İki oğlunun müharibədə itkin düşdüyünü iddia edən qadına XƏBƏRDARLIQ


HADİSƏ 05 fev 2021, 12:54
Baş Prokurorluq məlumat yayıb.

Qurumun Mətbuat xidmətindən Demokrat.az-a daxil olan məlumatda deyilir:

"Vətən Müharibəsi ilə bağlı mövzulara münasibətdə həssaslıq nümayiş etdirilməsi, yayılmış informasiyaların düzgünlüyünün yoxlanılması ilə bağlı dəfələrlə tövsiyyələr verilməsinə baxmayaraq, təəssüf ki, bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkə istifadəçiləri tərəfindən süni ajiotaj yaratmaq məqsədilə məlumatın dəqiqliyi yoxlanılmadan informasiyaların ictimailəşdirilməsi hallarına rast gəlinir.

Belə ki, Azərbaycan Respublikasının Baş Prokurorluğunda aparılmış araşdırmalarla Rüstəmova Əfsanə Süleyman qızının “facebook” sosial şəbəkəsində özünə məxsus səhifə vasitəsilə iki övladının Vətən müharibəsində itkin düşdüyünü bildirən Rəna Kazımova adlı qadının videogörüntülərini ictimailəşdirməsi, övladlarından xəbər ala bilmədiyini diqqətə çatdıran həmin qadına köməklik göstərilməsi ilə bağlı çağırış etməsi müəyyən edilmişdir.
Əfsanə Rüstəmova tərəfindən yerləşdirilən məlumatlar yoxlanılarkən “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarının və inzibati xətalar haqqında qanunvericiliyinin tələblərinin pozulması aşkar edilib.

Qeyd edilənlərlə əlaqədar Əfsanə Rüstəmova Baş Prokurorluğa dəvət edilərək “Prokurorluq haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə müvafiq olaraq ictimai rəyi çaşdırmaq, sensasiya naminə dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq məqsədi güdməklə konkret faktlara əsaslanmayan məlumatların qanunsuz olaraq yayılmasını davam etdirəcəyi təqdirdə barəsində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulan daha ciddi tədbirlər görüləcəyi barədə rəsmi xəbərdarlıq edilib.

Vətəndaşlarımızdan və kütləvi informasiya vasitələrindən yaranmış hazırkı həssas vəziyyətdə maksimum məsuliyyətli olmaq və dövlət tərəfindən həyata keçirilən tədbirlərə hərtərəfli dəstək göstərmələri tələb olunmaqla bir daha nəzərə çatdırılır ki, ictimaiyyətdə yanlış fikrin formalaşdırılması məqsədi güdən və qəsdən bu qəbildən olan informasiyaların yayılmasını həyata keçirən kütləvi informasiya vasitələri, o cümlədən sosial şəbəkə istifadəçiləri barəsində ən ciddi tədbirlər görüləcəkdir".


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top