formada ifadə etsək, baxımsızlıqdan əziyyət çəkirdi. 

Telekanalların “telekanalizasiya” adlandırıldığı o dövrdən çox keçməyib. Ən xırda tənqidə belə yer verilmir, heç bir debat, yaxud polemika keçirilmir, bütün ictimai-siyasi verilişlər “çevir tatı, vur tatı” prinsipindən uzaqğa getmirdi. 



Efirin əsas vaxtı isə mənasız, heç bir dəyəri və yükü olmaya bayağı və şou verilişlərinə ayrılmışdı. Məhz bu mənzərə televiziyalarda xoşagəlməz vəziyyət yaradır, ictimai rəydə isə efirə olan marağı azaldırdı.

Nəticə ürəkaçan olmadı. Onlayn tv-lər milli televiziya kanallarını üstələdi. Ən pisi isə dövlətə qarşı informasiya hücumları xaricdən yayımlanan onlayn tv-lər üzərindən edilməyə başlandı. Həm daxildə, həm xaricdə Azəraycana qarşı fikir hücumları bu platformaya köçürüldü. Beləliklə, dövlətin dediyi eşidilmədiyi halda, dövlətə qarşı olanların sözü, hətta “söyüş müxalifəti” kimi tanınanların mövqeyi kütləvilik qazandı.

Bu işdən məsul olanlar isə sanki "belə lazımdır deyərək" heç nə etmədilər.

Nəticədə televiziyalar nüfuzdan düşdü, xaricdən yayımlanan bəzi internet kanalları populyarlaşdı, belə resurslar üzərindən təxribat xarakterli informasiyalar Azərbaycanın ictimai rəyinə asanlıqla yol tapa bildi.

Obyektiv və subyektiv səbəbləri üst-üstə qoyduqda, ümumi mənzərəni analiz etdikdə yeganə çıxış yolu televiziyaların nüfuzunun bərpa edilməsi, müasir texnologiyalara uyğunlaşdırılması, tamaşaçını maraqlandıran, vətəndaşın problemini işıqlandıran verilişlərin hazırlanması olduğu məlum idi.



Ümumilikdə mediada aparılan islahatlar, İctimai TV-nin efir siyasətinə köklü dəyişiklik etməsi, ardınca bir sıra telekanalların İTV-nin yolunu tutması qısa zamanda öz nəticəsini göstərdi.

İctimai TV-nin problemlərin işıqlandırıldığı, müzakirəyə çıxarıldığı verilişləri, rəngarəngliyi və plüralizmə üstünlük verməsi "bu prosesdə lokomotiv rolunu oynadı" deyə bilərik. 

Beləliklə, həm obyektiv, həm də subyektiv səbəblərə qarşı addımlar atıldı. İTV başda olmaqla telekanallar verilişlərini həm də onlayn platformada yayımını həyata keçirməyə başladı. Ən mühümü isə tamaşaçıya xitab edən, sadə vətəndaşı maraqlandıran mövzuların işıqlandırılması həyata keçirildi. Nəticə göz qabağındadır.

Son dövrlər xaricdən yayımlanan sözügedən internet kanallarının reytinq göstəricilərinin aşağı düşməsi, baxış sayında ciddi azalmaların olması müşahidə edilir. Bu, məhz yerli televiziya kanallarında həyata keçirilən dəyişikliklərin bəhrəsidir. Doğrudur, nəticə hələ də lazımi səviyyədə deyil, lakin əsas məsələ bu istiqamətdə intensiv addımların atılmasıdır. Bu, həm də bütün media sektorunda həyata keçirilən islahatlar üçün effektiv təcrübələrdən biri hesab edilə bilər.


Vasif Həsənli

"Demokrat.az" xəbər portalının baş redaktoru

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top