“Ülvi Mehdiyevi minalanmış ərazilərə göndərmək lazımdır ki...” — Qazi jurnalistlərə böyük sayğısızlıq


SOSİAL 28 yan 2021, 20:38
Ülvi Mehdiyevi heç Vüqar Səfərlinin də yanına yox, minalanmış ərazilərə göndərmək lazımdır ki...

Dünən YAŞAT Fondunun fəaliyyəti ilə bağlı bir qrup media rəhbərinin Fondun təşkili və vəsaitlərinin idarə olunmasını həyata keçirən "ASAN xidmət"in rəhbəri Ülvi Mehdiyevlə görüşü keçirilib. Görüşdə Ülvi Mehdiyev fondun gördüyü işlərlə bağlı danışıb. Lakin maraqlı burasıdır ki, II Qarabağ savaşında iştirak edən 30 nəfərə yaxın media nümayəndəsindən heç biri həmin tədbirə dəvət almayıb. Vətən savaşında iştirak edən tanınmış jurnalist, Cəbrayıl və Qubadlı rayonlarının işğaldan azad olunmasına görə medallarla təltif olunmuş zabit Nəsimi Şərəfxanlı da Ülvi Mehdiyevin üzünü görməyə layiq bilinməyənlərdəndir. Nəsimi Şərəfxanlı bu barədə AzNews.az portalının əməkdaşına bunları deyib:

“Mən o tədbirə dəvət almamışam. Bu haqda indi xəbər tutdum. Bütün hallarda “Yaşat” fondunun yaradılması təqdirəlayiq haldır. Fondun media ilə əməkdaşlıq etməsi, medianın fondun fəaliyyəti ilə diqqətdə saxlaması da təqdirəlayiqdi. Yəni məqsəd başadüşüləndir: ictimaiyyətə fondun fəaliyyəti haqqında məlumat verilməsi üçün media ilə əlaqələr yaradırlar. Təbii ki, ll Qarabağ müharibəsinin istər media, istər media təmsilçisi olmayan şəxslərin tədbirə dəvət olunması yaxşı olardı. “Yaşat” fondunun qısa müddətdir yaranıb. Yəqin ki, rəhbərlik bu məsələ ilə bağlı biraz tələskənliyə yol verib. Əlbəttə, çağırılsaydıq yaxşı olardı. Ümid edirəm gələcəkdə bu məsələni nəzərə alarlar".
 
YAŞAT fonduna daxil olan vəsaitlərin sərəncamçısı olan ASAN Xidmətin rəhbəri Ülvi Mehdiyevin media nümayəndələri ilə görüş keçirməsi, heç şübhəsiz, təqdirəlayiqdir. Bu, ilk növbədə Fondun təsis prinsiplərindən irəli gəlir. Heç kim heç kimə minnət qoymalı deyil, Fond yaradılarkən şəffaflıq prezident tərəfindən qurumun fəaliyyətində əsas prinsiplərdən biri kimi göstərilib. COVİD 19 pandemiyası ilə bağlı yaranan şərtlər müqabilində, media təmsilçilərinin müxtəlif qruplara bölünərək görüşə dəvət olunması da başa düşüləndir. Ancaq Ülvi Mehdiyev bu görüşü ilk növbədə vətən savaşında əsgər və ya zabit olmasından asılı olmayaraq döyüşçü kimi iştirak edən media nümayəndələri ilə keçirməli idi. Daha pisi odur ki, dünənki görüşdə nə Ülvi Mehdiyev, nə də media rəhbərləri tərəfindən vətən savaşında iştirak etmiş jurnalistlərlə bağlı bircə kəlimə də olsun danışılmayıb. Bu barədə tədbirə qatılan baş redaktorlardan biri AzNews-a elə beləcə də deyib: "SİZ HEÇ YADIMIZA DA DÜŞMƏDİNİZ"! Ancaq sadəcə AzNews deyil, bütün ölkə yaxşı bilir ki, ora toplanan guya "A" kateqoriyalı baş redaktorların bir çoxu KİVDF-nin sabiq rəhbəri Vüqar Səfərlinin də axırına bu cür merkantil düşüncə və yanaşma ilə çıxıblar. İndi Ülvi Mehdiyev də sabiq KİVDF rəhbərinin yolu ilə sürətlə irəliləyir. Bəli, Ülvi Mehdiyevin ilk toplantını məhz savaşda iştirak edən jurnalistlərlə keçirməməsi onu göstərir ki, onun da ağlı elə Vüqar Səfərli qədər kəsir. Yox, əgər ağlı heç Vüqar Səfərli qədər də kəsməyib vətən savaşında iştirak edən, dövlət başçısının ilk əmri ilə ya qazi, ya şəhid olmağa gedən media nümayəndələrini "çox aşağı kasta" sayaraq öz keçirdiyi tədbirdə iştirak etməyə belə layiq bilmirsə, onda onun YAŞAT fondunda nə işi var? Belə "ağ yaxalıqlı" məmurları Vüqar Səfərlinin də yanına yox, müzəffər Azərbaycan ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında işğaldan azad edilmiş torpaqlardakı minalanmış sahələri təmizləməyə göndərmək lazımdır ki, toplantıya dəvət etmədiyi qazi jurnalistlərin hansı təhlükələrdən keçdiyinin cüzi bir hissəsini, heç olmazsa, müharibədən sonra hiss etsin.
Loading...


DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top