Razi Nurullayev: “İlham Əliyev heç kəsin edə bilmədiyini edib”

MÜSAHİBƏ 20 fev 2021, 08:30
Deputat, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevlə ilk geniş müsahibəmiz təqribən yarım il əvvəl olmuşdu. O zaman AXCP adından imtina etməklə rəsmi dövlət qeydiyyatına alınmaq və ardınca partiyanın maliyyələşməsinə nail olmaqla bağlı ehtimallardan danışmışdıq. Həmsöhbətim bunun mümkünlüyünə işarə vurmuşdu. Artıq Razi Nurullayev yeni adı daşıyan partiyanın rəhbəri kimi bu problemləri geridə qoymaqla gerçək nümunə göstərib. 

Elə söhbətə bu mövzudan başladıq:

- Razi bəy, ötən müddət ərzində həm AXCP adından imtina etdiniz, yeni adla qeydiyyatdan keçdiniz, həm də bu günlərdə dövlət büdcəsindən partiyanıza vəsait ayrıldı. Hazırda, necə deyərlər, taleyinizdən razısınızmı, təbii ki, siyasətçi, partiya sədri olan deputat kimi?

- Milli Cəbhə Partiyasının qeydiyyata alınması və parlament partiyaları sıralarına qoşulması bizim üçün əhəmiyyətli hadisə oldu. Bu prosesə gedən yolda çəkmədiyimiz əziyyət, qatlaşmadığımız məşəqqət qalmadı. Onun üçün də mən bunu zəhmətimizin haqqı kimi qiymətləndirirəm. Bilirsiniz ki, parlamentdə də bu məsələləri qaldırmışdım, ardınca Prezident Administrasiyasının şöbə müdiri Ədalət müəllim Vəliyevlə xeyli sayda və xeyli zaman aparan söhbətlərimiz olmuşdu. Şadam ki, yeni şöbənin müdiri görüşləri görüş xartirinə yox, nəticə əldə etmək, qanunvericiliyin tələblərini və qarşısına qoyulan vəzifəni yerinə yetirmək baxımından keçirirdi. Sualın ikinci hissəsinə gəldikdə isə, hər kəsə taleyi uca Allah yazır. Mən heç vaxt Allahın mənə verdiyi taledən narazı qalmamışam. Çünki yazılanın pozula biləcəyinə inanmıram. Əldə etdiklərimiz isə missiyamızı tamamlamağa gedən yolda növbəti hədəflərə çatmaq oldu. Qarşıda isə daha ağır mərhələlər var.

- Çıxışlarınızın bir çoxu, adətən, ünvanlı olur, neqativləri çatdırıb problemlərin həlli üçün çağırış edirsiniz. Bəs sizin çağırışlarınıza aidiyyəti qurumlarından reaksiya gəlirmi? Yaxud reaksiya gəlirsə, bu, hansı istiqamətdə olur?

- Prinsipcə, ayrı-ayrı şəxsləri hədəfə almağın tərəfdarı deyiləm. Bəziləri düşünə bilər ki, nəyisə xahiş edib, o da etməyib və indi qisas alır. Təəssüf ki, burada həqiqət payı olmamış deyil. Cəmiyyət də bu səbəbdən belə düşünür. Bilirsinizmi, yüzlərlə dost-tanışımdan zəng gəlir ki, məni filankəsə tapşır, vəzifəyə qoysun, iş versin, pul qazanmağa imkanlar yaratsın və sairə. Deyirlər ki, Razi müəllim sənin sözündən heç kim çıxmağa cürət etməz, nə desən, o olacaq, çünki, onların çoxu, üzr istəyirəm, “zibil”in içindədir və sənin də əlində daşdan keçən faktlar, kompromatlar var. Bir də görürsən, mənə kağızlarla, şəkillərlə dolu bir zərf gəldi və içərisindəkilər kimisə elə dağdan üzüaşağı yuvarlamaq üçün üfürməyə də yetər. Lakin namərd və xəbis insan deyiləm, heç kimi də qurşaqdan aşağı vumağın tərəfdarı olmamışam. Mən ayrı-ayrı şəxslərə qarşı yox, ümumi bəlalara qarşı mücadilənin tərəfdarıyam. Reaksiyalar olur, kənardan söz deyənlər də, rica edənlər də olur. Bu da təbii və başadüşüləndir. Biz də daşdan deyilik, ürəyimiz, hissimiz, düşüncəmiz var. Amma çarəsizə, yetimə, kasıba, haqlıya haqsızlıq edənlərə qarşı barış nöqtəm yoxdur və olacağını da düşünmürəm. Yaxşı münasibət bəslədiyim dövlət qurumları da var. Daxili işlər naziri Vilayət Eyvazovun atdığı addımlar ona və rəhbərlik etdiyi orqana qarşı rəğbətimi artırır. Son zamanlar polisin davranışlarında və fəaliyyətində xeyli gözlə görünəbilən müsbət dəyişiklik - mədəni davranış, nəzakətli rəftar, operativ reaksiya əmələ gəlib. Tutucu orqan və nəzakətli rəftar bir-biri ilə düz gələn məsələ deyil. Amma son zamanlar bunun vəhdətini görə bilirəm. Hər şey mənim üçün ağ və qara deyil, Allaha şükür ki, rəngləri seçə bilirik. İlk iş və xoş münasibətim “Azəravtoyol” ilə yaranıb. Fəaliyyətimə başladığım ilk aydan müraciətlərimə operativ cavab verdilər və mən də düşündüm ki, nə yaxşı, yəqin elə deputatlıq bu imiş. Nə desən, deyəcəklər ki, a kişi, bu vaxta qədər sən harada idin, nə sözün var de, deyək “baş üstə”. Başladım şikayətlərlə bağlı müraciətlər, zənglər etməyə. Gördüm yox e... Bəzi vəzifə sahibləri özlərini elə aparırlar ki, sanki dövləti bunlar yaradıblar, hələ bunlara təşəkkür də etməliyik. Sən kimsən? Vallah-billah başqa zaman heç səni “JEK” müdiri də qoymazdılar. Nə isə, əsas mövzudan uzaqlaşdım...

“Azəravtoyol”da gücləri nəyə çatdısa, o müraciətləri yerinə yetirdilər. Açığı, çox təəccüblənmişdim ki, müraciətlərə bu qədər həssas yanaşırlar. Saleh müəllimlə, müavini Əvəz müəllimlə telefon danışıqlarım da oldu və onlar şəxsən maraqlandılar ki, bəs, o müraciətləriniz həll edilib, baxın razı qaldınızmı? Özləri birbaşa maraqlanırdılar. İndi mən onların xoş münasibətini və operativ həll qərarlarını niyə deməyim ki? Vacib olan odur ki, vətəndaşlar dövlət qurumlarından razı qalsınlar və şikayətlər olmasın. “Azərişıq” və “Azərenerji” də tənqid etmədiyim qurumlar arasındadır. Hər iki qurumdan şikayətlər demək olar ki, almırıq. Kəndlərdə və qəsəbələrdə problemlər qalır və bu da ölkəboyu kabelləşmə layihəsinin, zənnimcə, maliyyə ucbatından dayanması ilə bağlıdır. Digər bir məsələ isə bu sistemdə hələ də az sayda bacarıqsız, işdən çox pafosa söykənən kadrların qalmasıdır və ümid edirəm ki, onları da yaxın zamanlarda uzaqlaşdırıb, iş bacaran və xalqa yaxın kadrlarla əvəz edəcəklər. Bildiyimə görə, proses gedir. Yaxın zamanlarda gördüyüm problemləri və yarıtmaz kadrları hər iki qurumla müzakirə etmək niyyətindəyəm. Amma ümumilikdə isə elektrik infrastrukturunun yaradılması və onun vətəndaşlara ötürülməsində müasirlik var. Bu, məni sevindirir. Qısa müddətdə Qarabağda çəkilən elektrik xətlərini və yanan lampaları gördükcə, uşaq kimi sevinirəm. Axı, niyə də yaxşı işlərə sevinməyək, onlara xoş söz deməyək? Nə istəyirik? İstəyirik ki, hər kəs çalışdığı sahədə vətəndaşları razı salsın, onların problemlərini həll etsin. Təbii ki, narazı qaldığım və çox narazı olduğum şəxslər və qurumlar da var. Düşünürəm ki, “qozbeli qəbir düzəldər” deyimi onlar üçündür.

- Ölkədə korrupsiyaya qarşı mübarizə çərçivəsində həbslərin aparılması barədə fərqli fikirlər səsləndirmisiniz. Necə hesab edirsiniz, həbslərdən imtina, iqtisadi amnistiyanın elan olunması realdırmı və o halda ölkənin sərvətlərini talayanların xalqa faydası dəyə bilərmi?

- Mütləq şəkildə maliyyə amnistiyası olmalıdır ki, iqtisadiyyat “kölgə”dən çıxsın və pullar da xaricə daşınmasın, torpağa basdırılıb gizlədilməsin, sandıqlarda siçanlar yeməsin. Həbs nə verir? Pulların çoxu kabinetlərdə yoxa çıxır, xalqa bunun nə xeyri? Qoy həbslərə sevinənlər bilsinlər ki, məhbus məmurlar onsuz da elə dörd divar arasında da bəy-xan kefində yaşayırlar. Həbslər bir yerə qədər, idarəetməni təkmilləşdirmək üçün lazımdır, mürəkkəbləşdirmək üçün yox

- Qarşıdakı iclaslarda parlament qarşısında bir sıra hesabatlar olacaq, o cümlədən hökumətin hesabatı. Siz dediyiniz kimi, müxalifət partiyası olaraq hökumətin illik fəaliyyətindən razısınızmı?

- Məni bağışlasınlar, amma bütöv şəkildə razı qaldığımı deyə bilməyəcəm. Sosial şəbəkələri açırsan, rayonlara gedirsən, küçəyə çıxırsan, problemli, dərdli insanlar minlərlədir. Qazilərin şikayətindən qulaq tutulur, işsizlik çox artıb. Rüşvətxorluq və korrupsiya da ciddi azalıb desək, yalan olar. Hələ də hökumət üzvləri saxta statistikaya meyillənirlər. Hər şey kağız üzərində gözəldir, əməllər fərqlidir. Ölkədə olan problemləri saysaq, ən gur saçlı bir şəxsin saçının sayı yetməz. Parlamentdə hökumət üzvlərinə çox çətin suallar olacaq.

- Vaxtaşırı hökumətin ayrı-ayrı qurumlarının fəaliyyətini tənqid etsəniz də, bugünlərdə “Azəriqaz”la bağlı maraqlı araşdırmanız və açıqlamanız oldu. Maraqlıdır, hökumətin hansısa qurumunu tənqid etmək daha asandır, yoxsa hansısa fəaliyyət sahəsini təqdir etmək, onu müdafiə etmək?

- “Azəriqaz”ı ona görə müdafiə etdim ki, problemləri aradan qaldırmaq üçün səfərbər oldular. Facebook-da qurumun rəhbəri Ruslan Əliyev canlı yayım keçirib, abonentlərin suallarına cavab verməkdən yoruldu. Bu da mənə çox xoş gəldi. Şikayətləri başından etmədi. Özüm də araşdırma apardım, sorğu keçirdim və şikayətçilərdən mənə konkret fakt vermələrini istədim. Bir nəfər də olsun mənə müqayisəli çek təqdim etmədi. Amma təbii ki, problemlər var və onların çoxu indiki rəhbərliyin zamanında yaranmayıb. Açığı, “Azəriqaz”ın rəhbəri Ruslan müəllimin düşdüyü vəziyyətə çox üzüldüm, hər kəs onun üzərinə gəldi, o isə təmkinini pozmadan şikayətləri şəxsən özü dinlədi və bu gün də canlı yayımları davam etdirir. Mən Ruslan Əliyevin məmur əxlaqını çox bəyəndim və bu səbəbdən də onu dəstəkləyirəm. Göndərdiyim bir haqlı şikayətə də “yox” cavabı verilməyib. İkinci məsələyə gəldikdə isə, hökumətin ayrı-ayrı qurumlarının fəaliyyətini tənqid etmək və tərifləmək eyni dərəcədə çətindir və risklidir. Gərək tənqidi də elə səmimi edəsən ki, orada sənin şəxsi maraqların olmasın. Çünki bəzən deyirlər filankəs ona görə tənqid edir ki, yəqin xahişini rədd ediblər və yaxud aralarında şəxsi məsələ var. Tərifləyəndə də gərək səmimi olasan. Şəxsi maraqlar və şəxsi hesablar üzərindən bunu edən zaman görünür, hiss edilir və bilinir. Bu isə çoxlarında ikrah hissi oyadır və yolverilməzdir. Həm tənqid edəndə, həm də tərifləyəndə gərək səmimiyyəti gözləyəsən, şəxsi yox, kollektiv maraqlardan çıxış edəsən. Şükür Allaha ki, bunun üçün çaba göstərməyimə və artistlik etməyimə ehtiyac yoxdur. Bunlar mənim təbii hisslərim və içimdən gələn çağırışdır.

- Bir sıra hallarda özünü müxalifət adlandıranlara da xitab edirsiniz. Son çıxışlarınızın birində isə İlham Əliyev Qarabağı işğaldan azad edərsə, hətta siyasətdən gedə biləcəyiniz haqda vaxtilə dediklərinizi xatırlamısınız. Belə çıxışlarınız və müxalifətə ünvanlı tənqidləriniz düşərgədaşlarınız tərəfindən necə qarşılanır?

- İşimi və fəaliyyətimi ictimai rəylə, başqalarının fikirləriylə qurmuram. Düşərgədaşlarıma hörmət və izzətlə yanaşıram, amma onların haqqımda dediklərini və düşündüklərini özümə problem yaratmıram. Doğru bildiyimi deyir və doğru bildiyimi edirəm. Bu xasiyyətim mənə üstünlük qazandırır. Bəli, İlham Əliyev heç kimin edə bilmədiyini edib. İlham Əliyev bu yolda 30 il iş aparıb, münasibətlər qurub və zaman gözləyib. Bir olan uca Allah şahiddir ki, bu sözlərimdə tam səmimiyəm. Digər biri olsaydı, biz torpaq almaz, bəlkə yenə də itirərdik. Müharibədə uduş üçün çox faktorlar uzlaşmalıdır və uzlaşmanı İlham Əliyev 30 ilə “kubik-rubik” kimi qurub. Mən müxalifət partiya sədriyəm deyə, o da rəqib partiyanın lideri və ölkənin prezidentidir deyə, yalan danışmalı, onun rəhbərliyi altında qazanılan zəfərə kölgə salmalıyam? Danışanlar bilir ki, dağlara dırmaşa-dırmaşa, başına yuxarıdan-aşağıya güllə, mərmi yağa-yağa o boyda ərazini 44 günə azad etmək nə deməkdir?! Onlar bilirmi ki, İlham Əliyev düz edib, doğru zamanı seçib 10 noyabrda müharibəni dayandırdı? Onlar bilirmi ki, 11 noyabr gec ola bilərdi və indi biz də yasa batmışdıq? Bilirlərmi ki, indi Bakının müxtəlif yerlərinin dağıntıları hələ də təmizlənib qurtarmamışdı, Bakıda və Sumqayıtda yaşayan minlərlə vətəndaş şəhid olacaqdı? Onlar bilirlərmi ki, 44 günə bizə zəfər qazandıran və dünyanın ən güclü dövlətlərində belə olmayan müasir silahları İlham Əliyev necə və hansı qiymətə almışdı? Zəfər göydən düşdü ovcumuza? Necə oldu ki, ermənilər 10 mindən çox - 6 mini özləri deyir, amma Qarabağı saymırlar, orada da 3 min, minlərlə də itkin düşənlər - itki verdi, Azərbaycan isə 3 min şəhidi ilə zəfər çaldı? Məgər onlar Birinci Qarabağ müharibəsində təkcə itkin düşənlərin sayının 3843 nəfər olduğunu bilmirlər? Haqqı deməyən Allahdan da kənar düşər. Ədalətli olmaq, həqiqətləri demək müxalifət və ya iqtidar olmağa bağlı deyil. Bu, qəlbin səsidir. İndi zaman səmimiyyət tələb edir və o səmimiyyət məni də çox ucalara, inşallah, aparacaq və xalqıma gücüm çatan xidməti göstərəcəm. Mənim apardığım siyasət fərqlidir və onun uğurlu olacağına inanıram.(musavat.com)

Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top